Bakı Mühəndislik Universitetinin (BMU) 16 nəfərdən ibarət professor-müəllim heyəti üçün Koreya Respublikasının İnçon şəhərində təşkil olunmuş təlimlər davam edir.
Təlim proqramının üçüncü həftəsi ərzində Elektrik mühəndisliyi istiqamətinə uyğun olaraq, İNHA Universitetinin professoru Tae In Kim tərəfindən “Nano elektron cihazları” fənni üzrə təlimlər keçirilib.
Təlimdə nanoelektronika, elektron cihazlarının yaranma tarixi, tranzistorlar və hazırlanması texnologiyası, inteqral dövrələr və yarımkeçirici cihazların hazırlanması və s. haqda məlumat verilib. Həmçinin, almazın strukturu və atomun quruluşu, elektronun konfiqurasiyası, fəzada sərbəst elektronlar, Pauli paylanma prinsipi və s. mövzulara toxunulub.
Professor Yeun Chul Park tərəfindən aparılan seminarlarda isə əsasən süni intellekt, neyrol şəbəkəsi haqqında geniş məlumatlar verilib, proqramlar vasitəsilə beton konstruksiyalarda əmələ gəlmiş kiçik və böyük ölçülü çatların aşkar olunması və qarşısının alınması məsələləri auditoriyanın nəzərinə çatdırılıb.
“Daewoo” İnşaat Texnologiyaları İnstitutuna da səfər edən təlim iştirakçıları külək tunel laboratoriyası, geotexniki laboratoriya, akustika laboratoriyaları, irimiqyaslı struktur laboratoriyaları və onların iş prinsipləri ilə tanış olublar. Eyni zamanda Hyundai İnşaat Təhlükəsizliyi Mədəniyyəti Təcrübə Mərkəzində onlara əməyin mühafizəsi ilə bağlı müxtəlif avadanlıqlar nümayiş etdirilib. Coğrafi İnformasiya İnstitutunda isə müxtəlif naviqasiya avadanlıqları, laboratoriyalar və onların iş prinsipləri ilə tanışlıq baş tutub.
Qeyd edək ki, hazırda Koreyanın İnçon şəhərində gerçəkəlşdirilən təlimlər BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının əsas komponentlərindən biridir. Cari ildə proqramın iki istiqaməti üzrə təşkil olunan təlimlərin avqustun 18-də yekunlaşması nəzərdə tutulur.
Ictimaiyyətlə əlaqələr şöbəsi