BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

               PEDAQOJİ FAKÜLTƏSİ

                           TƏRCÜMƏ (İNGİLİS DİLİ) KAFEDRASI

 

Kafedranın (İxtisasın) aktuallığının əsaslandırılması

Tərcümə (ingilis dili) kafedrası 2017-ci ildən fəaliyyət göstərir. Qloballaşan dünyada Azərbaycanın öz həqiqətlərini bəyan etməklə beynəlxalq məkana inteqrasiyası mərhələsində tərcümə və tərcüməçilər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan təhsilinə və eləcə də cəmiyyətinə böyük töhfələr verən Universitetimizdə Tərcümə (ingilis dili) kafedrasının olması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Hal-hazırda Kafedranın tədris planı Təhsil Nazirliyinin qəbul etdiyi standartlar əsasında formalaşıb və onu da qeyd edək ki, seçməli fənlər olaraq müəyyən edilən fənlər xarici və yerli universitetlərin tədris proqramlarının ciddi şəkildə təhlil edilməsi nəticəsində müəyyən edilib. Həmin dərslər arasında texniki sahə ilə bağlı dərslərin mövcudluğu və ya bu dərslərin əlavə edilmə imkanının olması universitetdə hazırlanan kadrların gələcək fəaliyyətləri üçün vacibdir.Son illər ölkəmizdə ABŞ və bir sıra qabaqcıl Avropa ölkələrinin şirkətlərinin və ölkəmizin xarici əlaqələrinin davamlılığına tələbatın artdığı bir dövrdə BMU-da Tərcümə (ingilis dili) ixtisasının mövcudluğunun əhəmiyyəti bir daha nəzərə çarpır. 

 Kafedranın məqsədi

 Kafedranın əsas məqsədi yüksək səviyyəli, güclü ixtisas və pedaqoji biliklərə malik, tənqidi düşünə bilən, özünəinamlı, elmi-tədqiqat işləri aparan və bunlardan fəaliyyətində yaradıcılıqla istifadə edən, milli və ümumbəşəri dəyərləri özündə birləşdirən, ölkəmizin xarici əlaqələrinin inkişafına töhfə verən beynəlxalq səviyyəli tərcüməçilər yetişdirməkdir. Tərcümə (ingilis dili)  ixtisasını müvəffəqiyyətlə bitirən tələbələr bakalavr ixtisas dərəcəsinə yiyələnir və aldığı yüksək təhsil sayəsində istəyinə uyğun olaraq ya birbaşa peşə fəaliyyətinə başlamaq, ya da mövcud qəbul qaydalarına əsasən təhsilini magistratura pilləsində davam etdirmək imkanına malik olur.

 Kafedranın fəaliyyət istiqamətləri

 Bakı Mühəndislik Universitetinin Tərcümə (ingilis dili) kafedrası öz uğurlu fəaliyyəti ilə tərcüməçi kadrlar hazırlayır. İxtisaslı kadrların hazırlanması üçün zəruri olan nəzəri-praktik məlumatların düzgün şəkildə istifadə olunması da əsas fəaliyyət istiqamətlərindən biridir. Kafedranın digər elmi istiqamətlərindən biri də professor-müəllim heyətinin ingilis-Azərbaycan, Azərbaycan-ingilis dilləri üzrə lüğətlərin hazırlanma prosesindəki qüsurları aradan qaldırmaq və Azərbaycanda tərcüməşünaslığın inkişafına töhfə vermək məqsədilə lüğətlərin tərtibində yaxından iştirakıdır.

 Kafedranın akademik heyəti

 Kafedrada peşəkar professor-müəllim heyəti fəaliyyət göstərir. Onlar tərcüməşünaslığın incəliklərini və  tərcümə metodlarından düzgün istifadə qaydalarını tələbələrə öyrədirlər. Dörd illik bakalavr təhsili müddətində tələbələrimiz ilk növbədə tərcümə metodları, nəzəriyyəsi, üsulları və s. barədə ilkin vərdiş və bacarıqlara yiyələnirlər.  Sonrakı illərdə tələbələr hüquq, tibb, iqtisadiyyat, neft-qaz, mətbuat, sənədləşmə və bu kimi sahələrdə öyrəndiklərini tətbiq edərək şifahi və yazılı tərcümədə təkmilləşirlər. Tələbələrimiz elə təhsil aldıqları müddətdə uğurlu və əzmli fəaliyyətləri nəticəsində müxtəlif şifahi və yazılı tərcümə sifarişləri qəbul edirlər və bu da öz növbəsində onların gələcəkdə peşəkar tərcüməçi kimi yetişmələrinə təkan verir. Kafedra digər universitetlərdə fəaliyyət göstərən tərcümə kafedraları ilə sıx əlaqə qurur. Hal-hazırda Kafedranın ştatında bir filologiya elmləri üzrə fəlsəfə doktoru, iki dosent, beş müəllim və bir laborant fəaliyyət göstərir. Kafedranın əməkdaşları aşağıdakı kimidir:

1. Filologiya üzrə fəlsəfə doktoru – baş müəllim Natiq Adilov – kafedra müdiri

2. Filologiya üzrə fəlsəfə doktoru – Dos. Nərminə Əliyeva

3. Filologiya üzrə fəlsəfə doktoru – Dos. Ətrabə Gül

4. Müəllim – Sevda Hüseynova

5. Müəllim – Tərgül Əlizadə

6. Müəllim – Kənan Mahmudov

7. Müəllim – Gülnar Əsgərova

8. Assistent – Xanım Fətullayeva

9. Laborant – Aysel Soltanova

Onu da qeyd edək ki, laborant və müəllimlərimizdən biri keçən il Bakı Mühəndislik Universiteti Tərcümə (ingilis dili) ixtisası üzrə magistratura təhsilini başa vuran gənclər arasından seçilib işə qəbul olunmuşdur. Kafedrada işləyən professor-müəllim heyətinin yaş həddi 23-60-dır. Müəllim və əməkdaşların işə qəbulu Universitet rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlamaq yolu ilə həyata keçrilir.

 Kafedranın xarici əlaqələri

 Kafedra mütəmadi olaraq xarici mütəxəssislərin, səfirlərin, tərcüməçilərin tələbələrlə görüşünü təmin edir, tələbələrin xaricdə bir və ya iki semestrlik xarici universitetlərdə mübadilə proqramları vasitəsilə təhsil almalarına köməklik göstərir, habelə, xarici ölkələrdə olan təcrübə proqramlarında iştirakını dəstəkləyir. Müəllimlərimiz tədqiqatçı kimi də tez-tez xarici ölkələrdəki universitetlərdə olur, oradakı həmkarları ilə fikir mübadiləsi edir, bilik və bacarıqlarını təkmilləşdirirlər.

 Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu

 Kafedranın məzunları müxtəlif şirkət və təşkilatlarda tərcüməçi vəzifəsində çalışmaqla yanaşı eyni zamanda ölkəmizin müxtəlif şəhər və rayonlarında təşkil olunan tədbirlərə də dəvət alırlar. Bununla belə, tələbələrin bəziləri TOEFL və ya IELTS üzrə beynəlxalq dil sertifikatlarına malikdir. Məzunlarımız həmçinin banklarda, müxtəlif şirkələrin insan resursları şöbələrində, layihələrin idarə edilməsində, müxtəlif StartUp-larda və vörkşoplarda fəaliyyət göstərirlər. Tələbələrimiz istehsalat təcrübəsi üçün müxtəlif tərcümə şirkətlərinə, otellərə, turizm müəssisələrinə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinə, Azərbaycan Yazıçılar Birliyinə və s. prestijli qurumlara yönləndirilirlər. Tələbələrimizin hazırlıq səviyyələri sözügedən müəssisələrin rəhbər işçilərinin diqqətini cəlb edir.  Digər tərəfdən tələbələrimizin həm Azərbaycan, həm də xaricdə magistr adını qazanmaları, eyni zamanda peşəkar tərcüməçi kimi müxtəlif böyük miqyaslı Respublika tədbirlərində əldə etdikləri uğurlar və vətəni təmsil və vətənə xidmət əqidəsində olmaları onların bilik potensiallarını və vətənpərvərlik düşüncəsinə sahib olmalarını göstərir.

 Kafedranın maddi-texniki bazası (laborotoriyaları)

 Eyni zamanda tələbələrimiz hər cür maddi-texniki avadanlıqla təmin olunublar. Onlar sinxron tərcümə laborotoriyasında sinxron tərcümə prosesini praktiki olaraq icra etmə imkanı əldə edirlər. Kafedra nəzdində Sinxron Tərcümə Laboratoriyasının olması bu ixtisas üzrə təhsil alan tələbələrin ardıcıl və sinxron tərcümə vərdişlərinin inkişaf etdirilməsi üçün çox vacib amildir, çünki məhz quraşdırılmış müasir və Beynəlxalq Konfranslarda istifadə olunan cihazlar vasitəsi ilə tələbələr gələcək kariyeraları üçün lazımi bacarıq əldə edirlər. Laborotoriyada 8 tərcümə və bir müəllim kabinəsi mövcuddur və bunlar vasitəsilə tələbələrdə bu sahədə vərdişlər formalaşdırılır.

 Kafedranın tələbələrə istiqamətli elmi və sosial fəaliyyəti 

Kafedrada müntəzəm olaraq seminarlar, treyninqlər, məşhur tərcüməçilərlə görüşlər keçirilir, tələbələr onların peşəkar təcrübələrindən faydalanırlar. Bu görüşlərdə tələbələrimiz aktiv şəkildə iştirak edir və sertifikatlar əldə edirlər. Eyni zamanda Kafedra hər il may ayında ənənəvi olaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan “Gənc tədqiqatçıların elmi-praktiki konfransı”nda iştirak edir. Bu konfransda Azərbaycanda fəaliyyət göstərən universitet tələbələri iştirak edir və gələcək kariyeraları üçün gözəl təcrübə qazanırlar. Sevindirici haldır ki, ildən-ilə iştirakçıların sayında artım hiss olunur. Bundan əlavə, Kafedranın tələbələri digər universitetlərdə də təşkil olunan konfranslarda fəal iştirak edib sertifikatlar qazanırlar.

 
 
 

©2018