İyulun 5-i saat 15:00-da Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) ilk “Məzun Günü” keçiriləcək.
Dövlət və hökumət nümayəndələri, hər iki universitetin rəhbər şəxsləri, habelə Koreyanın Azərbaycandakı səfirliyi, KOİCA nümayəndəliyi əməkdaşlarının iştirakının nəzərdə tutulduğu tədbir universitetin əsas binasının akt zalında təşkil olunacaq.
“Məzun Günü”ndə rəsmi çıxışlardan sonra cari tədris ili məzunlarından ixtisas birinciləri, sonra 2020-ci qəbul ili üzrə bütün məzunlar mükafatlandırılacaq, ardınca bədii proqram təqdim olunacaq.
3+1 modelinə əsaslanan BMU-İNHA İDP çərçivəsində ümumilikdə 385 tələbə təhsil alır. Onlar 3 il BMU-da, 1 il isə İNHA Universitetində təhsil almaq hüququna malikdirlər.
2023/2024-cü tədris ili üzrə 61 nəfər tələbənin BMU-İNHA İDP-dən məzun olaraq iki diplom alması gözlənilir.
İctimaiyyətlə əlaqələr şöbəsi