Bakı Mühəndislik Universitetində (BMU) 2022/2023-cü tədris ili üzrə “Məzun günü” keçirilib. Universitetin professor-müəllim heyəti, dövlət rəsmiləri, məzun və valideynlərin qatıldığı buraxılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov əlamətdar gün münasibətlə məzunlara ən səmimi təbriklərini çatdırıb.
Rektor gənclərin ölkəmizin hərtərəfli inkişafında, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yaxından və fəal iştirakının təmin edilməsi, həmçinin gənc kadrlara yüksək etimad göstərilməsi istiqamətində Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük dəstəyi, əməyi və sonsuz xidmətlərindən danışıb. Dövlət siyasətinin prioritet xəttini təşkil edən, ölkənin ümumi inkişafının əsas hərəkətverici qüvvəsi olan elm və təhsil sahəsinin daim diqqət mərkəzində dayandığını, bu sahədə mövcud sürətli, dinamik inkişafı vurğulayan Havar Məmmədov əlavə edib ki, aparılan ardıcıl islahatlar, qəbul olunan müxtəlif dövlət proqramlarının müvəffəqiyyətlə gerçəkləşdirilməsi yüksəkixtisaslı kadr hazırlığını təmin etməklə, sosial-iqtisadi, elmi və mədəni tərəqqiyə böyük töhfələr verir.
Təhsilin sürətli inkişafı fonunda BMU-da keyfiyyətli, dövrün tələblərinə uyğun peşəkar kadr hazırlığı üçün görülən işləri, o cümlədən maddi-texniki bazanın daha da gücləndirilməsi, təhsil proqramlarının təkmilləşdirilməsi və müasirləşdirilməsi yönündə atılan addımları nəzərə çatdıran Havar Məmmədov bildirib ki, ingilis dilində tədrisin üstünlük təşkil etdiyi universitetdə 4 fakültə, 21 kafedrada 37 ixtisas üzrə bakalavr təhsili, 19 ixtisas və 33 ixtisaslaşma üzrə magistr hazırlığı aparılır.
Rektor 2022/2023-cü tədris ilində ali təhsil ocağından 1494 tələbənin məzun olduğunu, onlardan 1250 nəfərin bakalavriat, 244 nəfərin magistratura səviyyəsi üzrə, eyni zamanda bakalavriat pilləsi üzrə 74, magistratura pilləsi üzrə isə 31 tələbənin fərqlənmə ilə təhsilini başa vurduğunu qeyd edib. BMU-da 26 fərqli ölkədən 86 əcnəbi tələbənin təhsil aldığını deyən Havar Məmmədov BMU ilə Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsində 4 ixtisas üzrə ikili diplom proqramının həyata keçirildiyini, proqramın yüksəkixtisaslı kadrların yetişdirilməsi üçün böyük imkanlar açdığını bildirib.
Sonda ən xoş arzularını dilə gətirən Havar Məmmədov BMU məzunlarının dünyanın nüfuzlu ali təhsil müəssisələrindən, ən qabaqcıl, aparıcı şirkətlərindən gələn qürurverici xoş soraqları, uğurlarına da toxunaraq, bu şərəfli missiyanın yeni məzunlar tərəfindən də davam etdirləcəyinə, ali təhsil ocağının adını hər zaman daha da ucaldacaqlarına əminliyini bildirib.
Builki məzun buraxılışının əlamətdar bir tarixə, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf etdiyini önə çəkən Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini, BMU Himayəçilər Şurasının sədri İdris İsayev məzunların bir qisminin elmi istiqamət, digər qisminin isə iqtisadiyyatın müxtəlif sahələrində əmək fəaliyyətinə qoşulacaqlarını deyərək, hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir təhsil strategiyasının uğurlu nəticələrindən danışan, ölkənin təhsil siyasətinin vacib məqamlarını vurğulayan nazir müavini BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində 17 istiqamət üzrə 4-cü yerdə keyfiyyətli təhsilin yer aldığını, eyni zamanda bütün dünyada cəmiyyətin inkişafının təkanverici qüvvəsi sayılan təhsildə bilik, bacarıq və səriştənin öndə gəldiyini qeyd edib. Azərbaycanda da 5 prioritet istiqamətdən birinin məhz təhsil, insan kapitalının formalaşdırılması ilə bağlı olduğuna diqqət çəkən İdris İsayev əlavə edib ki, 2022/2023-cü tədris ilində ölkənin ali təhsil müəssisələrindən 46 minə yaxın tələbə məzun olur.
Nazir müavini ölkəmizdə ali təhsil müəssisələrinin əhatəliliyinin artırılması, təhsilə əlçatanlığın təmin olunması üçün dövlət tərəfindən bütün imkanlardan istifadə edildiyini, dövlət hesabına təhsil alan tələbələrin sayında ciddi artımın gözlənildiyini, bu gün bakalavr pilləsi üzrə təxminən 53-54 min tələbə qəbulu həyata keçirildiyi halda, 2026-cı ildə bu sayın 75 minə çatdırılacağının hədəfləndiyini bidirib. Nazir müavini əlavə edib ki, əgər 4-5 il öncə dövlət sifarişi əsasında təxminən 15 min tələbə qəbulu həyata keçirilirdisə, bu gün onların sayı təsdiqlənən qəbul planına görə 33 mindən artıqdır. İdris İsayev, həmçinin hər il ödənişli təhsil alan, xüsusilə həssas qrupa aid olan 18 min tələbənin təhsil haqqının dövlət vəsaiti hesabına ödənildiyinə, 20 minə yaxın tələbənin təhsil tələbə krediti sistemindən istifadə etdiyinə diqqət çəkib.
Ümummilli lider Heydər Əliyevin xaricdə yüksəkixtisaslı kadr hazırlığı siyasətinin bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında böyük müvəffəqiyyətlə davam etdirildiyini bildirən İdris İsayev istedadlı gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına imkan yaradan təhsil proqramlarını qeyd edib. Hər il 400-ə yaxın tələbənin ali təhsilin bakalavr-magistratura pilləsi üzrə xarici təhsil müəssisələrinə göndərildiyini deyən nazir müavini ölkə daxilində də ali təhsil ocaqlarının kadr potensialının gücləndirilməsinə diqqət yetirildiyini, bu sırada BMU və Koreyanın İNHA Universiteti arasında ikili diplom proqramının uğurla icra edildiyini bildirib.
Məzunları təbrik edən millət vəkili Aydın Hüseynov Azərbaycan gəncliyi üçün ölkədə yaradılan hərtərəfli imkanlardan, onların ölkənin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsindən söz açıb. Qlobal çağırışlar və tendensiyalar fonunda meydana gələn Dördüncü Sənaye İnqilabında ölkənin yüksək təhsilli kadr potensialının gücləndirilməsinin zəruriliyinə diqqət çəkən millət vəkili bu prosesdə gənc mühəndislər olaraq BMU məzunlarının da böyük payının olacağına əminliyini bildirib.
Millət vəkili Naqif Həmzəyev məzunların böyük Zəfər qazanmış, qalib ölkənin vətəndaşları kimi həyatlarının ən maraqlı, eyni zamanda məsuliyyətli dövrünə qədəm qoyduqlarını söyləyib. Məzunların sürətlə dəyişən müasir çağırışlar kontekstində yalnız bir ali təhsillə kifayətlənməməsini önə çəkən millət vəkili onlara qazandıqları bilik və bacarıqları daim inkişaf etdirmələrini, dövlətin bu istiqamətdə yaratdığı hərtərəfli imkanlardan yararlanmağı tövsiyə edib. Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük bərpa-quruculuq işlərini vurğulayan Naqif Həmzəyev BMU məzunlarını işğaldan azad olunmuş ərazilərdə açılan iş yerlərində çalışmağa, bacarıqlı, səriştəli, müasir günümüzün çağırışları ilə ayaqlaşan yüksəkixtisaslı kadrlar kimi bu müqəddəs torpaqlara yenidən can verilməsi prosesinə qoşulmağa səsləyib.
Sonra müharibə iştirakçıları və şəhid ailəsi üzvləri olan BMU məzunları səhnəyə dəvət edilib, onlara hədiyyələr təqdim olunub.
Ardınca 2022-2023-cü tədris ili məzunlarından, ixtisas, fakültə və magistratura birinciləri, eləcə də universitet birincisi mükafatlandırılıblar. Mükafatları məzunlara rektor Havar Məmmədov, nazir müavini İdris İsayev, millət vəkilləri-Aydın Hüseynov, Naqif Həmzəyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının I müavini Yusif Sadıqov və Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev tədqim ediblər.
2022-2023-cü tədris ilinin 99.17 balla universitet birincisi, Pedaqoji fakültənin Fizika müəllimliyi ixtisası üzrə məzunu Arzu Alxanova çıxış edərək universitet rəhbərliyinə, müəllimlərinə təşəkkürlərini çatdırıb və gələcək planlarından danışıb.
Tədbir məzunların ənənəvi “papaq atma” mərasimi və tanınmış müğənnilərin ifası, universitetin bədii özfəaliyyət kollektivinin hazırladığı bədii proqramla davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi