BMU-da Elmi Şuranın iclası keçirilib

27 Aprel 2022
BMU-da Elmi Şuranın iclası keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.

BMU-nun rektoru, professor Havar Məmmədov iclas iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, ali təhsil ocağının kollektivinə ən xoş arzularını çatdırıb.

Cari ilin ilk rübünün arxada qaldığını, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə dinamik inkişaf etdiyini vurğulayan rektor təhsil sistemində də islahatların davam etdirildiyini, mühüm nailiyyətlər əldə olunduğunu bildirib.

BMU-nun uğurlarından, tələbələrin respublika səviyyəli müxtəlif yarışlarda əldə etdiyi yüksək göstəricilərdən, eyni zamanda qarşıda duran əsas vəzifələrdən danışan Havar Məmmədov bugünkü iclasda təlim-tərbiyə işinin vəziyyətinin, 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlığın, artıq iki ildir icra olunan BMU-İNHA ikili diplom proqramı üzrə nəticələrin müzakirə olunacağını bildirib.

Sonra Tərbiyə işləri üzrə prorektor Bayram Hüseynzadənin “BMU-da təlim-tərbiyə işinin vəziyyəti. Tələbə gənclər təşkilatları ilə aparılan işlərin təkmilləşdirilməsi”, Tədris işləri üzrə prorektor Həmzağa Orucovun “Yaz semestri imtahan sessiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi üçün tədbirlər”, Beynəlxalq əlaqələr üzrə prorektor Manafəddin Namazovun “İkili diplom proqramları üzrə tədrisin mövcud vəziyyəti və qış imtahan sessiyasının nəticələri” mövzularında hesabatları dinlənilib.

Hesabatlarda tələbələrin maarifləndirilməsi, kreativ və intellektual bacarıqlarının artırılmasından, onların dövlətçilik ideyalarına sadiqlik, hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasından, həmçinin respublikamızın ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə həyata keçirilən tədbirlərdən, tələbə gənclər təşkilatlarının, tələbə klublarının fəaliyyətindən, yaz imtahan sessiyasında qarşıda duran vəzifələrdən, gözlənilən mümkün problemlərdən və onların həlli yollarından, ikili diplom proqramının icra vəziyyətindən və s. ətraflı bəhs olunub.

Daha sonra iclasda Elmi Şura üzvlərinin, tədrislə bağlı müvafiq struktur rəhbərlərinin hesabatlarla, həmçinin gündəlikdə duran müxtəlif məsələlərlə bağlı fikirləri dinlənilib, müvafiq qərarlar qəbul edilib.

İclasa yekun vuran rektor Havar Məmmədov struktur rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər