Gəncə və Mingəçevir şəhərlərində Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı (İDP) ilə bağlı şagirdlərlə maarifləndirici görüş təşkil olunub.
Gəncə şəhərində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 28 nömrəli məktəbdə keçirilən görüşdə I ixtisas qrupuna sənəd verən 170-ə yaxın abituriyent, Mingəçevir şəhərində 16 nömrəli məktəbdə baş tutan görüşdə isə 100-ə yaxın şagird iştirak edib.
Görüşlər zamanı BMU-İNHA İDP-nin proqram katibi Nurlan Astanov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan BMU-İNHA İDP haqqında abituriyentlərə məlumat verib, proqramın tələbələr üçün yaratdığı geniş imkanlardan bəhs edib. Proqramın tam olaraq dövlət tərəfindən maliyyələşdirilməsini diqqətə çatdıran N.Astanov 3+1 modelinə əsaslanan proqramda tələbələrin 3 akademik ili BMU-da, 1 akademik ili isə Koreya Respublikasının İNHA Universitetində təhsil alacağı vurğulayıb.
BMU-İNHA İDP-nin tələbələrlə iş üzrə mütəxəssisi Nurlanə Abaslı proqrama qəbul qaydaları, ixtisaslar üzrə keçid balları, daxili imtahan şərtləri, müraciət forması haqqında şagirdləri məlumatlandırıb. Proqrama qəbul tarixlərini nəzərə çatdıran N.Abaslı müraciət zamanı lazım olan sənədlər barədə ətraflı çıxış edib.
BMU-İNHA İDP-nin layihə rəhbəri Hyunjin Yang İNHA Universiteti barədə danışaraq ali təhsil ocağının Koreya Respublikasında mühəndislik sahəsində lider ali təhsil ocaqlarından biri olduğunu deyib. Layihə direktoru daha sonra dünyaca məşhur şirkətlərin Koreya Respublikasında yerləşdiyi, həmçinin proqramın tələbələr üçün yaratdığı digər üstünlüklər barədə ətraflı çıxış edib. Diqqətə çatdırılıb ki, tələbələr hər iki universitet tərəfindən sinxronlaşdırılan tədris planı əsasında təhsil alacaq, sonda iki diplom əldə edəcəklər. Tələbələrin Koreya Respublikasında 3 həftəlik yay məktəbində iştirakından, eləcə də magistratura və doktorantura təhsillərini orada təqaüdlə davam etdirmək imkanlarından da ətraflı danışılıb.
Görüşlərdə abituriyentlərə ikili diplom proqram barədə məlumatları özündə əks etdirən bukletlər paylanılıb və İNHA Universitetinin tanıtım videoçarxı nümayiş olunub.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, BMU-İNHA İDP-yə dair onlayn qeydiyyat prosesi davam edir. Qeydiyyat prosesi üçün son tarix 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 17-də açıqlanacaq.
İngilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına İnformasiya texnologiyaları ixtisası üzrə 35, İnşaat mühəndisliyi ixtisası üzrə 25, Elektrik mühəndisliyi ixtisası üzrə 28 və Elektronika mühəndisliyi ixtisası üzrə 35 nəfər olmaqla, ümumilikdə 123 nəfərin qəbulu nəzərdə tutulur (proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür).
İctimaiyyətlə əlaqələr şöbəsi