Emiliya Xəlilova Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) “İnşaat mühəndisliyi” ixtisasının tələbəsidir. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın gənclərin parlaq gələcəyində xüsusi rol oynadığını söyləyir.
“Bu proqramda həm nəzəri, həm praktiki biliklər qazanırıq. Yerli və xarici professor-müəllim heyətindən dərs alırıq. İxtisasımız üzrə uğurlu xarici təcrübəni mükəmməl mənimsəyirik. Bunlar isə o deməkdir ki, müasir əmək bazarının tələblərinə uyğun kadrlar kimi yetişə bilirik” - deyən E.Xəlilova dövlət proqramının gənclərin ümumiyyətlə, hərtərəfli inkişafını təmin etdiyini düşünür.
BMU-İNHA İDP-də təhsil almağın onun hədəflərinə çatmasında güclü təməl yaratdığını vurğulayan gələcəyin inşaat mühəndisi inanır ki, aldığı təhsil sayəsində yaxşı kadr kimi yetişəcək və yüksəkixtisaslı mütəxəssis olaraq ölkəsinə gərəkli töhfələr verəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi