BMU ilə İspaniya universiteti arasında əməkdaşlıq müzakirələri aparılıb

14 Noyabr 2025
BMU ilə İspaniya universiteti arasında əməkdaşlıq müzakirələri aparılıb

Bakı Mühəndislik Universiteti (BMU) ilə Madrid Politexnik Universiteti arasında akademik əməkdaşlıq imkanlarının müzakirəsi ilə bağlı onlayn görüş keçirilib.

Görüş zamanı iki universitet arasında müəllim və tələbə mübadiləsi, birgə elmi layihələrin təşkili, ikili diplom proqramları, eləcə də digər əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül bildirib ki, aparıcı xarici universitetlərlə əməkdaşlıq ali məktəb üçün mühüm əhəmiyyət daşıyır və Madrid Politexnik Universiteti ilə aparılan ilkin müzakirələr əlaqələrin inkişafı baxımından geniş imkanlar açır. Prorektor, həmçinin son illər Avropa və Asiya ölkələrinin universitetləri ilə qurulan səmərəli əlaqələrdən bəhs edib və gələcək əməkdaşlığın mümkün istiqamətləri ilə bağlı real addımların atılmasının vacibliyinə toxunub.

Madrid Politexnik Universitetinin Beynəlxalq əlaqələr ofisinin rəhbəri Andres Sebastian Herrera iki universitet arasında potensial əməkdaşlıq istiqamətlərini aydınlaşdırmağa xidmət edən görüşdən məmnunluğunu bildirib və qarşıdakı dövrdə konkret əməkdaşlığı perspektivli qiymətləndirib.      

Səmərəli və qarşılıqlı etimad mühitində keçən müzakirələr zamanı iki universitet arasında əməkdaşlığın gücləndirilməsinə dair ilkin razılıq ifadə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər