Bakı Mühəndislik Universitetində (BMU) 2023/2024-cü tədris ili üzrə “Məzun Günü” keçirilib. Universitetin professor-müəllim heyəti, dövlət rəsmiləri, məzun və valideynlərin qatıldığı buraxılış mərasimi ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru Yaqub Piriyev məzunlara ən səmimi təbriklərini çatdırıb. Rektor bildirib ki, ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğu dövrə təsadüf edən builki “Məzun Günü”ndə ali məktəblə vidalaşan tələbələr həyatlarının növbəti dovrünə məhz qüdrətli, qalib Azərbaycan vətəndaşları kimi qədəm qoyurlar.
BMU-da qazandıqları bilik və bacarıqların məzunlara gələcək karyeralarında, cəmiyyətin ən yüksək pillələrində savadlı, peşəkar kadrlar kimi layiqli yer tutmaqda kömək edəcəyini deyən rektor Prezident cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını və dövlət başçımızın “qara qızılı” insan kapitalına çevirməyi hər kəsin qarşısında məqsəd qoyduğunu qeyd edib. Bu baxımdan hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı tikinti-quruculuq işlərinin getdiyinə diqqət çəkərək, BMU məzunlarının gənc mühəndislər kimi işğaldan azad olunan torpaqlarımızın yenidən qurulmasına öz töhfələrini verəcəklərinə inamını ifadə edib.
BMU-nun yaranma tarixi, daxili və beynəlxalq reytinqlərdə artan nüfuzu, maddi-texniki bazası, müasir laboratoriyaları haqda danışan Yaqub Piriyev builki qəbul planında olan yeniliklər-bakalavr səviyyəsində açılan ixtisaslar, bakalavriat səviyyəsi üzrə qiyabi təhsil formasının tətbiqi və digər yenilikləri universitetin inkişafının bariz göstəricisi adlandırıb. Ali təhsil ocağının rəhbəri bu il universitetdən ümumilikdə 1118 tələbənin məzun olduğunu nəzərə çatdırıb, müvafiq statistik göstəricilərə toxunub.
BMU məzunlarının işlə təminatı məsələsinə də diqqət çəkən rektor son illərdə onların məşğulluğunun 65%-in üzərində olduğunu, 72,5 %-nin öz ixtisası üzrə çalışdığını müsbət göstərici kimi xarakterizə edib. Ötən tədris ilində 1287 bakalavr məzundan 50 faizə yaxınının hazırda Azərbaycanda və müxtəlif xarici ölkələrdə magistratura təhsili almasını, soraqları xarici ölkələrin ən nüfuzlu təhsil müəssisələrindən, qabaqcıl şirkətlərindən gələn məzunların uğurlarının qürurverici olduğunu deyib. Eyni zamanda BMU ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı üzrə yaxın günlərdə ilk dəfə məzun olacaq gənclərin Azərbaycanın inkişafında mühüm rol oynayacağına inandığını söyləyib.
Gənclərə tövsiyələrini çatdıran Yaqub Piriyev onları həyatda hər zaman məqsədyönlü, kreativ düşüncəyə sahib olmağa, seçdikləri peşəyə sədaqətli qalmağa çağırıb, məzun olmaları münasibətilə bir daha təbrik edərək həyatda cansağlığı, karyeralarında uğurlar arzulayıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov həyatlarında yeni bir mərhələ başlayan məzunları təbrik edərək universitetdə aldıqları biliklərin onların qarşısında gözəl perspektivlər açacağını bildirib. Hərb meydanında sinəsini qabağa verən, torpaqlarımızı erməni əsarətindən qurtaran Azərbaycan gəncliyinin bundan sonra dövlətimizin möhkəmlənməsinə öz bilik və bacarığı ilə xidmət etməli olduğunu vurğulayan Sadiq Qurbanov ölkəmizin elmi uğurlarla da qabağa gedəcəyinə, şöhrətlənəcəyinə əminliyini qeyd edib.
Məzunlara ən səmimi ürək sözlərini çatdıran gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bu gün Azərbaycan universitetlərinin dünya reytinqlərində yer tutmasına, yüksəkixtisaslı kadrlar yetişdirməsinə toxunaraq, gənclərin mükəmməl təhsili üçün dövlət səviyyəsində atılan addımları yüksək qiymətləndirib. Bildirib ki, BMU-nun da maddi-texniki bazası, müasir laboratoriyaları, savadlı professor-müəllim heyəti səriştəli, bacarıqlı kadr yetişdirməyə imkan verir və məzunlar gələcək karyeralarında bunun real nəticəsini görə biləcəklər. Gəncləri Azərbaycanın ən şərəfli tarixinin, möhtəşəm Qələbəsinin müasirləri adlandıran Fərhad Hacıyev illərdir təhsil müəssisələrində aparılan vətənpərvərlik təbliğatının verdiyi gözəl nəticənin azad Qarabağ olduğuna toxunub, gənclərlə qürur duyduğunu söyləyib.
Tədbirdə çıxış edən millət vəkili İltizam Yusifov da məzunlara ürək sözlərini çatdırıb, qarşıdakı mərhələnin karyera olduğunu vurğulayaraq, yüksəkixtisaslı kadrlar yetişdirən BMU məzunlarının öz ixtisaslarında bacarıqlı mütəxəssislər olacağına inandığını deyib, məzunlara bol şans diləyib.
Sonra 2023-2024-cü tədris ilinin bakalavr, həmçinin magistratura səviyyəsi üzrə fakültə və ixtisas birinciləri, eləcə də universitet birincisi mükafatlandırılıb.
“Kompüter mühəndisliyi” ixtisasından məzun olan universitet birincisi Mais Şabanov tədbirdə çıxış edərək gənclərin müasir və keyfiyyətli təhsil almaq imkanlarının genişləndirilməsi, ali təhsilin əhəmiyyətli inkişafına xüsusi diqqət ayırdığı üçün ölkə rəhbərliyinə, eyni zamanda yüksək bilik qazanmasında rolu olan müəllim və valideynlərinə təşəkkürünü bildirib.
Tədbir məzunların ənənəvi “papaq atma” mərasimi və Xalq artisti Samir Cəfərov, Azərbaycanı 56-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən, yarışmanın qalibi Nigar Camal, müğənni Mərdan Kazımovun ifaları, həmçinin universitetin özfəaliyyət kollektivinin hazırladığı bədii proqramla davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi