Bakı Mühəndislik Universitetində (BMU) İNHA Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramı çərçivəsində təşkil olunan 3 həftəlik “Yay məktəbi”ndə iştirak üçün Koreya Respublikasına yola düşəcək 122 nəfərdən ibarət tələbə heyəti ilə görüş keçirilib.
BMU rektoru Yaqub Piriyev tələbələri salamlayaraq, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən dünyanın aparıcı universitetləri ilə birgə icra olunan beynəlxalq ikili diplom proqramlarının ölkəmizin kadr potensialının daha da gücləndirilməsi baxımından rolunu vurğulayıb. Eyni zamanda bu proqramlar sırasında yer alan BMU-İNHA ikili diplom proqramının tələbələrə qazandırdığı üstünlüklər barədə ətraflı danışıb.
Rektor çıxışında tələbələrin texniki sahədə bilik və bacarıqlar qazanmaları, yaxşı mütəxəssis kimi yetişmələri, həmçinin Koreya dilini daha yaxşı mənimsəmələri baxımından “Yay məktəbi”nin əhəmiyyətinə toxunub. 3 həftəlik müddətin həm İNHA Universitetinin tədris imkanları, həm də Koreyanın tarixi, mədəni dəyərləri ilə tanışlıq üçün yaxşı fürsət olduğunu fikirlərinə əlavə edib. Koreyaya tədris üçün getməyin habelə Azərbaycanı təmsilçilik mahiyyəti daşıdığını vurğulayan ali təhsil müəssisəsinin rəhbəri tələbələrə öz nümunəvi davranışları, tədrisə intizamlı yanaşmaları ilə ölkəmizin adını uca tutmağı, onu layiqincə tanıtmağı tövsiyə edib.
Yaqub Piriyev ikili diplom proqramı üzrə təhsil alan tələbələrin əldə etdikləri savad və təcrübə ilə gələcəkdə Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcəklərinə inandığını söyləyib və onlara uğurlar arzulayıb.
BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli Koreyaya yollanan tələbələrə gərəkli olan bütün məlumatları çatdırıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.
İkili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang isə İNHA Universiteti və digər məsələlər haqqında tələbələrə məlumat verib.
Çıxışlar zamanı qeyd edilib ki, 29 iyul - 16 avqust tarixlərini əhatə edəcək “Yay məktəbi”nin təşkili BMU ilə İNHA arasında icra olunan beynəlxalq ikili diplom proqramının əsas istiqamətlərindən biridir və tələbələrin “Yay məktəbi”ndə iştirak xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.
Görüş “Yay məktəbi”ndə tələbələrə rəhbərlik edəcək müəllimlərin təlimatlandırma xarakterli çıxışları ilə başa çatıb.
İctimaiyyətlə əlaqələr şöbəsi