BMU-da Norm Sement zavodunun əməkdaşları ilə görüş keçirilib

21 Aprel 2022
BMU-da Norm Sement zavodunun əməkdaşları ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlər əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə Norm Sement zavodunun əməkdaşları ilə görüş keçirilib.

Norm şirkətinin İnsan resursları və administrativ işlər üzrə nəzarətçisi Fuad Qəmbərov qurumun sənaye sahəsində layihələr həyata keçirmək məqsədilə yaradıldığını və əsas missiyanın Azərbaycanda tikinti materialları istehsalçısı, həmçinin xidmət göstəricisi kimi güclü, təhlükəsiz, ekoloji cəhətdən zərərsiz binaların inşa edilməsinə və tikilməsinə yardım etmək olduğunu bildirib. Şirkətin perspektiv istiqamətlərindən söz açan qurum rəsmisi BMU ilə ikitərəfli əməkdaşlıq çərçivəsində nəzəri və praktiki təcrübə mübadiləsində maraqlı olduqlarını qeyd edib.

BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov ali təhsil ocağının fəaliyyət istiqamətləri, müasir maddi-texniki bazası, həmçinin Texnopark haqqında ətraflı məlumat verib. Prorektor “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsində, eyni zamanda Təhsil Nazirliyinin gerçəkləşdirdiyi innovativ layihələrdə BMU tələbələrinin aktiv iştirakından bəhs edib.

E.Süleymanov İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə BMU və Cənubi Koreyanın İNHA Universitetinin birgə icra etdiyi ikili diplom proqramı barədə zəruri informasiyaları diqqətə çatdırıb. Çıxışının sonunda prorektor qarşılıqlı əməkdaşlığın faydalı olacağına əminliyini ifadə edib.

Şirkətin İnsan resursları və administrativ işlər üzrə baş mütəxəssisi Tamerlan Ələkbərli şirkətin sement və beton istehsalı sahələrində yüksək beynəlxalq nüfuza sahib olan şirkət və təşkilatlarla əməkdaşlıq etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Norm Sement Cənubi Qafqaz regionunda API (American Petroleum Institute) sertifikatını əldə edən ilk sement zavodudur.

Görüşdə tələbələrin şirkətin mütəxəssisləri tərəfindən müvafiq sahələr üzrə təlim və tədris almaq imkanları, bilikli kadrların mübadiləsi, birgə tədqiqat layihələri, tələbələrə birgə tədris və ya mentorluq proqramlarının təşkili, eyni zamanda digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər