Bakı Mühəndislik Universitetinin (BMU) 2020/2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə tələbə qəbulu planına daha bir vacib ixtisas əlavə olunub. Qəbul planında təsdiqlənən yeni ixtisaslar sırasında İnformasiya təhlükəsizliyi ixtisası da yer alıb.
BMU-da İnformasiya təhlükəsizliyi ixtisasının keyfiyyətli tədris olunması, eyni zamanda, yüksək ixtisaslı kadrların hazırlanması üçün müasir tələblərə cavab verən maddi-texniki baza, tədris-metodiki imkanlar və elmi-pedaqoji kadrlar vardır. Belə ki, BMU-nun İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi ixtisasında oxuyan tələbələri mötəbər beynəlxalq, eləcə də yerli müsabiqələrdə, layihələrdə uğurlu nəticələr qazanıblar. Bu ixtisaslar üzrə məzunlarımızın iş bazarında yüksək rəğbətlə qarşılanması və yaxşı iş imkanları əldə etmələri onu göstərir ki, BMU-nun informasiya texnologiyaları yönümlü ixtisaslarında tədris yüksək keyfiyyətdə təşkil olunur və güclü kadrlar hazırlanır. Yeni yaranan İnformasiya təhlükəsizliyi ixtisasının əksər fənlərinin İnformasiya texnologiyaları ixtisasının bazasında qurulduğunu nəzərə alsaq əminliklə vurğulamaq olar ki, bu sahədə yüksək ixtisaslı mütəxəssis olmaq istəyən gənclər üçün BMU-da geniş perspektivlər, imkanlar və onları hazırlayacaq kadrlar mövcuddur.
İnformasiya təhlükəsizliyi ixtisası tələbələrə kompüterlərin əməliyyat sistemlərini və kompüter şəbəkələrini qorumağı, eləcə də kiber hücumların qarşısını almaq, insanların məlumatlarını və məxfiliyini qorumağın yollarını öyrədir. Onlara, həmçinin informasiya sistemlərində mütəmadi monitorinqlər etməklə baş verən təhlükəsizlik təhdidlərini necə azaltmağın yolları da göstərilir.
Bu sahənin müasir dünyamızda əhəmiyyəti olduqca böyükdür. Hazırda ən mühüm ixtisaslardan biri hesab edilən İnformasiya təhlükəsizliyi ixtisası kibertəhlükəsizliyin aktuallaşdığı bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. XXI əsrin rəqəmsal əsr olduğu, hakerlər və kiberterrorçuların fərdlər, dövlət qurumları və böyük şirkətləri hədəfə almaq üçün sonsuz imkanlar qazandığı nəzərə alınarsa, bu ixtisasın əhəmiyyəti daha da artır. Məhz buna görə də müasir işəgötürənlər öz qurumlarını kiber hücumlardan qorumaq və təhlükəsizliklərini təmin etmək üçün külli miqdarda vəsait ayırır, informasiya təhlükəsizliyi üzrə ən yaxşı mütəxxəssisləri iş prosesinə cəlb edirlər.
Qeyd edək ki, növbəti tədris ili üçün BMU-nun bakalavr pilləsi üzrə 29 ixtisas üzrə ümumilikdə 1210 plan yeri ayrılıb. Onlardan üçü - İnformasiya təhlükəsizliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) yeni ixtisaslardır. Bundan başqa, İnformasiya texnologiyaları, Elektronika mühəndisliyi (Telekommunikasiya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması, Kompüter mühəndisliyi ixtisaslaşmaları), Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları da bakalavr pilləsində Koreya Respublikasının İnha Universiteti ilə birgə ikili diplom proqramları üzrə dövlət sifarişi əsasında aparılacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi