Bakalavriat səviyyəsində BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahanlar keçirilib

15 Avqust 2022
Bakalavriat səviyyəsində BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahanlar keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramına (İDP) 2022/2023-ci tədris ili üzrə ali təhsilin bakalavriat səviyyəsində qəbul üçün daxili imtahanlar keçirilib. İmtahanlar İnformasiya texnologiyaları, İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə aparılıb.

BMU və İNHA Universitetinin birgə gerçəkləşdirdiyi daxili imtahanlar 2 hissədən ibarət təşkil olunub və ümumilikdə 2 saat müddətində (riyaziyyatla fizika fənləri üzrə 1 saat, ingilis dili fənni üzrə 1 saat) davam edib. Riyaziyyat fənni üzrə 12, fizika fənni üzrə 8, ingilis dili üzrə isə (dinləmə daxil) 30 test sualı nəzərdə tutulub.

İmtahanların şəffaf, obyektiv və qərəzsiz keçirilməsinin təmin olunması  məqsədilə hərtərəfli şərait yaradılıb. İmtahan prosesinə İNHA Universitetinin 13 nəfərdən ibarət nümayəndə heyəti ilə yanaşı, BMU-nun 10-a yaxın əməkdaşı cəlb edilib. İmtahanların gedişatına BMU-nun prorektoru Mikayıl Zeynalov, BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli və Proqramın idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang baxış keçiriblər.

Məlumat üçün bildirək ki, dövlət sifarişi əsasında təhsili dəstəkləyən proqrama 128 nəfərin (hər ixtisas üzrə 32 nəfər) qəbulu planlaşdırılıb. BMU-İNHA İDP-yə daxili qəbul imtahanında iştirak məqsədilə Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında I ixtisas qrupunda İnformasiya texnologiyaları ixtisası üzrə 500, Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları üzrə 400 və daha artıq bal toplamış 300-dən çox abituriyent qeydiyyatdan keçib.

Daxili imtahanların nəticələrinin 19 avqust 2022-ci il tarixində açıqlanması planlaşdırılır.

Mühəndislik ixtisasları istiqaməti üzrə 2020/2021-ci tədris ilindən həyata keçirilən BMU-İNHA İDP “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunur.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər