Abituriyentlərin nəzərinə: BMU-İNHA İDP-yə tələbə qəbulu üzrə onlayn müraciət 9 avqust tarixində başa çatır

04 Avqust 2023
Abituriyentlərin nəzərinə: BMU-İNHA İDP-yə tələbə qəbulu üzrə onlayn müraciət 9 avqust tarixində başa çatır

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı çərçivəsində bakalavriat səviyyəsində mühəndislik ixtisaslarına 2023/2024-cü tədris ilinin tələbə qəbulu üzrə onlayn müraciət 9 avqust tarixində saat 23:55-də başa çatır. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

Proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplayan, Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər iştirak edə bilər. BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən və qəbul olan abituriyentlər qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət sifarişi əsasında təhsil ala biləcəklər. Əlavə olaraq, şagirdlər İNHA Universitetinin fizika, riyaziyyat və ingilis dili üzrə təşkil etdiyi yazılı imtahandan uğurla keçməlidirlər.

2023/2024-cü tədris ili üçün ixtisaslar üzrə keçid balı İnformasiya texnologiyaları üzrə 550, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi istiqamətləri üzrə 400 bal olaraq nəzərdə tutulub.

Daxili imtahanın 12 avqust tarixində keçirilməsi, imtahan nəticələrinin isə 17 avqust tarixində elan edilməsi nəzərdə tutulur.

BMU İNHA İDP bir çox üstünlüklərə malikdir. Belə ki, tələbələr 3 il Azərbaycanda və 1 il Koreya Respublikasında oxumaqla 4 ilə 2 diplom, tam təqaüdlü beynəlxalq keyfiyyətli təhsil, Koreya Respublikasında 3 həftəlik “Yay məktəbi”ndə iştirak imkanı qazanırlar. Üstünlüklərə, həmçinin sinxronlaşdırılmış iki tədris proqramı üzrə təhsil, çoxdilli tədris mühitində təhsil (ingilis və Koreya dili), seçilmiş yerli və xarici universitetlərin professor-müəllim heyəti ilə tədris fürsəti, tələbələrin magistratura və doktorantura təhsillərini Koreya Respublikasında təqaüdlə davam etdirmək və s. daxildir.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə etmək mümkündür.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər