Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. BMU-nun rektoru, professor Havar Məmmədov nəzərə çatdırıb ki, son iki gündə İnha Universitetinin Qlobal təhsil layihə qrupunun dekanı, professor Kiyon Çöhün başçılıq etdiyi nümayəndə heyəti ilə geniş müzakirələr aparılıb. Müzakirələrdə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli də yaxından iştirak edib. Rektor Azərbaycanla Koreya arasında bir çox sahələrdə, o cümlədən təhsil sahəsində faydalı əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. BMU-nun beynəlxalq əlaqələrinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan H.Məmmədov dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq məsələlərindən bəhs edib, eyni zamanda İnha Universiteti ilə birgə əməkdaşlığın vacibliyini önə çəkib. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “2019-2023-cü illər üzrə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq olunduğunu vurğulayan H.Məmmədov sənəddə ikili diplom proqramlarının təsis edilməsi məsələsinə xüsusi yer ayrıldığını nəzərə çatdırıb. Rektor, İnha Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsinin hər iki universitetdə təhsilin inkişafına əlavə töhfələr verəcəyini bildirib.
Kiyon Çöh və nümayəndə heyətinin digər üzvləri təmsil etdikləri universitet, uyğun fakültə və kafedraların fəaliyyəti haqqında geniş informasiyanı bölüşüblər. Bildirilib ki, universitet mühəndislik, biznes inzibatçılığı, tibb, sosial elmlər sahəsində Cənubi Koreyanın lider universitetlərindən biridir. İnha Universiteti müxtəlif tədqiqatlar aparan, dünyanın bir çox nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələri olan və 20 mindən çox tələbəyə malik ali təhsil ocağıdır. İkili diplom proqramı sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayan qonaqlar BMU-nun fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar, burada yaradılan müasir maddi-texniki baza, laboratoriyalarla tanış olduqlarını, təəssüratlarının müsbət olduğunu ifadə ediblər .
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üzrə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında məlumat verib. O, sənəddə iki əsas istiqamətin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Birinci istiqamətin ölkə vətəndaşları üçün xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi olduğunu deyən şöbə müdiri Azərbaycan tələbələrinin dünyanın prestijli universitetlərinə qəbul olunduqdan sonra bu proqrama müraciət edə biləcəklərini deyib. O, digər mühüm istiqamətin ikili diplom proqramlarının təsis edilməsi olduğunu bildirib və bununla bağlı nəzərdə tutulan işləri diqqətə çatdırıb. Nazirlik rəsmisi mühəndislik sahəsində Azərbaycanın ən aparıcı universitetlərindən biri olan BMU ilə İnha Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsini təqdirəlayiq olduğunu və bu proqramın uğurlu alınacağına inamını ifadə edib. N.Məmmədli ikili diplom proqramının qaydalarından da bəhs edib, həmçinin professor-müəllim heyətinin mübadiləsi məsələsinə toxunub.
Daha sonra BMU ilə İnha Universiteti arasında anlaşma memorandumu imzalanıb, eyni zamanda iki universitet arasında müəllim-tələbə mübadiləsi, birgə həyata keçiriləcək layihələrlə bağlı suallar cavablandırılıb. Bildirilib ki, tərəflər gələcəkdə İnformasiya texnologiyaları, Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, İnşaat mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramını həyata keçirməyi nəzərdə tuturlar. Ümumilikdə, memorandum iki universitetin tələbələri üçün beynəlxalq təhsil imkanlarını, fakültə və işçilər üçün peşəkar inkişaf, eləcə də tədqiqat imkanlarını artıracaq, qurumlararası əlaqənin daha da inkişafını təmin edəcək. Sənədə uyğun olaraq tərəflər tələbə, müəllim heyəti, elmi materialların mübadiləsini, ikili diplom proqramı kimi ortaq təhsil layihələrini həyata keçirəcəklər.
İctimaiyyətlə əlaqələr şöbəsi