4 ildə 2 universitetdən 2 diplom

03 İyul 2023
4 ildə 2 universitetdən 2 diplom

Humay Cəfərli: “BMU-İNHA İDP Bakı Mühəndislik Universitetinin beynəlxalq təhsil sferasında nüfuzunun daha da möhkəmləndirilməsi, həmçinin beynəlxalq reytinqlərdəki mövqeyinin bir qədər də irəliyə aparılması baxımından çox əhəmiyyətli bir addımdır”

 

Məlumdur ki, qloballaşma dövründə hər bir ölkənin inkişafı yüksəkixtisaslı, müasir səriştə və bacarıqlara sahib insan kapitalından, onun intellektual səviyyəsindən çox  asılıdır. İnsan kapitalının inkişafı isə, ilk növbədə, elm və təhsilin keyfiyyəti ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin  bugünkü inkişaf səviyyəsinə adekvat olan, müasir tələblərə  cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasından ibarətdir. Bu mənada 2018-ci ilin noyabrında Prezident İlham Əliyev tərəfindən imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində son illər görülmüş işlər ölkəmizdə yüksək hazırlıqlı mütəxəssislərin hazırlanmasına mühüm töhfələr vermişdir. Bu proqramın mühüm istiqamətlərindən biri də Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramıdır. “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsində BMU-İNHA ikili diplom proqramının direktoru Humay Cəfərli beynəlxalq layihənin icrası və əhəmiyyəti, proqrama yeni qəbul kampaniyası barədə öz fikirlərini oxucularımızla bölüşür.

- BMU-İNHA İDP - proqramın hədəfi və İNHA Universiteti haqqında nə deyə bilərsiniz? İNHA Universiteti gənclərimiz üçün nə dərəcədə cəlbedici universitetdir?

- İlk növbədə, onu qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əsas istiqamətlərdən biri prioritet ixtisaslar üzrə dünyanın nüfuzlu universitetləri ilə yerli universitetlər arasında beynəlxalq ikili diplom proqramlarının təsis olunmasıdır. Proqram çərçivəsində 28 avqust 2020-ci ildə Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının (Cənubi Koreya) İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı - BMU-İNHA İDP imzalanıb. BMU-İNHA İDP təhsil üzrə bir əməkdaşlıq proqramıdır və əsas hədəfi - ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, mühəndislik sahəsində Azərbaycanda ən müasir tələblərə cavab verən yeni nəsil mütəxəssislər yetişdirməkdir.

Koreya Respublikasının lider universitetlərindən biri sayılan və 20 mindən çox tələbəsi olan İNHA Universitetinə gəlincə, təhsil müəssisəsi müasir təhsil proqramları, yüksək keyfiyyətli təcrübəli fərdi və akademik kadrları, texnoloji imkanları ilə fərqlənir. Reytinq üzrə 189 universitet arasında 8-ci yerdə olan ali təhsil ocağının 73 ixtisasından 26-sı məhz mühəndislik ixtisası ilə bağlıdır. Eyni zamanda Koreya bir sıra məşhur brendlərin, ticarət markalarının vətəni olmaqla, mühəndislik sahəsində ən inkişaf etmiş ölkələrdən biridir. Buraya avtomobil sənayesindən məişət avadanlıqlarının hazırlanmasına qədər geniş spektri əhatə edən “Samsung”, “LG”, “Hyundai”, “Kia” kimi markalar daxildir. Dünyada məşhur olan bu brend məhsulların hazırlanması mühəndislik ixtisasının inkişafı olmadan mümkün deyil. Bu səbəbdən, düşünürəm ki, İNHA Universiteti gənclərimiz üçün çox dəyərli və cəlbedicidir, eyni zamanda Cənubi Koreya ilə əməkdaşlığı dövlətimizin uzaqgörən strateji addımı kimi qiymətləndirmək olar.

Bu il 3-cü kurslar Koreyada təhsillərini davam etdirmək üçün yola düşəcəklər

- Proqram çərçivəsində bu vaxta qədər görülmüş işlər barədə məlumat verməyinizi xahiş edirik. Gənclərin bu proqrama marağı necədir?

- Dörd qəbul ilini əhatə edən bakalavr proqramına “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə ümumilikdə müqavilə müddətində 400 nəfərin qəbul olunması nəzərdə tutulub. Müqaviləyə əsasən, hazırda proqramın üçüncü ilinin icrası davam etməkdədir və 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illəri üzrə aparılan qəbulun nəticələrinə əsasən, 270-dən çox tələbə 4 ixtisas üzrə İDP-də təhsil almaqdadır. Proqram çərçivəsində tələbələr üçün Koreyada “Yay məktəbi”, professor-müəllim heyəti üçün isə təlimlər təşkil olunub və bu işlər davam etdirilir. 3+1 modeli əsasında qurulan proqrama əsasən, tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İnha Universitetində təhsil almalıdırlar. Bu il 3-cü kurslarımız BMU-da tədrisi uğurla başa vuraraq, İNHA Universitetində təhsillərini davam etdirmək üçün yola düşəcəklər. Müşahidələrimiz və statistikalar gənclərin bu proqrama marağının yüksək olduğunu deməyə əsas verir. Təkcə 2022-ci ildə BMU-İNHA İDP-yə qəbul olan 116 nəfərdən 49-u 600-dən, 50 nəfəri isə 500-dən yüksək bal toplayanlardır. Bu rəqəmlər yüksək bal toplayan gənclər arasında proqramın populyarlığı ilə yanaşı, həm də proqramın icrasında uğurlu nəticələrin göstəricisidir.

2023/2024-cü tədris ili üzrə İDP-yə qəbul zamanı yaxınlaşır

- Kimlər bu proqramda iştirak edə bilər? Qəbul şərtləri necədir? Namizədlər hansı tələblərə əməl etməlidirlər?

- Proqramda Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplayan, Azərbaycan Respublikasının vətəndaşı olan abituriyentlər iştirak edə bilər. BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi müsabiqədən uğurla keçən və qəbul olan abituriyentlər qeyd olunan 4 ixtisasdan birində öz seçimlərinə görə dövlət sifarişi əsasında təhsil ala biləcəklər. Əlavə olaraq, şagirdlər İNHA Universitetinin fizika, riyaziyyat və ingilis dili üzrə təşkil etdiyi yazılı imtahandan uğurla keçməlidirlər. Son qəbul ilində 2023-cü qəbul ili üçün ixtisaslar üzrə keçid balı “İnformasiya texnologiyaları” üzrə 550, İnşaat mühəndisliyi, Elektronika mühəndisliyi və Elektrik mühəndisliyi istiqamətləri üzrə 400 bal olaraq nəzərdə tutulub. 2023/2024-cü tədris ili üzrə İDP-yə qəbul üçün 5 iyun - 9 avqust 2023-cü il tarixlərində onlayn qeydiyyat həyata keçiriləcək. Daxili imtahanın 12 avqust tarixində keçirilməsi nəzərdə tutulur, imtahan nəticələrinin isə 17 avqust tarixində elan edilməsini planlaşdırırıq. Onu da deyim ki, İDP-yə qəbul ola bilməyən namizədlərin DİM-in ixtisas seçimində (kodlaşdırma) iştirak etmək üçün də ən azı bir həftə vaxtları olacaq.

- BMU-İNHA İDP tədris prosesi barədə. Tədris harada keçir? Pandemiya ikili proqrama necə təsir edib?

- 2021-ci il mart ayından etibarən ölkəmizdə bütün təhsil müəssisələri onlayn təhsil formatına keçdiyi zaman İDP tələbələri üçün də ilk və ikinci tədris ilinin müəyyən bir hissəsi onlayn şəkildə təşkil olunub. Bu proses təhsil sahəsinə müəyyən təsir etsə də, bu kimi çətinliklər bizə proqramın icrasında maneə törədə bilməyib. Hazırda tədris ənənəvi formada, yüksək səviyyədə Bakı Mühəndislik Universitetində keçirilir.

- BMU-İNHA İDP-nin tədris modeli Azərbaycan və ya Koreya təhsil proqramlarına əsaslanır? Müəllim heyəti kimlərdir?

- BMU-İNHA İDP-nin tədris modeli hər iki universitetin təcrübəli akademik kadrları tərəfindən birgə hazırlanıb. Bu tədris modeli İnha Universitetinin beynəlxalq standartlara uyğun olan təhsil proqramlarına əsaslanır. Müəllim heyətinə gəldikdə isə BMU-İNHA İDP tələbələrə müxtəlif müəllimlərdən ibarət heyət tərəfindən tədris olunur. Bu müəllimlər sırasında İNHA Universitetinin professor-müəllim heyəti ilə yanaşı, müxtəlif beynəlxalq universitetlərin təcrübəli akademik kadrları da yer alır. Bu müxtəliflik sayəsində tələbələr fərqli perspektivlərdən təcrübə və biliklər əldə edir və dünya standartlarına uyğun təhsil almaq imkanına malik olurlar.

İki fərqli ölkənin diplomuna eyni anda yiyələnməyin üstünlükləri

- Proqram çərçivəsində 2 diplom tələbələrimizə nə kimi bilik və üstünlüklər qazandıracaq?

- Ümumiyyətlə, BMU-İNHA İDP tələbələrə ingilis dilində müasir və rəqəmsal təhsil almaq üçün dünyanın dörd bir yanındakı universitetlərin təcrübələrindən istifadə etmək, bunun sayəsində də uğurlu bir karyera qurmaq fürsəti qazandırır. Proqramın tələbələrə zəngin bilik və bacarıqlarla yanaşı, xeyli üstünlüklər verəcəyini düşünürəm. Əvvəla, proqram tələbələrin beynəlxalq perspektivlərdə, sinxronlaşdırılmış iki tədris proqramı - kurikulum əsasında tam beynəlxalq keyfiyyətli unikal təhsil almaq imkanına malik olmalarını təmin edir, onlara fərqli təhsil sistemlərindən yararlanmaq fürsəti verir. Bu, tələbələrə müxtəlif təhsil metodları və təcrübələri öyrənərək daha geniş bir platformada təhsil almaq və inkişaf etmək şansı qazandırır. BMU-İNHA İDP tələbələrə iki fərqli universitetdən, eyni zamanda iki diplom almaq imkanı verir, iki fərqli təhsil müəssisəsinin təcrübə və biliklərini qazandırır. İki fərqli ölkənin diplomuna eyni anda yiyələnmək böyük avantajdır, bu, tələbələrin iş həyatı, uğurlu karyera qurmaq imkanlarını genişləndirir. Həmçinin çoxdilli tədris mühitində oxumaq imkanı verən BMU İNHA İDP ingilis dili ilə yanaşı, Koreya dili bacarıqlarını təkmilləşdirir, tədqiqat, beynəlxalq təhsil, təhlil sahəsində fərdi inkişafa sövq edir.

BMU-İNHA İDP - tələbələr üçün gələcəyə açılan qapıdır

- İkili diplom proqramı məzunlara əmək bazarında nə kimi imkanlar verir? İNHA  diplomu əmək bazarında nə dərəcədə tələbolunandır?

- Beynəlxalq rəqabətliliyin artırılmasına istiqamətlənən proqramın icrası nəticəsində bu məzunlar ən qabaqcıl elmi nailiyyətlər, innovativ təlim-tədris texnologiyalarının yaratdığı imkanlar hesabına Azərbaycanda yeni nəsil mütəxəssislər olaraq yetişdiriləcəklər. Məzunlar seçdikləri istiqamətlər üzrə mühəndislik sahələrində müasir bilik və bacarıqlara yiyələnəcəklər. Bütün bu amillər onların əmək bazarında tələb olunan kadrlara çevrilməsinə, gələn iş təkliflərini dəyərləndirərək, onların arasından daha nüfuzlusunu seçmək imkanı verir, eyni zamanda yüksək karyera imkanları üçün geniş yollar açır. Gördüyünüz kimi, BMU-İNHA İDP-ni seçmək tələbənin inkişafı və uğuru üçün ciddi bir üstünlük yaradır. Sadaladığım yüksək keyfiyyətlərlə yanaşı, məzunlar magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək üstünlüyü əldə edirlər. Azərbaycanda və dünyanın istənilən nöqtəsində işlə təminat şansının yüksək olmasından savayı, onu da qeyd edim ki, “Dövlət Proqramı” məzunları seçilmiş məzun olaraq “Dövlət qulluğu”na müsabiqədənkənar qəbul edilirlər. Bu da BMU-İNHA İDP-nin karyera yolunda əlverişliliyinin daha bir göstəricisidir. Bu proqram tələbələr üçün gələcəyə açılan qapıdır.

- BMU-İNHA ikili diplom proqramının Azərbaycan ali təhsil sisteminin rəqabətliliyinin artırılması, eləcə də BMU-nun nüfuzunun möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdəki mövqeyinin yaxşılaşdırılması baxımından əhəmiyyətini necə qiymətləndirərdiniz?

-  BMU-İNHA İDP Azərbaycan ali təhsil sisteminin rəqabətliliyinin artırılması, yerli təhsil mühitində özünəməxsus yeri olan Bakı Mühəndislik Universitetinin beynəlxalq təhsil sferasında nüfuzunun daha da möhkəmləndirilməsi, həmçinin beynəlxalq reytinqlərdəki mövqeyinin bir qədər də irəliyə aparılması baxımından çox əhəmiyyətli bir addımdır. Digər tərəfdən, proqram tələbələrimizə Koreya Respublikasının ən yaxşı universitetlərindən biri olan İNHA Universitetinin təcrübəsindən faydalanmaq imkanı yaratmaqla, Azərbaycanın ali təhsilində keyfiyyətin məzmunca dəyişməsində də faydalı olacaq.

Hesab edirəm ki, proqramın icrası BMU-nun beynəlxalq təhsil bazarında daha konkret və rekord üstələyici bir mövqedə qərarlaşmasına kömək edəcək. Ümumiyyətlə, BMU-İNHA İDP-nin icrası yalnız Azərbaycanın ali təhsilinin rəqabətliliyinin artırılması, ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına nail olunması ilə kifayətlənməyəcək, Azərbaycan və Koreya Respublikası arasındakı münasibətlərin daha da yaxınlaşması, möhkəmləndirilməsi və inkişafında öz töhfəsini verəcək. Əminəm ki, BMU-İNHA İDP Koreya ilə yalnız təhsil sahəsində əlaqələri deyil, ölkələrarası dostluğu da möhkəmləndirəcək.

 

“Azərbaycan müəllimi” qəzeti 

 

 

Digər xəbərlər