Bakı Mühəndislik Universitetində (BMU) Xırdalan Kral Seconq İnstitutunun rəsmi açılış mərasimi keçirilib.
BMU-İNHA ikili diplom proqramının idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang adıçəkilən İnstitutun yaranma tarixi haqqında təqdimatla çıxış edib. Bildirib ki, 2020-ci ilin sentyabr ayından fəaliyyətə başlayan İnstitutun mövcud pandemiya səbəbindən rəsmi açılış mərasimi baş tutmayıb. Bölmə rəhbəri İnstitutun yaradılma məqsədinin Koreya dilinin, mədəniyyətinin tədrisi və təbliği, həmçinin müəllimlərin, tələbələrin hərtərəfli inteqrasiya olunmalarına köməklik göstərmək olduğunu vurğulayıb.
Tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU-İNHA Universiteti arasında ikili diplom proqramının həyata keçirildiyini bildirib. 4 ixtisas-İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə kadr hazırlığının həyata keçirildiyini xatırladan rektor proqramın əhəmiyyətindən bəhs edib. İkili diplom proqramlarının tələbələr üçün yaratdığı geniş imkanları diqqətə çatdıran Havar Məmmədov bu istiqamətdə görülən işlərə toxunub.
Havar Məmmədov BMU və Koreyanın İnha Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinin istiqamətlərindən biri kimi universitetdə Kral Seconq İnstitutunun Xırdalan filialının təsis edilməsini yüksək qiymətləndirib, qurumun Koreya dilinin və mədəniyyətinin tədrisində mühüm rol oynayacağını fikirlərinə əlavə edib.
Kral Seconq İnstitutunun rəhbəri, professor Kim Conq Ho açılış mərasimi münasibətilə təbriklərini çatdırıb. Koreya və Azərbaycan arasında dil və mədəniyyət baxımından əməkdaşlığın zəruriliyini diqqətə çatdıran Kim Conq Ho Koreya dili və mədəniyyətinin təbliği məqsədilə təsis edilən qurumun İNHA və BMU arasında əlaqələrin daha da inkişaf edəcəyinə inamını bildirib.
Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Jeon Wann Yeal qeyd edib ki, İnstitutun açılışı Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsinə təsadüf edir. O, institutun açılmasını Koreya dilinin, mədəniyyətinin təbliğinə, həmçinin Azərbaycan-Koreya arasında körpü rolunu oynayacağına töhfə verəcəyini vurğulayıb.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Kral Seconq İnstitutunun dünyanın 80-ə yaxın ölkəsində 200-dən artıq mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Ölkə Prezidentinin Sərəncamı ilə qəbul edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan və bu istiqamətdə görülən intensiv işlərdən danışan N.Məmmədli BMU ilə İNHA arasında icra olunan ikili diplom proqramının mühəndislik sahəsində ən uğurlu layihələrdən biri olduğunu bildirib. Nazirlik rəsmisi proqramın əmək bazarı üçün yüksəkixtisaslı kadrların hazırlanmasında, həmçinin Azərbaycan ali təhsil sisteminin keyfiyyətinin artırılmasında böyük rol oynayacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Xırdalan Kral Seconq İnstitutunun rəsmi fəaliyyətə başlamasını əks etdirən rəmzi lövhənin açılışı olub.
Tədbirdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı rəhbəri, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) Azərbaycandakı rəhbəri və digər Koreya şirkətlərinin təmsilçiləri iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi