Bakı Mühəndislik Universitetində (BMU) tədrisi Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan “Yay məktəbi”ndə növbəti təcrübəyönümlü dərslər təşkil olunub.
BMU ilə İNHA arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı çərçivəsində gerçəkləşdirilən yay tədris prosesi informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisaslarını əhatə edir.
“Yay məktəbi”ndə təcrübəyönümlü növbəti dərs “Elektronika mühəndisliyi” ixtisasının birinci kurs tələbələri üçün professor Deok Hvan Kimin tədris etdiyi “Yaradıcı düşüncə və problem həlli” fənni üzrə təşkil olunub. Tələbələr praktiki olaraq ledləri “arduino breadboard”una düzərək bluetooth vasitəsilə onlayn şəkildə istənilən led-i idarə etməyi öyrəniblər.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında təşkil olunan BMU-İNHA İDP-nin icrasına 2020-ci ildə başlanılıb. Proqram çərşivəsində tədris alan 385 tələbədən bu il ilk dəfə 61 nəfəri məzun olub.
İctimaiyyətlə əlaqələr şöbəsi