Bakı Mühəndislik Universitetinin (BMU) yeni və müasir tədris vəsaitləri ilə təminatı sahəsində fəaliyyət davam etdirilir. Elektron universitet kimi fəaliyyət göstərən ali təhsil müəssisəsində təhsilin yüksək keyfiyyətlə tədris olunması məqsədilə müxtəlif internet resurslarının tədris prosesində tətbiqi ilə yanaşı, BMU-nun kitabxana fondunun dərs vəsaitləri və digər tədris-metodik vasitələri hesabına zənginləşdirilməsi də diqqət mərkəzindədir. Bu istiqamətdə daha bir addım BMU və Cənubi Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində atılıb.
Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ayırdığı vəsait hesabına 38 ədəd yeni kitab (kitabların adları və müəllifləri) alınaraq BMU-nun kitabxanasına təhvil verilib. Tələbələr, tədqiqatçılar, alimlər üçün dəyərli mənbə sayılan bu akademik kitablar, əsasən İnşaat mühəndisliyi ixtisası üzrə istifadə olunacaq.
Xatırladaq ki, cari ilin mart və avqust aylarında da ARDNF-in xətti ilə yeni kitablar alınaraq BMU-nun kitabxanasına təhvil verilib. Bu nəşrlər İDP-nin 4 ixtisas istiqaməti (İnformasiya texnologiyaları, Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, İnşaat mühəndisliyi) üzrə tədris prosesində istifadə olunur.
Qeyd edək ki, BMU-İNHA İDP tam 2020/2021-ci tədris ilindən həyata keçirilir.
İctimaiyyətlə əlaqələr şöbəsi