Bakı Mühəndislik Universitetində 2023-2024-cü tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin rektoru Yaqub Piriyev tələbə adını qazanan şəxslərə ən səmimi təbriklərini çatdırıb, onların bu ali təhsil ocağını seçməkdə yanılmadıqlarını, burada yüksək ixtisaslı kadr kimi formalaşacaqlarını qeyd edib.
Azərbaycan Prezidentinin 13 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə BMU-nun rektoru vəzifəsinə təyin edildiyini xatırladan Yaqub Piriyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini vurğulayıb.
BMU-nun ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, fundamental və tətbiqi elmi tədqiqatlar aparan gənc ali təhsil müəssisəsi olduğunu deyən rektor bu il universitetin bakalavr pilləsinə 30 ixtisas üzrə qəbul həyata keçirildiyini, qəbul planının 90 faizə yaxınının dolduğunu, tələbələrin 134 nəfərinin 500-600 arası bal, 42 nəfərinin isə 600-dən yuxarı bal topladığını bildirib. Rektor qeyd edib ki, magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planı isə 95 faiz dolub.
BMU-ya qəbul olan tələbələrdən 70 faizə yaxınının dövlət sifarişi əsasında təhsil alacağını vurğulayan Yaqub Piriyev ölkə üzrə bu yerlərin artırılması yönündə aparılan işlərə toxunub. Rektor son 5 ildə ali təhsil pilləsi üzrə belə yerlərin 2,5 dəfə artdığını, bu il dövlət hesabına təhsil alan tələbələrin sayının 50 faizdən çox olacağını diqqətə çatdırıb.
BMU ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında mühəndislik ixtisasları (İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi) üzrə ikili diplom proqramından söhbət açan Yaqub Piriyev cari tədris ilində qəbul planının 100% dolduğunu, yeni qəbul olunanların 64,2%-nin 500 baldan çox nəticə göstərdiyini deyib. Hazırda 61 tələbənin bu proqram çərçivəsində sonuncu kursu İNHA Universitetində təhsil aldığını da nəzərə çatdıran rektor iki universitet arasında gerçəkləşdiriləcək tədbirlərdən bəhs edib.
Rektor universitetin maddi-texniki bazasının gücləndirilməsi, eyni zamanda tələbələrin keyfiyyətli təhsil almaları, onların əmək bazarında özlərinə iş tapmaları üçün görüləcək işlərdən danışıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan böyük quruculuq işlərini vurğulayan Yaqub Piriyev azad olunmuş torpaqlarda aparılan işlərdə mühəndislik ixtisasları üzrə yüksək ixtisaslı kadrlara ehtiyac duyulduğunu, BMU məzunlarının bu prosesin aktiv iştirakçısı olacaqlarına inandığını söyləyib.
Abşeron rayon İcra Hakimiyyətinin başcısı Abdin Fərzəliyev “Bilik günü” münasibəti ilə universitetin müəllim və tələbə heyətini təbrik edib. Ölkəmizdə təhsil sahəsində davam etdirilən islahatlardan danışan icra başçısı Prezident cənab İlham Əliyevin iştirakı ilə cari ilin sentyabrın 12-si tarixində 2 min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışının olduğunu xatırladıb, bütövlükdə rayonda təhsil sahəsində görülən işlər və yeni tikilən təhsil ocaqları barədə ətraflı məlumat verib. Abdin Fərzəliyev, eyni zamanda orta təhsil müəssisələrində oxuyan Qarabağ müharibəsi əlili, iştirakçısı və şəhid ailələrinin övladlarına göstərilən diqqət və qayğıdan bəhs edib.
Tədbirdə millət vəkili Ceyhun Məmmədov, AMEA-nın birinci vitse-prezidenti Arif Həşımov çıxış edərək gənclərə təbriklərini çatdırıblar, onlara bilikli, Vətənə layiq vətəndaş kimi yetişməsi üçün tövsiyələrini veriblər. Çıxışlarda təhsil sahəsində aparılan islahatlara və həyata keçirilən dövlət proqramlarına toxunulub.
Daha sonra bu il ən yüksək nəticə göstərərək 675.1 balla BMU-nun Elektrik və elektronika mühəndisliyi ixtisasına (tədris ingilis dilində) qəbul olan Hakim Musazadə və valideynlər adından Ziyafət Musayeva çıxış edərək sevinc hisslərini və ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonda yüksək bal toplayaraq BMU-ya qəbul olan tələbələrə hədiyyələr təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi