Bakı Mühəndislik Universitetində (BMU) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı fəaliyyətinə və roluna həsr olunan mühazirə təşkli edilib.
KOICA-nın Azərbaycandakı nümayəndəliyinin direktoru Conq Hyun Mun təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirdiyi innovativ layihələr barədə məlumat verib. O, BMU-İNHA ikili diplom proqramı çərçivəsində görülən işlərdən danışıb və bu istiqamətdə əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. Conq Hyun Mun çıxışında KOICA-nın təcrübə və imkanlarından, həyata keçirdiyi layihələrdən bəhs edib, BMU ilə gələcək əməkdaşlıq perspektivləri, eləcə də kadr və təcrübə mübadiləsinin aparılmasının mümkünlüyünü qeyd edib.
Mühazirəyə Xırdalan Seconq İnstitutunun dinləyiciləri, həmçinin BMU-nun müəllim və tələbələri qatılıb. Tədbir iştirakçılarına lotereya nömrələri təqdim edilib və sonda 30 iştirakçının nömrəsi seçilərək qaliblər elan olunub. Qaliblər Koreyaya həsr olunmuş suvenirlərlə mükafatlandırılıb.
Tədbir mühazirə iştirakçılarına Koreya milli mətbəxinin təamlarının təqdim olunması ilə yekunlaşıb.
Qeyd edək ki, KOICA-nın yaradılmasının əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə qrant yardımı və texniki əməkdaşlıq proqramları həyata keçirməklə Koreyanın qrant yardımı proqramlarının rolunun artmasına nail olmaqdır. 1991-ci ildə təsis olunan təşkilatın əsas fəaliyyət sahələri təhsil, səhiyyə, dövlət idarəetməsi, kənd təsərrüfatı və balıqçılıq, sənaye və energetikadır. Qurumun 44 tərəfdaş ölkədə nümayəndəlikləri mövcuddur. Agentliyin ölkəmizdə nümayəndəliyi isə 2009-cu ildən olaraq fəaliyyət göstərir.
İctimaiyyətlə əlaqələr şöbəsi