Bakı Mühəndislik Universitetində (BMU) “Məzun günü” keçirilib. Mövcud pandemiya qaydaları nəzərə alınaraq təşkil olunan tədbirə ümumilikdə 100 nəfər olmaqla ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan məzunlar, professor-müəllim heyəti və dövlət rəsmiləri qatılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Zəfərdən ətraflı bəhs edib, builki məzun gününün çox əlamətdar ilə təsadüf etdiyini diqqətə çatdırıb. Rektor işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin həyata keçirilməsində BMU məzunlarının aktiv iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.
Havar Məmmədov universitetin yaranma tarixindən danışıb, BMU-nun güclü maddi-texniki bazası, elektron sistemi haqqında məlumat verib və universitetdə əksəriyyəti mühəndislik olan yeni ixtisaslar açıldığını sözlərinə əlavə edib. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, tədrisin distant formada təşkil edildiyini bildirən rektor şəraitdən asılı olmayaraq keyfiyyətli kadr hazırlığı üçün BMU-da hər bir imkanın mövcudluğunu vurğulayıb.
Universitetin beynəlxalq əlaqələrindən söz açan rektor ötən tədris ilindən etibarən BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında bakalavriat səviyyəsində 4 ixtisas üzrə ikili diplom proqramının həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Dövlət vəsaiti hesabına təmin olunan ikili diplom proqramının Azərbaycanın gənc mühəndis kadrlarla təmin olunması üçün böyük imkanlar açdığını bildirib.
Havar Məmmədov 2020/2021-ci tədris ilində BMU-nun bakalavriat səviyyəsini 29 ixtisas üzrə 927 bakalavr, magistratura səviyyəsini isə 17 ixtisaslaşma üzrə 146 magistrantın bitirdiyini qeyd edib.
Çıxışının sonunda Havar Məmmədov əlamətdar və sevincli gün münasibətilə bütün məzunları, onların valideynlərini, eləcə də professor-müəllim heyətini təbrik edib və ən xoş arzularını çatdırıb.
Azərbaycan Respublikası Təhsil nazirinin müavini, BMU-nun Himayəçilər Şurasının sədri İdris İsayev Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi adından məzunları təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Nazir müavini BMU məzunlarının əmək bazarında rəqabətli kadr kimi formalaşmaq imkanlarının daha güclü olduğunu, həmçinin universitetdə əldə edilən bilik və bacarıqlarla onların cəmiyyətin, dövlətin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.
İdris İsayev bildirib ki, dayanıqlı inkişafı təmin etmək üçün yüksək səviyyəli insan kapitalını formalaşdırmaq ən vacib vəzifələrdən biridir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamını xatırladan nazir müavini 5 prioritet istiqamətdən birinin məhz rəqabətli insan kapitalının inkişafı olduğunu diqqətə çatdırıb.
Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində mühüm islahat tədbirlərinin həyata keçirildiyini nəzərə çatdıran İdris İsayev ali təhsil sisteminə əlçatanlığın təmin olunması istiqamətində ciddi addımların atıldığını, dövlət sifarişli yerlərin sayının son 2 ildə təqribən 66%-dən çox artdığını bildirib. Bununla yanaşı, ödənişli təhsil alan tələbələrə də dövlətin dəstək göstərdiyini, xüsusilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənildiyini vurğulayan nazir müavini qeyd edib ki, ölkə başçısının müvafiq tapşırığı əsasında keçən il 20 800 nəfər tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib. Ötən ay cənab Prezidentin müvafiq Fərmanı ilə Təhsil Tələbə Kredit Fondunun yaradılmasını bütün təhsilə, tələbələrə göstərilən yüksək diqqətin nəticəsi olduğunu vurğulayan İdris İsayev bildirib ki, burada əsas hədəf əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Son illər təhsilin keyfiyyətinin artırılması istiqamətində də ciddi işlərin həyata keçirildiyini söyləyən İdris İsayev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan da ətraflı bəhs edib. Sonda nazir müavini məzunları təbrik edərək, onların ölkəmizin gələcəyində aktiv rol alacaqlarına inandığını ifadə edib.
Millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu qeyd edib. İndiki gənclərin xoşbəxt olduqlarını deyən millət vəkili ölkədə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara, təhsil almaq üçün yaradılan əlverişli mühitə toxunub. Vətən müharibəsindən ilk məzunlar olan gəncləri təbrik edən Sadiq Qurbanov onların doğma Qarabağımızdakı quruculuq işlərində yer alacaqlarına inandığını bildirib.
Yeni Azərbaycan Partiyasının (YAP) ölkəmizin inkişafındakı rolundan bəhs edən millət vəkili bugünkü gənclərin sabitlik və əmin-amanlıq mühitində təhsil aldıqlarını nəzərə çatdırıb, bu mühitin yaradılmasında Ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan danışıb.
Komitə sədri bildirib ki, savadlılıq vətənpərvərliklə vəhdət təşkil etdikdə yüksək nəticələr qazanmaq mümkündür və 44 günlük Vətən müharibəsi müddətində bunun şahidi olduq.
YAP Abşeron Rayon Təşkilatının sədri Bilman Vəliyev BMU məzunlarının uğurlarına toxunub. O, universitetin güclü tədris bazasına malik olduğunu və burada laboratoriyaların fəaliyyət göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. B.Vəliyev məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbirdə I Qarabağ müharibəsi veteranı, İkinci Qarabağ müharibəsində xalqımızın qazandığı möhtəşəm qələbənin təmin olunması üçün peşəkar hərbçilərin hazırlanmasında xüsusi rolu olan, polkovnik Yolçu Yolçuyev çıxış edib. O, BMU-da təşkil olunan tədbirdə çıxış etməkdən böyük məmnunluq hissi keçirdiyini dilə gətirib. Polkovnik Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə keçirilən elmi-praktiki konfranslarda BMU tələbələrinin çıxışları və təqdimatları ilə daima fərqləndiyini vurğulayıb. Qeyd edib ki, BMU-nun çox zəngin elmi potensiala sahib professor-müəllim heyəti vardır.
Çıxışlardan sonra 2020/2021-ci tədris ili məzunları mükafatlandırılıb. Mərasimdə həm bakalavr pilləsində, həm də magistratura pilləsində fakültələr üzrə ixtisas birincilərinin adları qeyd edilib və onlar müxtəlif hədiyyələr, Fəxri Fərmanlarla təltif olunublar.
Sonra Tələbə Elmi Cəmiyyətinin sədri, Pedaqoji fakültənin Riyaziyyat və informatika müəllimliyi ixtisası birincisi Vüsalə Şahbazova və universitet birincisi-İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisasının (ingilis bölməsi) məzunu Nəzrin Məmmədova çıxış ediblər.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi Nərmin Adıgözəlova “Xudayar təsnifi” və “Şuşanın dağları” mahnılarını, BMU-nun Memarlıq ixtisası üzrə məzunu Nigar Əsədova isə “Sarı gəlin” rəqsini ifa edib.
İctimaiyyətlə əlaqələr şöbəsi