Bakı Mühəndislik Universitetində (BMU) tədrisi İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan 3 həftəlik “Yay məktəbi” başa çatıb. BMU ilə İNHA arasında icra olunan beynəlxalq ikili diplom proqramı çərçivəsində İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə təşkil edilən “Yay məktəbi”nin sonunda iştirakçılar üçün final imtahanı keçirilib.
İmtahanların tam şəffaf və mövcud qaydalara uyğun təşkili məqsədilə lazımi inzibati və texniki tədbirlər ən yüksək səviyyədə həyata keçirilib. İmtahan prosesi BMU-nun rektoru, professor Havar Məmmədov başda olmaqla, BMU-İNHA İDP rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılıb, eyni zamanda tələbələrin biliyinin obyektiv və qərəzsiz qiymətləndirilməsinin təmin olunması üçün imtahanların gedişinə ciddi nəzarət edilib. Yüksək fəallıq şəraitində baş tutan imtahan sessiyası uğurla başa çatıb.
Xatırladaq ki, İNHA Universitetinin 9 nəfər professor-müəllim heyəti (Jaehak Chung, Kwangsub Yoon, Paikkyun Shin, SangBang Choi, Jaehyun Park, Changkyu Lee, Woosug Cho, Savar Abdullaev, Seungwoo Han) tərəfindən sözügedən ixtisaslar üzrə “İKT-ya giriş”, “Siqnallar və Sistemlər”, “Rəqəmsal dövriyyələr”, “Ətraf mühit mühəndisliyi və laboratoriya”, “Ilkin müşahidə və praktika”, “Yaradıcı düşüncə və problem həlli” fənləri tədris olunub.
Qeyd edək ki, BMU ilə İNHA Universiteti arasında mühəndislik ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinə 2020-ci ildən start verilib. Hazırda 2022/2023-cü tədris ili üzrə ikili diplom proqramına qəbul üçün onlayn qeydiyyat prosesi davam etməkdədir. Qeydiyyat prosesinin son tarixi 10 avqust 2022-ci il saat 23:55 müəyyən edilib.
Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.
İctimiayyətlə əlaqələr şöbəsi