Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının iclası keçirilib

18 İyul 2022
Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının iclası keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Himayəçilər Şurasının növbəti iclası keçirilib.

Şuranın sədri, təhsil nazirinin müavini İdris İsayev təhsilin daha da inkişafının ölkəmizin rəhbərliyi tərəfindən daim diqqətdə saxlanıldığını, bu sahənin bütün pillələrinə, o cümlədən ali təhsil sisteminə dövlət səviyyəsində hərtərəfli qayğı göstərildiyini və dəstək verildiyini bildirib. Bu istiqamətdə dövlət siyasətinin əsas prinsiplərini müəyyənləşdirən amillərdən danışan nazir müavini ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı görülən tədbirləri nəzərə çatdırıb. İdris İsayev ali təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası baxımından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sənədləri, bu sırada “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayıb.

Çıxışında hesabat dövründə BMU-nun strateji inkişaf proqramına uyğun fəaliyyətinə toxunan Şura sədri, həmçinin qarşıda duran əsas vəzifələrə diqqət çəkib. Nazir müavini müasir əmək bazarının tələbləri əsasında yeni ixtisasların yaranması, təhsil yükünün düzgün müəyyənləşdirilməsi, məzunların məşğulluğunun daha effektiv şəkildə təmin olunması, ali təhsildə keyfiyyətin artırılması, onun əhatəliliyinin genişləndirilməsi və  nəticəyönümlü işin ortaya qoyulması kimi önəmli məsələlərlə  bağlı öz fikirlərini bildirib.

Sonra BMU-nun rektoru, professor Havar Məmmədov ali təhsil müəssisəsinin 2021-ci il üzrə fəaliyyəti, eyni zamanda strateji inkişaf proqramının icrası haqqında geniş hesabatla çıxış edib. Rektor ötən müddətdə də şəffaflıq və obyektivlik prinsipləri əsasında fəaliyyət göstərən universitetdə tədrisin təşkilinin müasir texnologiyalar və metodlar əsasında qurulduğunu, bütün sahələr üzrə elektron məlumat sisteminin tətbiq edildiyini, təhsil müəssisəsinin maddi-texniki bazasının daha da gücləndirilməsi yönündə işlərin davam etdirildiyini söyləyib.

Hazırda universitetdə təhsil alan tələbələrlə və tədrislə bağlı müvafiq statistik məlumatları nəzərə çatdıran Havar Məmmədov tədrisin təşkili, innovasiyalar və elmi-tədqiqat sahəsində görülən işləri təqdim edib. Bununla yanaşı, universitetin professor-müəllim heyətinin elmi məqalələrinin “Thomson Reuters”, “Web Of Science”, “Scopus” və s. kimi elmi platformalarda nəşr olunması sahəsində qazanılan nailiyyətləri vurğulayıb.

Universitetin innovativ fəaliyyətində tələbələrin xüsusi fəallıqla seçildiyini, ali təhsil ocağında 50-yə yaxın tələbə klubunun fəaliyyətdə olduğunu deyən Havar Məmmədov BMU-nun 7 tələbə komandasının öz layihələri ilə dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST – 2022” Aerokosmik və Texnologiya Festivalında keçirilən müsabiqədə finala yüksəldiyini, onlardan “RED” komandasının “Robotexnika” kateqoriyası üzrə birinci yeri tutduğunu xatırladıb.

Rektor BMU-nun beynəlxalq əlaqələri, tərbiyə işləri və digər sahələr üzrə də həyata keçirilən tədbirləri sadalayıb. Artıq iki ildir, BMU ilə Cənubi Koreyanın İnha Universiteti arasında bakalavriat səviyyəsində 4 ixtisas üzrə ikili diplom proqramının həyata keçirildiyini önə çəkən Havar Məmmədov dövlət vəsaiti hesabına reallaşan proqramın Azərbaycanın gənc mühəndis kadrlarla təmin olunması üçün böyük imkanlar açdığını bildirib. Rektor  hazırda proqram çərçivəsində BMU-nun 7 nəfərdən ibarət professor-müəllim heyətinin Koreyada təlimlərə cəlb edildiyini, habelə BMU-da tədrisi koreyalı professor-müəllim heyəti tərəfindən həyata keçirilən “Yay məktəbi”nin başladığını fikirlərinə əlavə edib.

Rektor çıxışında bütövlükdə hesabat dövründə əldə olunan nailiyyətlərlə yanaşı, mövcud problemlər və onların həlli yollarından da danışıb.

Daha sonra iclasda BMU-nun Himayəçilər Şurasının 2022-ci ilin ikinci yarımili üçün iş planı təsdiq olunub.  Bununla yanaşı, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ikili diplom proqramı ilə bağlı hesabat,  BMU-nun 2021-ci il büdcəsinin icrası, 2022-ci il proqnozu və maliyyə fəaliyyəti barədə hesabat, eləcə də Audit Komitəsinin hesabatı dinlənilib. Gündəliyə uyğun olaraq, BMU-nun yeni Nizamnaməsindən irəli gələn tələblər də nəzərdən keçirilib və universitetdə daxili audit bölməsinin yaradılması barədə qərar qəbul edilib.

Şuranın üzvləri - Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov və başqaları gündəlikdə yer alan məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Strateji İnkişaf Proqramından irəli gələn vəzifələrin, maliyyə məsələlərində effektivliyin artırılması imkanlarının ətraflı müzakirə edildiyi iclasda gələcək fəaliyyət üzrə müvafiq tapşırıqlar verilib, gündəlikdə yer alan məsələlər  səsə qoyularaq təsdiq edilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər