Bakı İstanbul Liseyinin şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar. Ekskursiya məktəbliləri universitet həyatı ilə tanış etmək, həmçinin BMU-nun müasir tələblərə cavab verən laboratoriyalarında aparılan təcrübələri yaxından izləmək məqsədi ilə təşkil olunub.
Ekskursiya zamanı şagirdlərə universitet haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
BMU-nun tələbəsi, “TEKNOFEST Azərbaycan” festivalında birinci yerin qalibi olan komandanın aparıcı üzvü Nadir Daşdıyev şagirdlərlə söhbətində onlara uğur qazanmanın sirlərindən danışıb.
BMU və Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı üzrə layihə direktoru Yang Hyunjin isə şagirdləri adıçəkilən proqram haqqında məlumatlandırıb, onlarla xatirə şəkli çəkdirib.
Sonra universitetin İKT mərkəzi, Texnoparkı, Biologiya və digər tədris laboratoriyalarında olan şagirdlər orada aparılan maraqlı təcrübələri əyani şəkildə izləyiblər.
Səfərdən məmnun qalan şagirdlər və liseyin fizika müəllimi Yeganə Bəkirova, kimya müəllimi Şəhla İbrahimli əldə etdikləri əhatəli informasiyalara və ekskursiyanın təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıq ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi