TƏRCÜMƏ VƏ İNGİLİS DİLİ KAFEDRASI 

   Qloballaşan dünyada Azərbaycanın öz həqiqətlərini bəyan etməklə beynəlxalq məkana inteqrasiyası mərhələsində xarici dil kimi ingilis dili mühüm əhəmiyyət kəsb edir. Azərbaycan təhsilinə və eləcə də cəmiyyətinə böyük töhfələr verən Universitetimizdə Tərcümə və ingilis dili kafedrasının olması bu baxımdan labüddür. Hal-hazırda kafedranın tədris planı Təhsil Nazirliyinin qəbul etdiyi standartlar əsasında formalaşıb və onu da qeyd edək ki, seçməli fənlər olaraq təyin edilən fənlər xarici və yerli universitetlərin tədris proqramlarının ciddi şəkildə təhlil edilməsi nəticəsində müəyyən edilib. Həmin dərslər arasında texniki sahə ilə bağlı dərslərin mövcudluğu və ya bu dərslərin əlavə edilmə imkanının olması universitetdə hazırlanan kadrların gələcək fəaliyyətləri üçün vacibdir. Kafedra öz yüksək kvalifikasiyalı professor-müəllim heyəti ilə Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) və Tərcümə (ingilis dili) ixtisasları üzrə bakalavr pilləsində müvafiq olaraq müəllim və tərcüməçi hazırlığı ilə məşğuldur. Hal-hazırda kafedrada 286 nəfər bakalavr tələbəsi təhsil almaqdadır. Bununla yanaşı “Dünya ədəbiyyatı” ixtisası üzrə doktorant və dissertant hazırlığı həyata keçirilir.

Kafedranın məqsədi

  Son dövrlərdə ölkəmizdə çoxlu sayda ingiliscə təhsil verən liseylər, məktəblər, məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlamışdır. Bütün bu tip məktəb və bağçalara ingilis dilində tədris apara bilən müəllimlər lazımdır. Bu tipli müəssisələr tərəfindən tez-tez ingilisdilli müəllim ehtiyacı dilə gətirilir. Belə müəssisələrə xaricdən kadr cəlb etmək həm böyük xərc tələb edir, həm də o yaşdakı uşaqlara milli duyğuların aşılanmasında problem yaradır. Odur ki, ingilisdilli yerli müəllim kadrlarının hazırlanması bu mənada çox vacibdir. Bununla yanaşı, Respublikada ABŞ və bir sıra qabaqcıl Avropa ölkələrinin şirkətlərinin və ölkəmizin xarici əlaqələrinin davamlılığına tələbatın artdığı bir dövrdə tərcümə və tərçüməçilərin rolu aktuallaşmış və peşəkar tərcüməçi yetişdirilməsi zərurəti yaranmışdır.Kafedranın əsas məqsədi yüksək səviyyəli, güclü ixtisas və pedaqoji biliklərə yiyələnmiş, tənqidi düşüncəyə malik, özünəinamlı, müasir dünyagörüşlü,elmi-tədqiqat işləri aparan və bunlardan fəaliyyətində məharətlə istifadə edən, milli və ümumbəşəri dəyərləri özündə birləşdirən,vətənini və millətini sevən və sevdirən,  ölkəmizin xarici əlaqələrinin inkişafına töhfə verən beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdir. Bakalavr məzunlarımız aldığı yüksək təhsil sayəsində ya birbaşa peşə fəaliyyətinə başlamaq, ya da mövcud qəbul qaydalarına əsasən təhsilini magistratura səviyyəsində davam etdirmək imkanına malik olur.

 Kafedranın fəaliyyət istiqamətləri

   Bakı Mühəndislik Universitetinin Tərcümə və ingilis dili kafedrasının fəaliyyət istiqamətlərinə ixtisaslı kadrların hazırlanması üçün zəruri olan nəzəri-praktik məlumatların düzgün şəkildə istifadə olunması, ingilis-Azərbaycan, Azərbaycan-ingilis dilləri üzrə lüğətlərin hazırlanma prosesindəki qüsurların aradan qaldırması, Azərbaycanda tərcüməşünaslığın inkişafına töhfə vermək məqsədilə lüğətlərin tərtibində yaxından iştirak, dünya ədəbiyyatı və müasir dilçiliyin problemlərinin araşdırılması, Azərbaycan ədəbiyyatının dünya ədədiyyatında yeri, eyni zamanda ingilisdilli Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafı xüsusiyyətlərinin tədqiqi, ingilis dilinin tədrisinin mövcud vəziyyətinin araşdırılması, ədəbiavtobioqrafiyaların tipologiyası və nəzəriyyəsi, dilin tədrisi problemlərinin öyrənilməsi daxildir.

Kafedranın akademik heyəti

   Kafedrada peşəkar professor-müəllim heyəti mövcuddur. Hal-hazırda kafedrada bir professor, dörd dosent, bir filologiya elmləri üzrə fəlsəfə doktoru, on iki müəllim və bir laborant fəaliyyət göstərir. Kafedranın əməkdaşları aşağıdakı kimidir:

  1. Filologiya üzrə fəlsəfə doktoru – baş müəllim - Natiq Adilov – kafedra müdiri
  2. Filologiya üzrə elmlər doktoru – professor – Şahin Xəlilli
  3. Filologiya üzrə fəlsəfə doktoru – dosent - Nərminə Əliyeva
  4. Filologiya üzrə fəlsəfə doktoru – dosent –Ziyafət Hüseynova
  5. Filologiya üzrə fəlsəfə doktoru – dosent – Şəfəq Dadaşova
  6. Filologiya üzrə fəlsəfə doktoru – dosent - Ətrabə Gül
  7. Müəllim – Sevda Hüseynova
  8. Müəllim – Nargilə Məmmədova
  9. Müəllim – Tamara Atakişiyeva
  10. Müəllim – Turanə Abdullayeva
  11. Müəllim – Aysel Mamedova
  12. Müəllim – Şahanə Musayeva
  13. Müəllim – Aydın Əliyev
  14. Müəllim – Tərgül Əlizadə
  15. Müəllim – Kənan Mahmudov
  16. Müəllim – Gülnar Əsgərova
  17. Müəllim – Xanım Cəfərli
  18. Müəllim – Aysel Soltanova
  19. Laborant – Vüsalə Qulamova

    Kafedrada işləyən professor-müəllim heyətinin yaş həddi 25-70-dır. Müəllim və əməkdaşların işə qəbulu Universitet rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlamaq yolu ilə həyata keçrilir.

  Kafedranın xarici əlaqələri

   Kafedra mütəmadi olaraq xarici mütəxəssislərin, səfirlərin tələbələrlə görüşünü təmin edir, tələbələrin xarici universitetlərdə mübadilə proqramları vasitəsilə təhsil almalarına köməklik göstərir, habelə, xarici ölkələrdə olan təcrübə proqramlarında iştirakını dəstəkləyir. Müəllimlərimiz tədqiqatçı kimi də tez-tez xarici ölkələrdəki universitetlərdə olur, oradakı həmkarları ilə fikir mübadiləsi edir, bilik və bacarıqlarını təkmilləşdirirlər. Kafedranın professor-müəllim heyətinin qazandığı beynəlxalq təcrübələr kadr hazırlığına böyük töhfə verir.Kafedra əməkdaşları “Erasmus”, “Chevening”, “Fulbright”, “JFDP” və s. elmi-akademik mübadilə proqramları çərçivəsində dünyanın aparıcı universitetlərində və tədqiqat institutlarında təlim və tədqiqat proqramlarında iştirak edərək öz ixtisaslarında peşəkar təcrübə əldə etmişlər.

 Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu

   Professor-müəllim heyətinin öz beynəlxalq təcrübələrini gələcəyin müəllimi və tərcüməçisi olacaq tələbələrlə paylaşması onları mübadilə proqramlarında iştirak etməyə təşviq edir. Kafedranın Tərcümə ixtisasının məzunları müxtəlif şirkət və təşkilatlarda tərcüməçi vəzifəsində çalışmaqla yanaşı eyni zamanda ölkəmizin müxtəlif şəhər və rayonlarında təşkil olunan tədbirlərə də dəvət alırlar. Məzunlarımız banklarda, müxtəlif şirkətlərin insan resursları şöbələrində, layihələrin idarə edilməsində, müxtəlif StartUp-larda və vörkşoplarda fəaliyyət göstərməklə yanaşı, istehsalat təcrübəsi üçün müxtəlif tərcümə şirkətlərinə, otellərə, turizm müəssisələrinə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinə, Azərbaycan Yazıçılar Birliyinə və başqa bu qəlibdən olan prestijli qurumlara yönləndirilirlər. Tələbələrimizin hazırlıq səviyyələri sözügedən müəssisələrin rəhbər işçilərinin diqqətini cəlb edir.Kafedranın Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) ixtisası məzunlarınınhal-hazırda işlədiyi müəssisələrin içərisində dövlət orta məktəbləri ilə yanaşı, Avropa Azərbaycan Məktəbi, SOCAR-ın Azərbaycan Britaniya Kolleci, Oxford İnternational School, İstək liseyləri, XXI əsr liseyi, Kaspi liseyi və s. kimi ingilis dilində tədris verən məktəblər var.Adı çəkilən müəssisələrdə tələbələrimiz pedaoqji təcrübə də keçirlər.Digər tərəfdən tələbələrimizin həm Azərbaycan, həm də xaricdə magistr adını qazanmaları, eyni zamanda peşəkar tərcüməçi kimi müxtəlif böyük miqyaslı Respublika tədbirlərində əldə etdikləri uğurlar və vətəni təmsil və vətənə xidmət əqidəsində olmaları onların bilik potensiallarını və vətənpərvərlik düşüncəsinə sahib olmalarını göstərir.Tələbələrin bəziləri TOEFL və ya IELTS üzrə beynəlxalq dil sertifikatlarına malikdir.

 Kafedranın maddi-texniki bazası (laborotoriyaları)

    Tərcümə ixtisası istiqamətində təhsil alan tələbələr sinxron tərcümə laborotoriyasında sinxron tərcümə prosesini praktiki olaraq icra etmə imkanı əldə edirlər. Kafedra nəzdində Sinxron Tərcümə Laboratoriyasının olması bu ixtisas üzrə təhsil alan tələbələrin ardıcıl və sinxron tərcümə vərdişlərinin inkişaf etdirilməsi üçün çox vacib amildir, çünki məhz quraşdırılmış müasir və beynəlxalq konfranslarda istifadə olunan cihazlar vasitəsi ilə tələbələr gələcək karyeraları üçün lazımi bacarıq əldə edirlər. Laborotoriyada 8 tərcümə və bir müəllim kabinəsi mövcuddur və bunlar vasitəsilə tələbələrdə bu sahədə vərdişlər formalaşdırılır.Bununla yanaşı, tələbələrin tədris prosesinin yüksək səviyyədə aparılması məqsədi ilə  müasir avadanlıqlarla təchiz edilmiş auditoriya otaqları, ədəbiyyatla zəngin kafedrakitabxanası mövcuddur.

 Kafedranın tələbələrə istiqamətli elmi və sosial fəaliyyəti

   Kafedrada bakalavr və magistr tələbələrinin Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqat işinə cəlb olunmasına xüsusi diqqət yetirilir. Qeyd edək ki, 2015/2016-cı tədris ilinin birinci yarsında Tələbə Elmi Cəmiyyəti xətti üzrə kafedranı təmsil edən bakalavr tələbələri respublika üzrə universitetlərarası keçirilən elm sərgisində birinci yerə layiq görülmüşdür və Elmi işlər üzrə prorektorluq tərəfindən “Təşəkkürnamə” ilə  təltif olunmuşdur. Kafedra mövcud ixtisaslar üzrə tələbələrə faydalı biliklər vermək və  digər universitetlərdən dəvət olunacaq müəllim və tələbə heyəti ilə elmi proqramlar aparmaq məqsədini hər zaman reallaşdırmağa çalışır. Eyni zamanda kafedra hər il may ayında ənənəvi olaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan “Gənc tədqiqatçıların elmi-praktiki konfransı”nda iştirak edir. Bu konfransda Azərbaycanda fəaliyyət göstərən universitet tələbələri iştirak edir və gələcək kariyeraları üçün gözəl təcrübə qazanırlar. Sevindirici haldır ki, ildən-ilə iştirakçıların sayında artım hiss olunur. Bundan əlavə, kafedranın tələbələri digər universitetlərdə də təşkil olunan konfranslarda fəal iştirak edib sertifikatlar qazanırlar.

 

 

 
 
 
 

©2019