Bakı Mühəndislik Universitetində (BMU) Koreya dili bacarıqlarının qiymətləndirilməsi üzrə ümumrespublika 81-ci TOPIK (Test of Proficiency in Korean) imtahanı keçirilib. İmtahan Cənubi Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və BMU-İNHA ikili diplom proqramının təşəbbüsü ilə baş tutub.
İmtahanın BMU-da keçirilməsinin səbəbi ikili diplom proqramı üzrə 2020 və 2021-ci illərdə 2 qəbulun aparılması (ümumi 161 nəfər), həmçinin TOPIK imtahanında iştirakçılarının yarıdan çoxunun İDP tələbələri təşkil etməsi olub.
TOPIK I və TOPIK II olaraq iki yerə bölünən imtahana ümumrespublika üzrə ümumilikdə 291 nəfər tələbə qatılıb ki, onların 138 nəfərini BMU-İNHA İDP tələbələri təşkil edib.
İmtahanının nəticələri isə Koreyanın Beynəlxalq Təhsil üzrə İnstitutu tərəfindən mayın 20-də elan ediləcək.
Xatırlatmaq yerinə düşər ki, hər il Koreya Beynəlxalq Təhsil İnstitutu tərəfindən Koreya dili bacarıqlarının qiymətləndirilməsi üçün Koreya ilə paralel olaraq dünyanın müxtəlif ölkələrində TOPIK imtahanı keçirilir.
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU ilə Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının əsas şərti tələbələrin Koreya dilini öyrənməsi və TOPIK imtahanından keçməsidir. Proqram çərçivəsində tələbələr IV kursda təhsillərini İNHA Universitetində davam etdirmək üçün proqramın şərti olan Koreya dili üzrə tələb edilən dil səviyyəsini götürməlidirlər. Bu səbəbdən tələbələr ilk semestrdən Koreyada təhsil almış peşəkar müəllimlər tərəfindən dil bacarıqlarına yiyələnir. Eyni zamanda, TOPIK imtahanına hazırlıq məqsədilə tədbirlər həyata keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi