Magistraturaya qəbul qaydaları

Magistraturaya tələbə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mərkəzləşdirilmiş şəkildə aşağıdakı qaydalara əsasən həyata keçirilir:

Ümumi müddəalar

 Azərbaycan vətəndaşları üçün:

 Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra bakalavrlar) malikdirlər.

 Ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların seçdikləri qəbul proqramı üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılır.

 Azərbaycan bölməsinin bakalavrlarına xarici dil kimi ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Azərbaycan filologiyası və ya tarix sahəsi üzrə Azərbaycan bölməsinin ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Filologiya, dilşünaslıq və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

 Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.

  Xarici vətəndaşlar üçün:

 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, magistraturaya yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmalara qəbul oluna bilərlər.

 Azərbaycanda təhsil almamış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, magistraturaya qəbul üçün Qafqaz universitetində xarici dildən və ixtisasdan imtahan verməlidirlər. Bundan əlavə Magistratura və Doktorantura şöbəsində onlarla intervyu aparılır.

 Azərbaycandan kənardakı ali məktəblərin bakalavr pilləsinin məzunu olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dil hazırlığını keçdikdən sonra və ya təlim dilini bilərsə eksternat yolu ilə dil hazırlığı üzrə imtahan verdikdən sonra magistr pilləsinə qəbul oluna bilərlər.

 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daha ətraflı məlumatı Magistratura və Doktorantura şöbəsindən əldə edə bələrlər.

 Ərizə qəbulu

 Bakalavrlar qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında elektron ərizəsini doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK-lara) tələb olunan (TQDK-nın rəsmi internet-saytında göstərilir) sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

 İxtisaslaşma seçimi

 Qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunduqdan sonra ikinci mərhələyə buraxılan bakalavrlar ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün proqram və ixtisaslaşma seçimi aparırlar.

 Bakalavr seçdiyi qəbul proqramına aid olan, bitirdiyi bakalavr ixtisasına uyğun ixtisaslaşmaları seçir, internet səhifəsindəki müvafiq elektron ərizə formasına istədiyi ardıcıllıqla daxil edir və müəyyən olunmuş müddət ərzində ixtisaslaşma seçimini  təsdiqləyir.

 Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

 Müsabiqə şərtləri

 Müsabiqə bakalavrın iki mərhələ üzrə imtahandan topladığı ümumi balı (balların cəmi) əsasında aparılır. Bakalavrların yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı nəzərə alınmaqla dövlət sifarişi ilə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisaslaşmaların qəbul planı çərçivəsində həyata keçirilir.

 Tədrisi ingilis dilində olan ixtisaslaşmalarda təhsil almaq və müsabiqədə iştirak etmək üçün bakalavrların ingilis dili üzrə test imtahanlarında topladığı bal 20-dən az olmamalıdır.

  Digər müddəalar

 Təhsilalma formasından asılı olmayaraq hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın həmin müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

 Qeyd: Magistraturaya gəbul qaydaları haqqında ətraflı məlumat TQDK-nın rəsmi internet səhifəsində və hər il qəbuldan əvvəl nəşr edilən “Abiturient” jurnalında əldə edilə bilər. 

 
 
 
 

©2017