Bakı Mühəndislik Universitetində (BMU) tədrisi Koreya Respublikası İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan “Yay məktəbi” başa çatıb.
BMU ilə İNHA arasında həyata keçirilən tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı çərçivəsində gerçəkləşdirilən, akademik ilin davamı olan yay tədris prosesi “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisaslarını əhatə edib.
“Yay məktəbi”ndə koreyalı müəllimlər sözügedən ixtisaslar üzrə “İKT-ya giriş”, “Siqnallar və sistemlər”, “Rəqəmsal dövriyyələr”, “Ətraf mühit mühəndisliyi və laboratoriya”, “İlkin müşahidə və praktika”, “Yaradıcı düşüncə və problem həlli”, “Rəqəmsal siqnalların emalı”, “Rəqəmsal sistemlərin layihələndirilməsi”, “Avtomatik idarəetmə”, “Elektron dövrələri-II”, “Genişləndirilmiş struktur analizi”, “Hidrologiya” fənlərini tədris ediblər.
3 həftə davam edən “Yay məktəbi”ndə təcrübəyönümlü dərslər də keçirilib. Bu dərslərdən biri - “Geodeziyanın əsasları və təcrübə” fənni üzrə professor Kvangbae Kim tərəfindən “İnşaat mühəndisliyi” ixtisasının ikinci kurs tələbələri üçün açıq havada təşkil olunub.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında BMU ilə İNHA arasında həyata keçirilən ikili diplom proqramının icrasına 2020-ci ildə başlanılıb. 3+1 modelinə əsaslanan proqram çərçivəsində təhsil alan 385 tələbədən bu il 61 nəfəri məzun olub.
İctimaiyyətlə əlaqələr şöbəsi