Rektor  

 Havar Məmmədov

       Texnika elmlər doktoru, professor,  

əməkdar elm xadimi

                                                                                                                                                                    

    Məmmədov Havar Əmir oğlu 1945-ci il iyul ayının 1-də Azərbaycan Respublikasının İmişli rayonu Qızılkənd kəndində kəndli ailəsində anadan olub. 1963-cü ildə İmişli rayon 34 saylı dəmiryolu orta məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) «Аvtomatika və hesablama texnikasi» fakültəsinin «Avtomatika və telemexanika» ixtisasına qəbul olub. Təhsil aldığı müddətdə tələbə elmi cəmiyyətinin sədri, qrup nümayəndəsi kimi fəaliyyət göstərib. Təhsildə və ictimai işlərdəki nаiliyyətlərə görə о zamanlar ən yüksək təqaüd olan V.İ. Lenin adına təqaüdə  layiq görülüb. 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək gənc mütəxəssis kimi «Avtomatika va telemexanika» kafedrasında assistent vəzifəsində çalışmağa başlayıb. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olub. 1971-1972-ci illərdə hərbi xidmətdə olub. 1974-cü ildə aspiranturada təhsilini başa vurub və kafedrada əmək fəailiyyətini davam etdirib.

   1974-1984-cü illərdə elmi-pedaqoji fəaliyyətlə yanaşı institutun komsomol və partiya komitəsinin seçkili orqanlarında iştirak edib. Müxtəlif vaxtlarda İnstitut komsomol və partiya komitələrinin katiblərinin müavini vəzifələrində çalışıb. 1983-1984-cü illərdə İnsti­tut partiya komitəsinin katibi vəzifəsini icra edib.

  1975-1984-cü ilin mart ayınadək institutun «İstehsal proseslərinin avtomatlaşdırılması va hesablama texnikası» kafedrasında assistent, baş müəllim vəzifələrində işləyib.

   1983-cü ildə «Ardıcıl kommutasiya zamanı paylanmış parametrli elektrik dövrələrində keçid prosesləri» mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb.

    1984-1989-cu illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Ko­mitəsinin «Elm və tədris müəssisələri» şöbəsində təlimatçı vəzifəsində işləyib.

    1989-1992-ci illərdə Azərbaycan Politexnik İnstitutunda əvvəlcə axşam və qiyabi təhsil, sonralar isə institutun tədris işləri üzrə prorektoru vəzifələrində çalışıb. 1993-2017-ci illərdə İstitutun «Elektron-hesablama aparatlarının konstruksiya edilməsi və istehsalı», «Nəqliyyatda avtomatika va telemexanika», «Аvtоmatika və idarəetmə» kafedralarının müdiri vəzifəsində çаlışıb. Hal-hazırda «Аvtоmatika və idarəetmə» kafedrasının müdiri vəzifəsində çаlışır.

   1998-ci ildə «Paylanmış  parametrli mürəkkəb elektrik dövrələrində kommutasiya proseslərinin tədqiq üsulları» mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsinə və 2003-ci ildə profes­sor elmi adına layiq görülüb.

    2000-ci ilin yanvar ayından 2016-cı ilin sentyabr ayınadək Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsində çalışıb.

    2016-cı ilin sentyabrından 2017-ci ilin mart ayınadək Qafqaz Universitetinin rektoru vəzifəsində çalışıb.

   Texniki sistemlərdə avtomatik idarəetmə  və informatika sahəsində 250-ə qədər elmi əsərin, о cümlədən, 4 monoqrafiyanın, 22 dərslik və dərs vəsaitinin, 10 pаtеntin  müəllifidir. Elmi məqalələrin bir hissəsi Amerikada, Yunanıstanda, Rusiyada, Ukraynada, Belarusiyada, Türkiyədə, İranda, Rumıniyada, Kiprdə va başqa ölkələrdə çap edilmişdir. Mütəmadi olaraq dünyanın bir sıra ölkələrində elmi konfranslarda, simpoziumlarda məruzələrlə çıxış edib. Rəhbərliyi altında 10-a qədər texnika üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə olunmuşdur. 2000-ci ildə Rusiya Mühəndislik Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həmin Akademiyanın həqiqi üzvü seçilib. 2001-ci ildən Beynəlxalq Еlmlər Akademiyasının həqiqi üzvüdür. Eyni zamanda Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Beynəlxalq Şərq Neft Akademiyasının müxbir üzvüdür. 2003-2004-cü illərdə Xəzəryanı dövlətlərin Universitetlərinin Assosiasiyasının prezidenti seçilib. 2005-ci ildə Kembricdə yerləşən Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən ilin Beynəlxalq alimi adına layiq görülüb. Dünyanın bir sıra aparıcı universitetlərinin fəxri doktoru və professorudur. Almaniyanın Köln Tətbiqi Elmlər Universitetinin senatının fəxri üzvü, Bolqarıstanın Varna Texniki Universitetin fəxri doktoru, Rusiyanın Astarxan və Rostov Texniki Universitetlərinin fəxri professoru, Ukraynanın Odessa Rabitə və İnformasiya Texnologiyaları Universitetinin fəxri doktorudur.

    2000-ci ildən 2017-ci ilin yanvar ayına kimi Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin qərarı ilə AzTU-da fəaliyyət göstərən İxtisaslaşdırılmış dоktоrluq və namizədlik dissertasiya şurasının sədri olub.

   2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafındakı xidmətlərinə görə “Şöhrət ordeni” ilə təltif olunub.

   2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərimə görə «Əməkdar elm xadimi» fəxri adı ilə təltif olunub.

    2000-2016-cı illərdə «Azərbaycan Neft təsərrüfatı» jurnalının redaksiya heyətinin üzvü, 2000-2016-cı illərdə AzTU-un Elmi Əsərləri jurnalının baş redaktoru olub. Hazırda «Аzərbaycan Мühəndislik Аkаdemiyası məcmuaları» və «Nəqliyyat hüququ» jurnallarının redaksiya heyətinin üzvüdür.

   2017-ci ilin mart ayının 16-da ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yeni yaradılmış Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsinə təyin edilib.

    Ailəlidir, 3 övladı, 9 nəvəsi var.

                                                                                                                        

 

 

 

 
 
 
 

©2019