BMU-da “Məzun günü” təntənəli şəkildə qeyd olunub

22 İyun 2022
BMU-da “Məzun günü” təntənəli şəkildə qeyd olunub

Bakı Mühəndislik Universitetində (BMU) 2021/2022-ci tədris ili üzrə “Məzun günü” keçirilib. BMU-nun professor-müəllim heyəti, dövlət rəsmiləri, məzun və valideynlərin qatıldığı buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.          

Tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov bu əlamətdar gün münasibətilə məzunlara təbriklərini çatdıraraq, onların məzun olduğu dövrün müstəqilliyimizin bərpasının 30 illiyi, eyni zamanda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində qazandığı şanlı Qələbədən sonrakı şərəfli və tarixi bir zamana təsadüf etdiyini önə çəkib. Bu baxımdan, indiki gəncliyin xoşbəxt və qürurlu olduğunu deyən, həmçinin gənc nəslin Vətən müharibəsindəki qəhrəmanlıqlarını vurğulayan rektor bildirib ki, qalib Azərbaycanın gənc kadrlarının bacarıqlı, dövrün çağırışları ilə ayaqlaşan mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacağı, öz fəaliyyətlərində dövlətçilik prinsiplərini əsas tutacaqları şübhəsizdir.

Şanlı qələbədən sonra Qarabağda geniş vüsət alan abadlıq-quruculuq işlərinin uğurla həyata keçirilməsində gənc mühəndislərin üzərinə böyük məsuliyyət düşdüyünü deyən rektor BMU-dan məzun olan bütün ixtisaslar üzrə savadlı kadrların da bu tarixi missiyada yaxından iştirak etməklə, ümummilli prosesə töhfə verəcəklərinə ümidvar olduğunu nəzərə çatdırıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil sisteminin inkişafına, o cümlədən gənclərin ali təhsillərinin davam etdirməsinə hər cür dəstək və qayğı göstərildiyini söyləyən rektor BMU-nun öz fəaliyyətini qarşıda qoyulan tələblər və müasir çağırışlar əsasında qurduğunu dilə gətirib. Rəqabətqabiliyyətli əmək bazarının tələblərinə uyğun mütəxəssis və kadr hazırlığının aparılması üçün universitetdə yaradılan şəraitdən danışan rektor BMU-da tədris prosesinin keyfiyyətinin artırıması istiqamətində görülən davamlı işlərə diqqət çəkib. Havar Məmmədov qeyd edib ki, universitetdə 4 fakültə, 21 kafedra fəaliyyət göstərir. Ötən 5 ildə tədris olunan ixtisasların sayının əhəmiyyətli şəkildə artdığını, hazırda 30 ixtisas üzrə bakalavr təhsili, 18 ixtisas və 23 ixtisaslaşma üzrə magistr hazırlığının aparıldığını, ali təhsil ocağının məzunlarının işlə təminatı göztəricisinin yüksək olduğunu vurğulayan rektor əlavə edib ki, universitetdə keyfiyyətli, texnologiya əsrinin tələblərinə uyğun peşəkar kadr hazırlığı üçün hər bir imkan mövcuddur və maddi-texniki bazanın daha da gücləndirilməsi istiqamətdə müvafiq addımlar atılmaqdadır. Artıq iki ildir, BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında bakalavriat səviyyəsində 4 ixtisas üzrə ikili diplom proqramının həyata keçirildiyini xatırladan rektor dövlət vəsaiti hesabına təmin olunan proqramın Azərbaycanın gənc mühəndis kadrlarla təmin olunması üçün böyük imkanlar açdığını ifadə edib.

Statistik göstəriciləri diqqətə çatdıran rektor 2021/2022-ci tədris ilində BMU-dan 1076  tələbənin məzun olduğunu, onlardan 905 nəfərin bakalavriat, 171 nəfərin isə magistratura səviyyəsi üzrə universiteti bitirdiyini qeyd edib. Bildirib ki, bakalavriat səviyyəsi üzrə 53, magistratura səviyyəsi üzrə isə 16 tələbə təhsilini fərqlənmə ilə başa vurur. Eyni zamanda BMU-da 21 fərqli ölkədən 83 əcnəbi tələbə təhsil alır və onlardan 12 nəfəri bakalavriat, 3 nəfəri magistratura səviyyəsi üzrə məzun olur.

Çıxışının sonunda məzun adını qazanmış bütün tələbələri bir daha ürəkdən təbrik edən, onların hər birinə gələcək fəaliyyətlərində, şəxsi həyatlarında böyük nailiyyətlər diləyən rektor vətənpərvər ruhda tərbiyə olunmuş gəncliyin Azərbaycanın inkişafında önəmli rol alacağına əmin olduğunu vurğulayıb.

Təhsil nazirinin müavini Muxtar Məmmədov bütün məzunların, o cümlədən BMU məzunlarının həyatlarında yeni mərhələnin başlanğıcına qədəm qoyduqlarını bildirib. Bunu keyfiyyətcə daha üstün və məsuliyyətli bir mərhələ kimi xarakterizə edən və ölkənin, cəmiyyətin bütün məzunlardan böyük gözləntilərinin olduğunu vurğulayan nazir müavini bilik və bacarıqlarını təkmilləşdirən gələcək kadrların üzərlərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələcəklərinə inandığını bildirib. Xüsusilə 21-ci əsrdə sürətlə gedən texnoloji yeniliklər fonunda bütün dünyada mühəndislərin üzərinə ciddi öhdəliklərin düşdüyünü fikirlərinə əlavə edən nazir müavini növbəti illərdə gənc kadrların ölkə iqtisadiyyatına töhfə verəcəyinə, məzunların arasından yeni texnoloji layihələrin müəlliflərinin çıxacağına böyük ümidlərin olmasına diqqət çəkib. Ölkəmizin əsas problemlərindən olan Qarabağ münaqişəsinin arxada qaldığını, torpaqlarmızın işğaldan azad edildiyini vurğulayan Muxtar Məmmədov bundan sonrakı mərhələdə bu müqəddəs torpaqların dirçəldilməsi, Azərbaycanın dünya sistemində öz layiqli yerini tutması baxımından gənclərin hər biriniin xüsusi rolunun, missiyasının olduğunu  bildirib.

Təxminən 1 ay öncə Bakıda ilk dəfə olaraq, “TEKNOFEST Azərbaycan”  Aerokosmik və texnologiya festivalının keçirildiyini, hər birimizin orada nümayiş olunan layihələri qürurla izlədiyimizi qeyd edən nazir müavini gənclərimizin bu sərgidən ilhamlanaraq texnoloji yeniliklərə imza atacaqlarına böyük əminliyin olduğunu dilə gətirib.

Muxtar Məmmədov qeyd edib ki, BMU gənc təhsil müəssisəsi olmasına baxmayaraq, artıq kifayət sayda məzunları və təhsil sistemində öz xüsusi rolu olan ali təhsil ocağıdır. Belə ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 4 ixtisas üzrə ikili diplom proqramlarından biri məhz bu ali təhsil müəssisəsində həyata keçirilməkdədir. Növbəti illərdə gənclərin bu proqramları başa vuraraq, ölkə iqtisadiyyatının inkişafında fəal rol oynayacaqlarını deyən nazir müavini niqtinin sonunda bütün məzunlara uğur diləyib, onları fərdi, peşəkar inkişaflarında danılmaz rolu olan müəllimlərini unutmamağa və doğma universitetləri ilə əlaqələri kəsməməyə çağırıb.

Daha sonra çıxış edən Milli Aerokosmik Agentliyinin (MAA) baş direktoru,  Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor Natiq Cavadov BMU ilə MAA arasında qurulan əməkdaşlıq çərçivəsində məzunların məhz təmsil etdiyi qurumda işlə təmin edilməsini dəstəklədiklərini nəzərə çatdırıb və məzunlara uğurlar arzulayıb.

Millət vəkili İlham Məmmədov ölkəmizdə gəncliyin inkişafı üçün hərtərəfli şərait yaradıldığını dilə gətirib, IV sənaye inqilabının qlobal səviyyədə ortaya qoyduğu müasir çağırışlarda məzunların və ali təhsil ocaqlarının üzərinə düşən məsuliyyətdən danışıb.  

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil sisteminin inkişaf strategiyasının bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu aspektdə gənclərin dövlət proqramları çərçivəsində xarici ölkələrdə rəqabətqabiliyyətli kadrlar kimi formalaşması üçün hər cür dəstəyin verildiyini bildirib. 

Çıxışlardan sonra 2021-2022-ci tədris ili məzunlarından ixtisas, fakültə və magistratura birinciləri, o cümlədən universitet birincisi - İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu Şahnaz Hüseynova müxtəlif hədiyyə və fəxri fərmanlarla mükafatlandırılıb. Mükafatları məzunlara BMU rektoru Havar Məmmədov, təhsil nazirinin müavini Muxtar Məmmədov, MAA-nın baş direktoru Natiq Cavadov, millət vəkili İlham Məmmədov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri  Bəxtiyar Əsgərov və Abşeron rayon İcra Hakimiyyətinin Başçısının müavini Gülnar Rəhimova təqdim ediblər.

Universitet birincisi Ş.Hüseynova çxış edərək onun üzərində əməyi olan müəllimlərinə, universitet rəhbərliyinə təşəkkürünü bildirib və gələcək planlarından danışıb.

Məzunların ənənəvi “papaqatma” mərasiminin ardınca  tədbir bədii proqramla davam edib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər