“Dövlət proqramı çərçivəsində 4 ildə iki diplom qazanmaq imkanı hər bir abituriyentin mütləq şəkildə dəyərləndirməli olduğu şanslardandır”.
Bu fikri Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramına (İDP) 2022/2023-cü tədris ili üzrə qəbul olaraq, inşaat mühəndisliyi ixtisasında təhsil alan I kurs tələbəsi Həcər Quliyeva bildirib.
Proqramla bağlı təəssüratlarını bölüşən tələbə seçimini gələcəyi üçün etdiyi ən mükəmməl yatırım adlandırıb: “Hazırda təhsil aldığım ixtisas üzrə dərslərin xarici təhsil proqramına uyğun olaraq hazırlanması mənim İDP-ni seçməyimə səbəb olan başlıca amillərdəndir”.
H.Quliyeva Koreya və ingilis dilləri üzrə tədrisi dəstəkləyən proqramın tələbələrin dünyagörüşünün formalaşmasında oynadığı rola diqqət çəkib: “Bu, həm də gələcəkdə işə qəbul zamanı üstünlüyü saxlayan əsas amillərdəndir. Proqramda tədris olunan Koreya dili mənim ən sevimli fənnimdir. Düşünürəm ki, bu dili öyrənmək marağa səbəb olur və bizi digər tələbələrdən fərqləndirir. Abituriyentlərə məsləhətim odur ki, parlaq gələcəyə malik olmaq və arzuladıqları ixtisası mükəmməl şəkildə öyrənmək istəyirlərsə, tərəddüd etmədən BMU-İNHA İDP-ni seçə bilərlər”.
İctimaiyyətlə əlaqələr şöbəsi