Bakı Mühəndislik Universitetində (BMU) tədrisi Koreya Respublikasının İNHA Universitetinin 18 nəfər professor-müəllim heyəti tərəfindən aparılacaq 3 həftəlik “Yay məktəbi”nə start verilib.
BMU ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı çərçivəsində təşkil edilən “Yay məktəbi”ndə İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə dərslər keçiriləcək.
Tədris müddətində koreyalı professor və müəllimlər sözügedən ixtisaslar üzrə “İKT-ya giriş”, “Siqnallar və sistemlər”, “Rəqəmsal dövriyyələr”, “Ətraf mühit mühəndisliyi və laboratoriya”, “İlkin müşahidə və praktika”, “Yaradıcı düşüncə və problem həlli”, “Rəqəmsal siqnalların emalı”, “Rəqəmsal sistemlərin layihələndirilməsi”, “Avtomatik idarəetmə”, “Elektron dövrələri - II”, “Genişləndirilmiş struktur analizi”, “Hidrologiya” fənlərini tədris edəcəklər.
“Yay məktəbi”nin 28 iyul 2023-cü il tarixində başa çatması nəzərdə tutulur.
Qeyd edək ki, BMU ilə İNHA Universiteti arasında mühəndislik ixtisasları üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinə 2020-ci ildən başlanılıb. Hazırda 2023/2024-cü tədris ili üzrə ikili diplom proqramına qəbul üçün onlayn qeydiyyat prosesi davam etməkdədir. Qeydiyyat prosesinin son tarixi 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 17-də elan ediləcək.
Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.
İctimaiyyətlə əlaqələr şöbəsi