BMU-da “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar təşkil olunub

24 Fevral 2022
BMU-da “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) “BIM və inşaatda rəqəmsal transformasiya” mövzusunda seminar təşkil olunub. Hibdrid formada gerçəkləşən tədbirə onlayn formada müxtəlif xarici ölkələrdən iştirakçılar da qoşulub.

Seminarda çıxış edən BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov tədbirin aktual mövzuya həsr olunduğunu, müasir dünyada memarlığın İT texnologiyalardan yararlanaraq daha da inkişaf etdiyini vurğulayıb.

E.Süleymanov 30 il düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad edildiyini, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılacaq quruculuq işlərinin həyata keçirilməsində memarların üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.

Bir müddət öncə BMU-nun Dizayn ixtisasının tələbələrinin Qarabağda park layihələri hazırladıqlarını xatırladan prorektor nəzərə çatdırıb ki, tələbələr işğaldan azad olunmuş torpaqlarımızda istədikləri regionu seçərək həmin əraziyə uyğun park layihəsi təqdim ediblər və bu layihə ölkə ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb.

E.Süleymanov tədbirdə müzakirə olunan mövzuların həm müəllimlər, həm də  tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib və seminarın işinə uğurlar arzulayıb.

BMU-nun Memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov Azərbaycanda ilk dəfə bu mövzuda seminar keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, BIM-in layihələndirmə, tikinti və binaların idarə edilməsi proseslərini rəqəmsallaşdıran yeni bir yanaşma olduğunu söyləyib və seminarın memar, eləcə də inşaat mühəndisləri üçün təkan olacağını vurğulayıb. Memarlıq və inşaat fakültəsində tədrisin Azərbaycan və ingilis dillərində aparıldığını qeyd edən A.Əlifov BMU və Koreyanın İnha Universiteti arasında həyata keçirilən ikili Diplom Proqramı çərçivəsində tədris olunan İnşaat mühəndisliyi ixtisasından da söz açıb.

Daha sonra seminar təqdimatlarla davam edib.

Məsud Bəqai Kianın “Lahiyələndirmə və tikintidə rəqəmsallaşdırma”, Rahib Rəfiyevin “Konstruksiya layihələrində BIM-in istifadəsi”, Nikruz Furuzəndənin “Memarlıq layihələrində BIM-in istifadəsi”, Mehmet Eğilmezerin “BIM4Azerbaijan haqqında məlumat, yeni nəsil layihə idarəetmə forması, BIM haqqında qısa məlumat”, Barış Canpolat və Pınar Kabaoğlunun “ISO 19650 beynəlxalq standartlarına uyğun olaraq aktivlərin çatdırılması mərhələsində məlumatların idarəedilməsi ilə bağlı iş axınları və konsepsiyalar”, Tolga Işikyıldızın “Case Study. Londonda davam edən BIM ilə layihə, BIM prosesləri, BIM faydaları və ofis daxili əməliyyatlar zamanı yaranan  problemlər”, Ali Nejatinin “Bim (4d) ilə layihələrin planlaşdırılması və idarə edilməsi”, Nizami Məmmədzadənin “Autodesk inventor” proqramının dizayn ixtisası üzrə başqa 3D proqramları ilə birlikdə inteqrasiyası” mövzularında təqdimatları dinlənilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər