Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində Koreya Respublikasının İnçon şəhərində təşkil edilən 3 həftəlik “Yay məktəbi”nin ikinci həftəsi başa çatıb.
122 nəfər I kurs tələbəsinin iştirak etdiyi “Yay məktəbi”nin növbəti həftəsində də müxtəlif fənlərin, o cümlədən Koreya dilinin tədrisi davam etdirilib. Bununla yanaşı, tələbələrin asudə vaxtlarının səmərəli keçməsi üçün müxtəlif tədbirlər də gerçəkləşdirilib. Bu dəfə BMU tələbələri Almaniya, Polşa, Özbəkistan, Çin, Rusiya, Macarıstandan olan tələbələrlə birgə Koreyanın paytaxtı Seul şəhərini ziyarət edib, eləcə də “Nanta” teatrı ilə tanış olublar.
BMU-İNHA İDP-nin əsas istiqamətlərindən olan “Yay məktəbi”ndə iştirak xərcləri “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” tərəfindən qarşılanır.
“Yay məktəbi”nin sonunda tələbələrə müvafiq sertifikatlar təqdim olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi