BMU-da ikili diplom proqramı üzrə keçirilmiş monitorinqin nəticələri müzakirə olunub

07 Dekabr 2022
BMU-da ikili diplom proqramı üzrə keçirilmiş monitorinqin nəticələri müzakirə olunub

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İNHA Universiteti arasında birgə gerçəkləşdirilən ikili diplom proqramının (İDP) icra vəziyyəti ilə bağlı cari ilin 5-7 dekabr tarixlərində keçirilmiş monitorinqin ilkin nəticələri müzakirə olunub.

Tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə aparılan davamlı işlər, o cümlədən yeni ixtisasların tədrisi, ingilis dilində tədris sisteminin təşkili, tədris prosesinin ən müasir avadanlıqların təchizi yolu ilə biliklərin daha da zənginləşdirilməsi və möhkəmləndirilməsi, tədris bazasının formalaşdırılması və s. barədə məlumat verib. Bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə 2020/2021-ci tədris ilindən İNHA ilə birgə icra olunan İDP-nin əhəmiyyətini xüsusi vurğulayan rektor belə bir mühüm proqramın gənc universitet kimi BMU-ya həvalə olunmasını böyük etimadın göstəricisi kimi qiymətləndirib.

Rektor çıxışında son 3 ildə İDP-nin icrası istiqamətində həyata keçirilən çoxşaxəli işlərə toxunaraq, proqrama qəbulla bağlı müvafiq statistik rəqəmləri diqqətə çatdırıb və göstəricilərin daha da yaxşılaşdığını bildirib.

Sonra Monitorinq komitəsinin sədri, İNHA Universitetinin Elektrik mühəndisliyi fakültəsinin professoru Paik Kyun Shin monitorinqin icra vəziyyəti və məzmunu ilə bağlı rektoru tanış edib. Monitorinq müddətində tələbələrin biliyinin ekvivalentlik qiymətləndirilməsi məqsədilə keçirilən imtahan, proqramın iştirakçıları olan professor-müəllim heyəti və tələbələrlə müsahibələrin təşkilindən söz açan qonaq İDP-nin icrası üzrə ümumi qənaətin nikbin olduğunu deyib, xüsusən tələbələrin proqramın gedişatından, eləcə də Koreyada “Yay məktəbi”nin təşkilindən razı olduqlarını qeyd edib.

İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupunun nümayəndəsi, professor Seungvoo Han monitorinqin ilkin nəticələrinin ətraflı analiz və təhlilləri aparıldıqdan sonra Koreyada hesabat hazırlanacağını və bu sənədin BMU rəhbərliyinə də təqdim olunacağını bildirib.

Tərəflər proqram ilə əlaqədar bir çox məsələləri, o cümlədən Koreya dilinin tədrisi üzrə qrup sayının artırılması, tələbələrin Koreyaya səfərinin təşkili, BMU-da koreyalı mütəxəssilər tərəfindən tədrisin artırılması və s. bu kimi istiqamətləri ətraflı müzakirə ediblər.

Qeyd edək ki, monitorinq İNHA Universitetinin Qlobal Təhsil Layihəsi Qrupunun nümayəndələri tərəfindən İDP üzrə təhsilin cari şərtlərinin yoxlanılması, rast gəlinən problemlərin diaqnostikası, proqramın təkmilləşdirilməsi üçün ideyalar layihəsinin hazırlanması, bununla da təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmaq məqsədilə həyata keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər