BMU-da ikili diplom proqramının icrasına başlanılması ilə bağlı hazırlıq işləri müzakirə edilib

19 Avqust 2020
BMU-da ikili diplom proqramının icrasına başlanılması ilə bağlı hazırlıq işləri müzakirə edilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında 2020/2021-ci tədris ilindən bakalavr pilləsi üzrə ikili diplom proqramının icrasına başlanılması ilə əlaqədar hazırlıq işləri müzakirə olunub. Bu məqsədlə BMU-da təşkil olunan toplantıda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, həmin şöbənin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov iştirak ediblər.

BMU-nun rektoru, professor Havar Məmmədov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində tətbiq olunacaq ikili diplom proqramı ilə bağlı həyata keçirilən işləri nəzərə çatdırıb. Bildirilib ki, proqram ilə əlaqədar bütün zəruri hazırlıq işləri görülüb, eyni zamanda bu proqrama müraciət etmək istəyən abituriyentlər üçün elektron anket forması (https://forms.gle/QNJeGEU6GcSoMzk88),  elektron poçt (ddp@beu.edu.az) hazırlanaraq istifadəyə verilib.

Toplantıda ikili diplom proqramının vaxtında icrasına başlanması və tədrisin təşkili, müəllimlərin cəlb olunması, tədris planlarına baxış, məlumatın ictimaiyyətə müxtəlif kanallar vasitəsilə çatdırılması və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

İki universitet arasında əldə edilən razılığa müvafiq olaraq ikili diplom proqramı çərçivəsində 4 ixtisas: İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi üzrə mütəxəssis hazırlığı 3+1 təhsil modeli əsasında həyata keçiriləcək. Belə ki, proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda I ixtisas qrupu üzrə 400 və daha çox bal toplayan abituriyentlər iştirak edə bilər. Bundan əlavə BMU ilə İnha Universitetinin birgə təşkil edəcəyi onlayn müsabiqədən (ingilis dili, riyaziyyat və fizika) uğurla keçən abituriyentlər yuxarıda qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət hesabına təhsil ala biləcəklər.

Abituriyentlər DİM-in təşkil etdiyi imtahanı verib ballarını öyrəndikdən sonra universitetin təşkil etdiyi elektron anketin (https://forms.gle/QNJeGEU6GcSoMzk88) suallarını cavablandırmalı, həmçinin tələb olunan sənədləri göndərməlidirlər. Bununla da onlar müsabiqədə iştirak etmək şansı qazanacaqlar. Müsabiqədən uğurla keçmiş abituriyentlər isə ixtisas kodlaşdırmasına qatıla biləcəklər.

Proqram haqqında daha ətraflı məlumatı http://beu.edu.az/az/page/ikili-diplom-proqrami-185/ linkindən əldə etmək olar. 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər