BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

 Maliyyə kafedrası 

 

Maliyyə ixtisası nədir

Maliyyə ixtisası universitetlərin biznesin idarə edilməsi və iqtisadiyyat fakültələrinə aid olan ixtisaslardan biridir. İxtisas seçərkən sizin qarşınıza maliyyə menecmenti, maliyyə uçotu kimi çıxa bilər. Ümumiyyətlə, maliyyə şirkətin və ya dövlətin maliyyə resurslarının tapılması, biznesin idarəedilməsinin təşkili deməkdir. Mikrosəviyyədə desək, bizneslərin və şirkətlərin fəaliyyətini yerinə yetirmək üçün müxtəlif maliyyə resurslarına ehtiyac vardır. Bu fəaliyyət borcla və ya səhmdarların bir araya gəlməsi ilə təmin edilə bilər. Maliyyə ixtisasında bunların hansının daha effektiv olduğunu və ya hər ikisiylə birlikdə maliyyələşmənin daha effektiv olduğunu öyrənəcəksiz. Maliyyə ixtisası şirkətlərin mövcud olan maliyyə resurslarının necə idarəedilməsini öyrədir. Ümumiyyətlə  bu sahədə olan maliyyə sahəsinin təmini və idarəedilməsi deməkdir. Dövlət səviyyəsindədə eyni qayda olaraq gələn gəlirlərin, verginin və s. kimi mənbələrin müəyyən edilməsi, təmini, effektiv idarə edilməsi də maliyyə ixtisasında öyrənilir. Qısa olaraq, maliyyə ixtisası maliyyə mənbələrinin idarəedilməsi deməkdir

 

Niyə Maliyyə

Maliyyə mütəxəssislərinə demək olar ki, bir çox şirkətlərdə ehtiyac vardır.  Bütün şirkətlərin öz fəaliyyətlərini həyata keçirə bilməsi üçün maliyyə mənbələrinə ehtiyacı vardır. Maliyyə mənbələrinin tapılması və effektiv idarəedilməsini maliyyəçilər həyata keçirir. Əgər ixtisasınızı yaxşı bilirsinizsə, bu sahə üzrə məzun olduqdan sonra çox asanlıqla bütün özəl şirkətlərdə iş tapa biləcəksiniz. Bununla yanaşı, dövlətin maliyyə nazirliyində də asanlıqla iş tapa bilərsiniz. Bu ixtisası seçmək üçün iş tapmanın asanlığını bir səbəb kimi vurğulaya bilərik. Bundan əlavə, maliyyə mütəxəssisləri daha yüksək maaşla işləyirlər. Həm özəl şirkətlərdə, həm də dövlət şirkətlərində maaşın yüksək olması bu ixtisası seçmək üçün stimul ola bilər. Maliyyə ixtisası şirkətlər qarşısında rəqəmlərlə danışdığı üçün çox prestijli sayılır. Bu sahənin prestijli olması bu ixtisası seçmək üçün digər bir stimul ola bilər.

İş imkanları

Maliyyə ixtisası üzrə məzun olduqdan sonra asanlıqla bütün özəl şirkətlərdə iş tapmaq mümkündür. Şirkətlərin maliyyə şöbəsində işlə təmin edilə bilərlər. Həmçinin, bir çox kommersiya banklarında maliyyə şöbəsi, kredit şöbəsi və digər şöbələrdə iş tapmaq asanlığı vardır. Maliyyə ixtisası üzrə məzun olanlar investisiya sahəsi ilə məşğul ola bilərlər. Bir çox investisiya, yatırım şirkətlərində iş imkanları mövcuddur. Özəl sektorlarla yanaşı, dövlət müəssisələrindədə iş tapma imkanları vardır. Maliyyə nazirliyi, vergilər nazirliyində iş tapma imkanları daha yüksəkdir.

Hansı bilikləri alacaqsınız

Maliyyə ixtisası biznesin idarə edilməsi fakültəsinin bir ixtisası olduğu üçün mütləq biznesin idarə edilməsi sahəsi üzrə baza biliklərinə sahib olacaqsınız, yəni, marketinq, ümumi idarəetmə, təşkiletmə və s. kimi biliklərə yiyələnəcəksiniz. Növbəti illərdə makroiqtisadiyyat, iqtisadi nəzəriyyə kimi biliklərə yiyələnəcəksiniz. Mühasibat biliklərindən ümumi mühasibat, maya dəyərinin hesablanması, maliyyə cədvəllərinin analizi dərslərini öyrənəcəksiniz. Mühasibat və maliyyə bir-birinə çox yaxındır. Mühasibatsız maliyyə olmaz. Həmçinin, maliyyə riyaziyyatı, statistika biliklərinə sahib olacaqsız. İnvestisiya sahəsi maliyyənin çox vacib hissəsidir və bu sahəni öyrənəcəksiz. Dövlət maliyyəsi ilə əlaqəli vergi, vergi uçotu, büdçə siyasəti və s. kimi dərsləri keçəcəksiniz.

Kafedranın tələbələrinin  fəaliyyət istiqamətləri

Maliyyə kafedrasında 351 bakalavr və 32 magistr tələbə təhsil alır. Bakalavr təhsili İngilis və Azərbaycan dilindədir. Tələbələrdən 82 nəfər dövlət sifarişli və 650 baldan yuxarı toplayaraq universitetə daxil olub. 13 prezident təqaüdçüsü maliyyə ingilis dilli ixtisasında təhsil alır. Bu il məzun olan 50 tələbədən 20-ə yaxını  Turkiyə, İtaliya, Macaristan və s. kimi bir sıra xarici dövlətdə magistratura təhsilinə başlamışdır. 2016-2017  tədris ilndə 5 bakalavr və bir magistr tələbəmiz Erasmus mübadilə proqramı ilə Avropa universitetlərində təhsil almışdır. 2016-2017  tədris ilndə 20-ə  yaxın tələbəmiz SOCAR, Mərkəzi Bank, BP kimi aparıcı şirkətlərdə praktika imkanı əldə etmişdir. 10-a yaxın tələbəmiz Azercell, PaşaBank və digər qurumların təqaüdünü qazanmışdır. Məzunlarımızın yarıdan çoxu dünyanın dörd böyük maliyyə şirkətlərində (Big Four) çalışır. Bir sıra məzunlarımız isə dövlət qurumlarında və bank sektorlarında fəaliyyət göstərir.

Kafedranın akademik heyəti

Kafedranın əməkdaşlarının əksəriyyəti xarici ölkələrin ali məktəblərində təhsil alıblar. Kafedranın əməkdaşlarının 15-ə yaxın kitabı və 200-ə yaxın elmi məqaləsi çap edilib. Azərbaycan və xarici ölkələrdə bir çox təlim və seminarlarda iştirak etmişlər. Kafedranın rəhbəri dosent Elçin Süleymanov  2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO) və The Korea Institute for International Economic Policy (KIEP) ekspertidir və bu qurumların bir neçə nəşrlərində Azərbaycan üzrə hesabatların müəllifi olmuşdur. 16 Oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən ilk dəfə keçirilən “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibi olmuşdur. Məqalələri Renewable and Sustainable Energy Reviews, Economic Modelling , Economies, Expert Journal of Economics, International Journal Of Social Sciences And Humanity Studies, Academic Journal of Economic Studies kimi impakt faktorlu jurnallarda nəşr olunmuşdur. Bu jurnallardan bəzilərinin impakt faktoru 10-a yaxındır və bu Azərbaycandan ictimai elmlərdə impakt faktorlu jurnallarda nəşr olunan ən yüksək göstəricilərdəndir.

 

 
 
 

©2018