Bakı Mühəndislik Universitetinin (BMU) professor-müəllim heyəti üçün Cənubi Koreyanın İNHA Universitetində təşkil olunan təlimlərin növbəti həftəsində “Əməliyyat sistemi”, “3D Display Lab”, “Database” (Verilənlər bazası) mövzuları üzrə mühazirələr dinlənilib. Eyni zamanda iştirakçılar “Verilənlər bazası sistemlərinin əsas anlayışı və komponentləri”, “Verilənlər bazası idarəetmə sisteminin (DBMS) əsas funksiyaları”, “Məlumat modelləri, ER modeli və əlaqəli (relational) məlumat modeli”, “Verilənlər bazası dizayn nəzəriyyəsi və verilənlər bazası dizayn alətləri”, “Verilənlər bazasının real tətbiqi üçün konseptual dizayn və məntiqi dizayn” və s. istiqamətlər üzrə nəzəri biliklərlə məlumatlandırılblar.
Təlimdə təcrübə imkanlarının genişləndirilməsi məqsədilə praktiki laboratoriya, o cümlədən tələbələrin işlədiyi mühit, qurğular və başqa avadanlıqlarla tanışlıq təşkil olunub. Burada VR (Virtual reallıq), AR (Artırılmış reallıq) və MR (Qarışıq reallıq) haqqında informasiyalar əyani formada nümayiş olunub.
BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində baş tutan təlimlərdə universitetin İnformasiya texnologiyaları ixtisasının 7 nəfərdən ibarət professor-müəllim heyəti iştirak edir.
BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının əsas müddəalarından birini təşkil edən 6 həftəlik təlimlərin avqustun 19-da yekunlaşması nəzərdə tutulur. Məqsəd bu müddət ərzində qarşılıqlı təcrübə mübadiləsi yolu ilə professor-müəllim heyəti üçün xüsusi təhsil proqramını təmin etmək, həmçinin onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə nail olmaqdır.
İctimaiyyətlə əlaqələr şöbəsi