2022/2023 qəbul ilində BMU-İNHA İDP üzrə yüksək nəticə göstərən tələbələr

27 İyul 2023
2022/2023 qəbul ilində BMU-İNHA İDP üzrə yüksək nəticə göstərən tələbələr

Xəbər verdiyimiz kimi, 2022/2023-cü tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) Koreyanın İNHA Universiteti ilə birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramına (İDP) qəbul üzrə yüksək göstəricilər əldə edilib. Bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə artıq 3 ildir ki, icra olunan proqrama göstərilən maraq və yüksək müsabiqə vəziyyəti İDP çərçivəsində tədris olunan bütün ixtisaslar üzrə qeydə alınıb.

İDP çərçivəsində oxumaq şansı əldə etmiş 116 tələbənin 50 nəfəri 500-600 arası, 49 nəfəri isə 600 baldan çox nəticə göstərmiş abituriyentlərdir. Bu da son iki qəbul ili ilə müqayisədə 500 və 600 bal toplayan tələbələrin say nisbətində müvafiq olaraq, 58% və 54% artım deməkdir.

·  İnformasiya texnologiyaları - 30 nəfər 600 bal, 2 nəfər 500-600 arası

  ·  Elektronika mühəndisliyi - 14 nəfər 600 bal, 16 nəfər 500-600 arası

  ·  Elektrik mühəndisliyi - 2 nəfər 600 bal, 18 nəfər 500-600 arası

  ·  İnşaat mühəndisliyi - 3 nəfər 600 bal, 14 nəfər 500-600 arası

İDP-yə İnformasiya texnologiyaları ixtisası üzrə qəbul olmuş 32 tələbənin 30-u 600-dən çox, 2-si isə 570-dən artıq, Elektronika mühəndisliyi ixtisası üzrə 14-ü 600-dən çox, 16-sı 500-dən çox bal toplayıb. Bundan başqa, Elektirik mühəndisliyi ixtisası üzrə 18 nəfər 500-dən artıq, 2 nəfər 600-dən çox, İnşaat mühəndisliyi ixtisası üzrə isə 14 nəfər 500-dən artıq, 3 nəfər isə 600-dən çox bal yığıb.

Yüksək nəticələr bir daha təsdiq edir ki, BMU-İNHA İDP-nin fəaliyyət planının icrası nəticəsində əsas keyfiyyət göstəricilərindən biri olan daha istedadlı və yüksək bal toplamış tələbələrin proqrama cəlbi uğurla təmin olunub.

Qeyd edək ki, bütövlükdə 2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbulda yüksək bal toplayaraq, ixtisas seçimində BMU-ya üstünlük verən tələbələrin sayında əhəmiyyətli artım tendensiyası müşahidə olunub. Ötən tədris ili ilə müqayisədə BMU-ya qəbul olan tələbələr arasında 600-dən yüksək bal toplayanların sayı 53 nəfərdən 128 nəfərə, 500-dən çox bal toplayanların sayı isə 219 nəfərdən 314 nəfərə yüksəlib. Universitetə bakalaviatura səviyyəsi üzrə qəbul planı ümumilkdə 97.78 faiz dolub. 

İyun ayının 5-dən etibarən 2023/2024-cü tədris ili üçün BMU-İNHA İDP çərçivəsində onlayn qeydiyyat prosesinə start verilib. Qeydiyyat üçün son tarix 9 avqust 2023-cü il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

Proqrama müraciət etmiş namizədlər üçün daxili imtahan riyaziyyat, fizika və ingilis dili üzrə yazılı formada təşkil edəcək. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” doldurmaq mütləqdir.

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 12-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 17-də elan ediləcək.

Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər