Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində fəaliyyət göstərən Xırdalan Kral Seconq İnstitutunun təşkil etdiyi Koreya dili kurslarının növbəti mərhələsinə start verilib.
Koreya dili kursuna qeydiyyat müddəti ərzində 500-dən çox müraciət daxil olub və 7 qrup olmaqla 175 nəfər dərslərdə iştirak etmək hüququ qazanıb.
Dinləyicilər “2020-ci il payız semestri üzrə Xırdalan Kral Seconq Koreya dili kursunu müvəffəqiyyətlə bitirmə” və “İlk qeydiyyatdan keçmə” prinsipinə uyğun olaraq koreyalı təşkilatçılar ilə birlikdə seçiliblər.
Dərslər mövcud pandemiya vəziyyəti nəzərə alınaraq onlayn keçiriləcək və kursun tədris müddəti iyunun 5-nə kimi davam edəcək. Tədris müddətini müvəffəqiyyətlə bitirən tələbələrə Kral Seconq İnstitutu tərəfindən sertifikat veriləcək. Sertifikat dərslərin 70%-dən çoxunda iştirak etmiş və imtahan nəticəsi 60 baldan yüksək olan dinləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, BMU və Koreyanın İnha Universitetinin arasında imzalanan əməkdaşlıq müqaviləsinə uyğun olaraq cari tədris ilindən İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı həyata keçirilir. İkili diplom proqramı üzrə əməkdaşlığın istiqamətlərindən biri kimi Kral Seconq İnstitutunun Xırdalan filialı yaradılıb. Əsas məqsəd tələbələrə, müəllimlərə, məktəb məzunlarına Koreya dilini tədris etməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi