BMU-da kritik infrastruktur obyektlərinin zəlzələyə davamlılığı mövzusunda elmi seminar
13 yanvar 2026
Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsində kritik infrastruktur obyektlərinin zəlzələyə davamlılığının qiymətləndirilməsinə həsr olunmuş elmi seminar keçirilib.
Seminarda İngiltərənin Bristol Universitetinin “İnşaat mühəndisliyi” ixtisası üzrə doktorantı Şahin Hüseynli bu mövzuda apardığı elmi-tədqiqat işi ilə bağlı təqdimatla çıxış edib. O, xüsusilə keyfiyyətsiz dəmir-beton konstruksiyaların, külək turbinləri və nüvə reaktorları kimi strateji obyektlərin seysmik təsirlərə davamlılığından bəhs edib.
Çıxış zamanı bildirilib ki, tədqiqatlar qrunt-konstruksiya qarşılıqlı təsiri nəzərə alınmaqla, eksperimental sınaqlar, analitik və ədədi modelləşdirmə metodları əsasında aparılıb. Araşdırmanın nəticələri zəlzələ riski yüksək olan ərazilərdə yerləşən mühüm infrastruktur obyektlərinin təhlükəsizliyinin artırılması baxımından praktik əhəmiyyət daşıyır.
Seminar interaktiv müzakirələr şəraitində keçib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Şahin Hüseynli doktorantura təhsilini “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində davam etdirir. O, təhsilini başa vurduqdan sonra Azərbaycanın kritik infrastrukturunun zəlzələyə davamlılığının artırılması istiqamətində elmi və praktik fəaliyyət göstərməyi qarşıya məqsəd qoyub.

