BMU-da ikili diplom proqramına qəbul olan tələbələrlə görüş keçirilib

21 Aprel 2022
BMU-da ikili diplom proqramına qəbul olan tələbələrlə görüş keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramına 2020/2021-ci tədris ilində qəbul olan tələbələrlə növbəti görüş keçirilib.

BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli ikili diplom proqramı haqqında ümumi məlumat verib. Proqramın üstünlüklərindən ətraflı danışan H.Cəfərli tələbələrin təhsillərinin sonunda 2 diplom əldə edəcəklərini bildirib. 

Proqram çərçivəsində tələbələrin 2-ci kursun sonunda Cənubi Koreyada 3 həftəlik “Yay məktəbi”ndə iştirakından söz açan H.Cəfərli xərclərin (gündəlik, yaşayış, tədris materialları, aviabilet, tibbi sığorta, viza və miqrasiya xidmətləri) Dövlət Proqramı tərəfindən qarşılanacağını diqqətə çatdırıb.

İNHA Universitetinin mühəndislik sahəsində Cənubi Koreyanın lider universitetlərindən biri olduğunu söyləyən Proqramın idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang dil biliklərini möhkəmləndirməklə bağlı tələbələrə öz tövsiyələrini verib.

Sonra çıxış edən BMU-İNHA ikili diplom proqramı üzrə baş mütəxəssis Sevinc İskəndərova proqramın əsas komponentlərindən biri kimi BMU-nun professor-müəllim heyəti üçün İNHA Universitetində təlim keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. O, eyni zamanda, tələbələrin “Yay məktəbi”nə göndərilməsi ilə bağlı zəruri məlumatları onların nəzərinə çatdırıb.

Görüşdə payız semestrinin imtahan sessiyasının statistik nəticələri də elan olunub. 

Tədbir tələbələri maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsinın aparılması ilə yekunlaşıb.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər