DÜNYA İQTİSADİYYATI KAFEDRASI 

   İqtisadiyyat anlayışı məhdud resursları, qeyri-məhdud ehtiyacları ödəmək üçün ən səmərəli şəkildə qarşılanmasını öyrənən elm sahəsidir. Dünya iqtisadiyyatı da məhdud olan bu resursları, qeyri-məhdud ehtiyacları qlobal səviyyədə öyrənməklə məşğul olan elm sahəsi və ixtisas kimi formalaşmışdır. Dünya iqtisadiyyatı ixtisası qlobal iqtisadiyyatın tətbiqi və öyrənilməsi ilə məşğul olan bir ixtisas sahəsidir. Uzun illər dünya iqtisadiyyatı deyilən bir ixtisasın mövcud olmaması onu göstərirdi ki, qlobal səviyyədə dünya iqtisadiyyatı həm tətbiq olunmur, həm də öyrənilmirdi. Xüsusilə 60–70-ci illərdən sonra dünyada sürətli qloballaşma prosesi yaşandı. Bu proses müəyyən ölkələrin, regionların iqtisadiyyatının tətbiqi və tədqiqi ilə yanaşı, ümumillikdə dünyada qlobal iqtisadiyyatın öyrənilməsinin zərurətini meydana gətirdi. Dünya iqtisadiyyatı beynəlxalq iqtisadi münasibətlər kimi ixtisasların formalaşmasını həyata keçirir. Əsas prinsip ondan ibarətdir ki, bu gün qloballaşan dünya var və mövcud iqtisadi münasibətlərin tətbiqi və öyrənilməsi üçün belə bir ixtisasın zərurəti var. 

 Kafedranın məqsədi

  Kafedranın qarşıya qoyduğu əsas məqsəd nəzdində fəaliyyət göstərən ixtisaslarda öz ixtisasını dərindən bilən, Boloniya təhsil sistemini mənimsəyən, özünü daim təkmilləşdirən, müasir iqtisadiyyat elmini bilən kadrların hazırlanmasında respublika təhsil sisteminə yaxından köməklik göstərməkdir. Kafedramız alimlərə və tədqiqatçılara araşdırma mühiti təmin edir. Tələbələrimizə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dövlət standartlarını əsas götürərək, dünyanın qabaqcıl universitetlərinin tədris proqramlarına uyğun şəkildə hazırlanmış tədris planları əsasında Azərbaycan və ingilis dillərində təhsil verilir.

 Kafedranın fəaliyyət istiqamətləri

  Kafedranın fəaliyyət istiqamətləri Azərbaycanda və dünyada gedən iqtisadi prosesləri müstəqil təhlil edə biləcək mütəxəssislər hazırlamaqdan ibarətdir. Dünya iqtisadiyyatı ixtisası ümumi iqtisadi biliklərin verilməsi ilə yanaşı, qlobal iqtisadi proseslərin maliyyə münasibətlərini öyrədən bir ixtisas olmaqla, çox geniş iqtisadi bilikləri tələbələrə çatdırır. Xüsusilə başda müəyyən kompüter bilikləri olmaqla, iqtisadiyyatda geniş istifadə olunan statistika və ekonometrika bilikləri tələbələrimizin çox geniş mənada mənimsəyəcəkləri biliklərdən sayılır. Xüsusilə aparılan iqtisadi analizlər, bu analizlərin qiymətləndirilməsi, təhlil edilməsi alına bilinəcək ən mühüm biliklərdən biridir. Bu gün bilinməlidir ki, bir kadr üçün qlobal iqtisadi şəraitdə təkcə sadə iqtisadi biliklərin alınması lazımi səviyyədə deyildir. Bu baxımdan, dünya iqtisadiyyatı ixtisasında təhsil alan tələbələr daha geniş iqtisadi biliklərə yiyələnərək onu təhlil və analitik analizetmə qabiliyyətinə sahib olacaqlar. 

 Kafedranın akademik heyəti

 i.ü.f.d. Şəhriyar Muxtarov (kafedra müdiri)

dosent   Mayis Əzizov

dosent  Həzi Eynalov

Zamin Babaşov

Qədir Əsgərzadə

i.ü.f.d.  Fərid Cəbiyev 

i.ü.f.d.  Vuqar Muradov

i.ü.f.d. Xətai Alıyev

 Kafedranın xarici əlaqələri

    Dünya iqtisadiyyatı kafedrasının tələbələri universitet daxilində olan xaricdə mübadilə və təlim proqramlarının hamısında iştirak edə bilir və bu prosesdə kafedramız onlara lazımi qədər dəstək göstərir. Bundan başqa, kafedramızın müəllimləri hər il elmi tədqiqat məqsədi ilə dünyanın müxtəlif universitetlərinə səfər edirlər və eyni zamanda əcnəbi iqtisadçılar da universitetimizə gələrək kafedra əməkdaşları ilə birgə bir neçə elmi tədqiqatlarda birgə fəaliyyət göstərirlər. Bunlara misal olaraq, kafedra əməkdaşlarının əcnəbi tədqiqatçılarla birgə bir çox elmi nəşrləri göstərilə bilər.

   Qeyd edək ki, kafedramızın tədris proqramındakı dərslər beynəlxalq standartlarla uyğunlaşdırılmışdır ki, bu da tələbələrimizin dünyanın müxtəlif universitetlərində həm mübadilə keçmək, həm də öz təhsillərini davam etdirmək üçün əlverişli şərait yaradır. 

Kafedramızda Tələbələrin Karyera və Təcrübə Məsələlərində Rolu

    Qeyd edək ki, Dünya iqtisadiyyatı kafedrası tələbələrin iş dünyasına başlamadan karyeraları üçün seminarlar, təcrübə proqramları və müxtəlif təbliğat görüşləri həyata keçirir. Belə ki, hər il sonuncu kurs tələbələri ölkənin istehsalat və xidmət sahəsində fəaliyyət göstərən məhsuldar şirkətlərində 4 aylıq bir təcrübədən keçirlər. Orada tələbələrimiz iş həyatlarına başlamazdan əvvəl lazımi bilikləri əldə etməklə yanaşı, həmin şirkətlərdə işə də qəbul olunurlar. Bundan başqa, işə qəbul üçün lazım olan mərhələlər haqqında məlumatlanmaq üçün kafedramız iş dünyasından təcrübəli mütəxəssislərlə tələbələrimiz arasında görüşlər və seminarlar təşkil edir.

   Hər bir abituriyenti və valideynini maraqlandıran əsas məsələ məzun olduqdan sonra əldə edə biləcəyi iş imkanlarıdır. Bu iş imkanları tələbələrin məzun olmadan əvvəl sahib olduqları biliklərdən asılıdır. Xüsusilə dünya iqtisadiyyatı ixtisasında verilən biliklər kadrların çox yaxşı bir şəkildə yetişməsinə, onların gələcəkdə yaxşı iş imkanları tapmasına səbəb olur. Dünya iqtisadiyyatı ixtisasından məzun olan tələbələr ümumilikdə iqtisadiyyatın müxtəlif sahələrində, maliyyə, biznes, bank, mühasibatlıq kimi sahələrdə iş tapmaq imkanına sahibdirlər. Bu gün iqtisadi hadisələr onu göstərir ki, hər bir şirkəti iqtisadi analizlər aparmağa, onları qiymətləndirməyə, onlardan yaxşı nəticələr çıxarmağa sahib olan kadrlar yetişdirməyə ehtiyac vardır. Bu baxımdan “Dünya iqtisadiyyatı” ixtisasını bitirən məzunların geniş iş imkanları olduğunu fikirləşə bilərik. 

Kafedranın maddi-texniki bazası və tələbələrlə elmi-sosial fəaliyyətlər

   İqtisadiyyat sahəsində hazırda dünyada ən çox laboratoriya tətbiqləri ekonometrik və statistik tədqiqat metodları vasitələri ilə həyata keçirilir. Kafedramızın ekonometrika və statistika sahəsində tədqiqatlar üçün lazım olan kompüter proqramları (EViews, SPSS və digərləri) quraşdırılmış laboratoriyası mövcuddur. Bu proqramlar şirkət və dövlət müəssisələri ilə yanaşı, elmi araşdırmalarda geniş istifadə olunur və tələbələrimiz bu proqramlara yiyələnərək iş dünyasında rəqabət qabiliyyətlərini artırırlar. Bunlarla yanaşı, tələbələrimiz universitet daxilində və universitetlərarası müxtəlif elmi yarışlara qatılırlar, layihələr hazırlayırlar və öz şəxsi bacarıqlarını nümayiş etdirirlər. Bu yarışlardan tələbələrimiz çox yüksək nailiyyətlər əldə edirlər. Kafedramızda tələbə-müəllim münasibətləri olduqca səmimi və maraqlıdır. Tələbələrlə müəllimlər gəzintilərə gedir, futbol oynayır və müxtəlif tədbirlərdə birlikdə olurlar. Kafedramızda mövcud olan hər qrupun tədris məsləhətçisi mövcuddur və tələbələr elmi-sosial fəaliyyətlərini onunla birgə həyata keçirə bilirlər. 

Nəyə görə Dünya iqtisadiyyatı ixtisasını seçməliyəm?

     Dünya iqtisadiyyatı ixtisasını seçən tələbələr sürətlə dəyişən, formalaşan dünya informasiya göstəricilərini göz önündə tutaraq iqtisadi göstəriciləri analiz edə biləcək, düzgün qərarlar və doğru proqnozlar verə biləcək, iqtisadi hadisələrə uyğun iqtisadi qərarlar qəbul edə biləcək, araşdırma bacarığına sahib olacaq, müasir dövrün tələblərinə cavab verə biləcək ölçüdə bilik və bacarıqlara yiyələnəcəklər. Xüsusilə müasir dövrdə şirkətlərin tələb etdiyi biliklərə yiyələnmək günümüzdə hər bir kadr üçün vacib məsələlərdən biridir. Dünya iqtisadiyyatı ixtisası məhz bu bilik və bacarıqların kadrlara verilməsini təmin edən ixtisasdır. 

 

 

 
 
 
 

©2019