BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramına sənəd qəbulu başlayır

21 May 2021
BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında ikili diplom proqramına sənəd qəbulu başlayır

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İnha Universiteti arasında icrasına ötən tədris ilində start verilən beynəlxalq ikili diplom proqramına 2021/2022-ci tədris ili üzrə sənəd qəbulu başlayır.

Beynəlxalq ikili diplom proqramına qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavr) nəticələri və İnha Universitetinin seçimi əsasında aparılır.

İngilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına

-         İnformasiya texnologiyaları (keçid balı - 400),

-         İnşaat mühəndisliyi (keçid balı - 350),

-         Elektronika mühəndisliyi (keçid balı - 350),

-         Elektrik mühəndisliyi (keçid balı - 350)

ixtisasları daxildir. Qeyd olunan ixtisaslara hər bir ixtisas üzrə 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur.

Proqramda DİM-in təşkil etdiyi imtahanda hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid bal toplayan, Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər iştirak edə bilər. BMU ilə İnha Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən və qəbul olan abituriyentlər ikili diplom proqramı çərçivəsində qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət sifarişi əsasında təhsil ala biləcəklər.

Təhsilalanların

-         təhsil haqqı,

-         qeydiyyat xərci,

-         tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri,

-         Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində qarşılanır.

Proqram 3+1 modeli əsasında qurulub. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili (sonuncu kursu) isə İnha Universitetində təhsil alacaqlar. Bundan əlavə bakalavriat səviyyəsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanına malik olacaqlar. 

Tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün Koreya dili dərsləri tədris olunacaq və onlar müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. Tələbələrə təhsil müddətinin sonunda təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İnha Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək.

Proqram məzunlarının əldə etdiyi bilik və bacarıqlar adları çəkilən ixtisaslar üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsini əhatə edəcək.

İkili diplom proqramı haqqında daha ətraflı məlumatı, həmçinin müraciət forması və digər zəruri  informasiyaları aşağıdakı link vasitəsilə əldə etmək mümkündür: https://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər