32 tələbə BMU-INHA İDP çərçivəsində Elektronika mühəndisliyi ixtisası üzrə təhsil almaq hüququ qazanacaq

02 Avqust 2022
32 tələbə BMU-INHA İDP çərçivəsində Elektronika mühəndisliyi ixtisası üzrə təhsil almaq hüququ qazanacaq

Müasir günümüzdə elektronika – elm, texnika və istehsalatın elektron cihaz və qurğularının işlənməsi, hazırlanması, tətbiqi ilə məşğul olan əsas elmi istiqamətlərdən biri kimi günbəgün inkişaf edir. Məhz bu inkişafla bağlı günün tələblərindən irəli gələrək, elektron mühəndisliyi böyük tələbat duyulan əsas ixtisas sahələrindən birinə çevrilib. Bu akademik elm sahəsi bərk cisim fizikası, radiotexnika, telekommunikasiya, idarəetmə sistemləri, siqnalların emalı, sistem mühəndisliyi, kompüter elmləri, cihazqayırma, enerjinin idarə edilməsi, robototexnika və bir çox başqa sahələrdə işlənmiş tətbiqlərin, prinsiplərin, alqoritmlərin həyata keçirilməsi və s. kimi istiqamətləri özündə birləşdirir.

Elektronika mühəndisliyi çoxşaxəliliyi baxımından tələbələrə karyera üçün kifayət qədər geniş üfüqlər açır. Bu imkanları dəyərləndirmək istəyən abituriyentlər "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti tərəfindən birgə reallaşdırılan ikili diplom proqramına müraciət edə bilərlər. Hazırda ali təhsilin bakalavriat səviyyəsində 2022/2023-ci tədris ili üçün Elektronika mühəndisliyi ixtisası üzrə beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) dair onlayn qeydiyyat prosesi davam etməkdədir. Qeydiyyat prosesi 10 avqust 2022-ci il saat 23:55-də başa çatacaq. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2022-ci ildə DİM imtahanlarında iştirak etmiş 1-ci ixtisas qrupunun abituriyentləri və 400, yaxud daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Seçim nəticəsində 32 nəfər tələbə Elektronika mühəndisliyi ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.

Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Electronic Engineering”, BMU tərəfindən isə Elektronika mühəndisliyi ixtisasları üzrə bakalavr diplomları təqdim ediləcək.

Proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi yazılı keçiriləcək Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etməlidirlər.

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 14-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 19-da açıqlanacaq.

Qeyd edək ki, proqram 3+1 modelinə əsaslanır, 3 il müddətində BMU, 1 il müddətində isə İNHA Universitetində tədris prosesini əhatə edir. BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri dövlət vəsaiti hesabına həyata keçirilir.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər