BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ

KİMYA MÜHƏNDİSLİYİ KAFEDRASI   

 

Ümumi məlumat

Azərbaycanın zəngin neft və təbii qaz yataqları və gündən günə inkişaf edən, böyüyən enerji sənayesi var. Bu sənayeni genişləndirmək və inkişaf etdirmək üçün yüksək keyfiyyətli mühəndis kadırlarına ehtiyac vardır. Tarixən azərbaycanlı mühəndislərin neft və qaz sənayesinə verdikləri töhfələr nəinki öz ölkəmizdə, hətta bütün dünyada önəmli rol oynamışdır. Onların misyasını davam etdirmək və genişləndirmək kimya mühəndisliyi bölməsinin əsas vəzifələrindən biridir. Sənayenin inkişaf tələblərini davam etdirmək üçün 2016-cu ildə Bakı Mühəndislik Universiteti qurulmuşdur.  

Ümumi məlumat / Sayta xoş gəldiniz

Səhifəmizə xoş gəlmişsiniz. Danılmaz faktdır ki, halhazırda bütün dünyada mühəndislik tədrisi genişlənir və inkişaf edir. Azərbaycanın universitetləri də bu inkişafı təqib edirlər. Yerli universitetlərdən məzun olan mühəndislərimiz fundamental elmi bilikləri olan kimya, fizika, riyaziyyat və digər texniki elmlərlə bərabər həmçinin, müxtəlif vəzifələri yerinə yetirən, inkişaf edən enerji sənayesi ilə ayaqlaşa bilməlidirlər. Buna görə də Bakı Mühəndislik Universitetinin bütün bu inkişafı təqib edə bilməsi çox vacibdir.

Əlavə olaraq, əlbəttə ki, daim inkişaf edə bilmək üçün müzakirələr aparılmalı, tədris proqramı dəyişən sənayenin tələblərinə uyğun olaraq daim yenilənməlidir.

Bakı Mühəndislik Universitetində kimya mühəndisliyi bölməsi 2016-cu ildə mühəndislik fakultəsinin nəzdində açılmışdır. Bölməmiz zəngin resurslara sahibdir. Bunlara yaxşı təchiz edilmiş laboratoriayalar, kitabxana və akademik mühit daxildir.

İstədiyiniz zaman universitetimizi və laboratoriyalarımızı ziyarət edə bilərsiniz.

Hörmətlə,

Assoc. Prof. Dr. Yusif Abdullayev

MƏQSƏDİMİZ

  • Müasir kimya mühəndislik proqramına uyğun olaraq laboratoriyaların qurulması
  • Sənaye ilə ayaqlaşa bilən proqramın tətbiqi
  • Bütün proseslərin sənaye ilə əlaqələndirilməsi
  • Ən yaxşı tələbələri cəlb etmək
  • Ölkənin inkişafında əsas rol oynayan neft və qeyri neft sektoruna xidmət etmək
  • Daha çox prestij qazanmaq 
  • BMU mühəndislik məktəbini genişləndirmək
  • Elmi təqiqatı inkişaf etdirmək

 Vizyon

Bakı Mühəndislik Universiteti Kimya Mühəndisliyi bölməsinin əsas məqsədi yenilənən və inkişaf edən dünyada öz sözünü deyə bilən, vətənini sevən, peşəkar kimya mühəndisləri yetişdirməkdir. Tədris dilinin ingilis dilində olması bizə beynəxalq kurrikulum sistemini tətbiq etməyə, xarici və dünya səviyyəli universitetlərdə istifadə olunan elmi ədəbiyyatdan faydalanmağa şərait yaradır. Azərbaycanın gözəl gələcəyi, onun güclü sənayesi deməkdir. Bizim məqsədimiz bu sənayeni ətraf mühit norma və standartları çərçivəsində quracaq və idarə edəcək mütəxəssislərin hazırlanmasıdır. 

Fəaliyyət / Təcrübə

Bölməmizdə təhsil alan bütün tələbələr dünya standartlarına cavab verən, müasir cihazlarla təmin olunmuş laboratoriyalarda təcrübələr aparmaq imkanına sahib olurlar. Təhsil müddəti ərzində müxtəlif yerli və xarici müəssələrdə təcrübələr keçir, universitetdə öyrəndikləri nəzəri bilikləri sənayedə tətbiq edir, biliklərini möhkəmlədirlər. Mütəmadi olaraq tələbələrimiz yay tətillərində bir ay müddətində Türkiyənin İzmir şəhərində yerləşən Petkim Holdinqdə təcrübə keçirlər. Tətilin ikinci ayında isə tələbələrimiz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP, AMEC, BASF və digər şirkətlərdə müsabiqə nəticəsində təcrübə keçmək imkanı əldə edirlər.

Fəaliyyət / Elmi tədqiqat və məqalələr

Bakı Mühəndislik Universiteti Kimya Mühəndisliyi bölməsində aşağıdakı elmi tədqiqat işləri həyata keçirilir.

Bərpa ediləbilən enerji mənbələri

Bakı Mühəndislik universitetinin kimya mühəndisliyi bölməsində dəniz suyundan hidrogen əldə etmək üçün geniş miqyaslı tədqiqat işlərinə start verilmişdir. Artıq 3 tələbə, 3 müəllim və 1 mühəndisdən təşkil olunmuş tədqiqat qrupu intensiv olaraq bu işlə bağlı fəaliyyət göstərir. Təkmilləşdirilmiş pilot bir cihaz qurulmuş və müvəffəqiyyətlə istifadəyə verilmişdir. Bu cihazın reaktor qismində altı ədəd elektrod quraşdırılmışdır və bu elektrodlarda anod tamamiylə izolyasiya edilmişdir. Katod və anod arasındakı keçiricilik membran vasitəsiylə təmin edilir. Membran kimi Azərbaycanın təbii mineral ehtiyatlarından istifadə olunur. Hal-hazırda tədqiqatımız zamandan asılı olaraq dəniz suyunda olan xlorid miqdarının necə dəyişdiyini öyərənmək istiqamətində davam edir. Korroziyaya davamlı olan qurğu dəniz suyundan istifadə etməyə imkan yaradır, alınan qaz qarışığında hidrogenin miqdarı yüksəkdir. Ekoloji təmiz yanacaq olan hidrogen bir sıra ölkələrdə bərpa olunan enerji mənbəsi kimi istifadə edilir və müasir dünyada hidrogenə olan tələbat gündən-günə artmaqdadır.

Üzvi sintez

Azotlu heterotsiklik  üzvi birləşmələrin sintezi üzərində tələbə və muəllimlərdən ibarət qrup işləyir. Tədqiqatın əsas istiqaməti tərkibində imidazol strukturu saxlayan birləşmələri sintez etməkdən ibarətdir. Bu tip birləşmələr sellilozanı həll etmək üçün istifadə edilə bilən ion mayelərinin hazırlanmasında, habelə müxtəlif dərman maddələrinin tərkibində istifadə edildiyi üçün böyük əhəmiyyət kəsb edir. Sellilozanı həll etməyin səmərəli üsulları dünyanın ən qabaqcıl elmi tədqiqat laboratoriyalarında öyrənilir. Məqsəd sellilozanı həll edib ondan avtomobil yanacağı kimi istifadə olana biləcək maddələrin sintez olunmasıdır. İon mayeləri bu sahədə ən geniş istifadə olunan maddələrdəndir.

Kompyuter hesablamaları kimyası

Kompyuter klasterlərinə bir çox proqramlar (software) yüklənilir və prosessorları parallel işlətməklə normal kompyuterlərdə uzun zaman, illərlə, ala biləcək əməliyyatları qəbul olunan dərəcədə qısa zaman kəsiyində həyata keçirmək mümkün olur. İnternet vasitəsiylə mərkəzin klasterində istifadəçi adları verilir və dünyanın hər hansı bir yerindən tədqiqatçılar öz sahələri ilə bağlı sistemə əmrlər göndərə bilər və əməliyyatların nəticəsini əldə edə bilirlər. Ölkəmizdə və qonşu dövlətlərdə belə bir sistemin olmadığını nəzərə alsaq klasterlərə tələbatın çox olduğunu təxmin etmək mümkündür. Bu klasterlər bir çox əməliyyatlar etmə imkanına malikdir. Məsələn kimyəvi reaksiyalarda komponentlərin minimum enerjisini hesablamaqla (istifadə edilən proqram: Gaussian) gedişatın mümkünlüyü ilə bağlı fikir yürütmək imkanı yaradır. Bu da proseslərin praktiki olaraq yoxlanması zərurətini ortadan qaldıraraq, tədqiqatın iqtisadi baxımdan səmərəliliyini artırır. Belə proqramlar vasitəsiylə fizika, biofizika, farmakologiya və digər sahələrdə  kompleks biomolekulların quruluş – funksiya əlaqələrini tədqiq etmək mümkündür.

Kimya mühəndsiliyi bölməsinin nəzdində bu istiqamətdə elmi-tədqiqat işləri Amerika Birləşmiş Ştatları Emori Universitetinin Emerson Elmi Hesablamalar Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Laboratoriyalar

Bakı Mühəndislik Universiteti Kimya Mühəndisliyi Bölməsində bakalavr və magistr hazırlığı həyata keçirilir. Tədris üçün nəzərdə tutulmuş laboratoriya fəaliyyəti ilə eyni zamanda elmi tədqiqat işləri də görülür. Tələbələr elə ilk kursdan ümumi kimya dərsində teoretik bilgilərə yiyələndikdən sonra praktiki fəaliyyətlə məşğul olur, analitik kimya, üzvi kimya, fiziki kimya, maye mexanikası kimi dərslərdə də bu tendensiya davam edir və ən nəhayət kimya mühəndisliyi laboratoriyaları I və kimya mühəndisliyi laboratoriyaları II dərslərində mühəndislik sahəsində istifadə olunan cihazların laborator maştabda necə çalışdığını öyrənir,müəyyən eksperiment və hesablamalar aparırlar.

Laboratoriyalar / Kimya mühəndisliyi laboratoriyası(I)

Təməl işləmlər laboratoriyası

Təməl işləmlər laboratoriyası tələbələrə, kimya mühəndisliyinin əsas prinsiplərini öyrənməyə və praktikada yerinə yetirməyə imkan verir. Laboratoriya özündə sənaye əhəmiyyətli avadanlıqları ehtiva edir. Bu avadanlıqlara distillə kolonu ( fraksiyalı və birbaşa ), əks və parallel axın prinsipli istilik mübadilə sistemləri, ion mübadilə qurğusu, qaz absorpsiya və maye-maye ekstraksiya kolonu, konveksiyalı qurutma cihazı aiddir. Bu mexanizmlər tələbələri böyük miqyaslı istehsal prosesləri ilə tanış etmək üçün nəzərdə tutulmuşdur. Bu laboratoriyada tələbələr qruplar şəklində işləyir və dərsdə öyrəndikləri bilikləri laboratoriya fəaliyyəti ilə möhkəmləndirirlər. 

Laboratoriyalar / Kimya mühəndisliyi laboratoriyası(II)

Texnoloji proseslər laboratoriyası

Texnoloji proseslər laboratoriyası kimyəvi, fiziki, və bioloji proseslərin kompyuter texnologiyası vasitəsi ilə layihələndirilməsi, istiqamətləndirilməsi, idarə olunması və optimallaşdırılması üçün nəzərdə tutulmuşdur. Bu laboratoriyada kimya mühəndisliyində çox geniş istifadə olunan kontrol və avtomatlaşdırma üçün nəzərdə tutulan sistemləri öyrənmək üçün təzyiq, temperatur, axın sürəti, səviyyə kontrolu cihazları ilə yanaşı, çirkli suların təmizlənməsi üçün istifadə olunan, əks osmos prinsipi ilə çalışan membran təmizləmə qurğusu, su soyutma qüllələri də vardır. Tələbələr sözü gedə cihazlarda eksperimental hesablamalar aparmaqla sənayedə baş verən proseslərin necə getdiyini laboratoriya maştabında müşahidə edə bilirlər.

Laboratoriyalar / Fiziki kimya laboratoriyası

Laboratoriyada fiziki kimya ilə bağlı tədqiqatlar etmək üçün kifayət qədər müasir cihazlar mövcuddur. Tələbələrin sərbəst işləyə biləcəyi cihazların əksəriyyəti kompyuter dəstəklidir. Bu cihazlara ion mübadilə sistemi, adsorbsiya kolonları, karbon diokisid mühitində korroziyanın tədqiqi cihazı və digərləri daxildir.

Laboratoriyalar / Üzvi kimya laboratoriyası

Üzvi kimya laboratoriyasında tələbələr həm dərsdə keçdikləri sintez metodlarını və çevrilmələri öyrənir,  həm də həyata keçirilən elmi tədqiqat işlərində çalışa bilirlər. Ən müasir sintezləri aparmaq üçün lazım olan cihazlarla təmin edilən laboratoriyalarda alınan maddələri bir-birindən ayırmaq üçün istifadə edilən qurğular da vardır. Sintez olunmuş maddələrin saflığını, ərimə və qaynama temperaturlarını laboratoriyada öyrənmək mümkündür. 

Laboratoriyalar / Analitik kimya laboratoriyası

Analitik kimya və instrumental analiz dərsinin əsas predmeti kimyəvi analizləri və hesablamaların aparılmasıdır. Analitik kimya laboratoriyalarında tələbələr əsas olaraq titrləmə metodları, qravimetrik analizləri aparır, spektrofotometr, alov fotometri, viskometr kimi cihazların işləmə prinsipləri ilə tanış olurlar. Tərkibində az miqdarda su olan neft və ona bənzər məhsulların analizinin həyata keçirildiyi və suyun miqdarının dəqiq ölçülməsində istifadə olunan Karl-Fisher apparatı da analitik kimya dərslərində tədris olunur. Qarışıqların tərkibində olan heterogen maddələri çökdürmək üçün istifadə olunan sentrefuqlar bütün digər laboratoriyalarımızda olduğu kimi analitik kimya laboratoriyasında da vardır və tədris zamanı aktiv şəkildə istifadə olunur. Kimya fənninin tədrisi üçün çoxlu miqdarda distillə olunmuş suya ehtiyac duyulduğunu nəzərə alaraq analitik kimya laboratoriyası distillə suyu cihazı ilə də təchiz olunmuşdur.

 

Laboratoriyalar / Ümumi kimya laboratoriyası

Laboratoriya  ümumi kimyanın əsas mövzularının prinsip və anlayışlarını öyrətmək üçün nəzərdə tutulmuşdur. Bundan başqa laboratoriya tələbələrə məlumatların yığılması və analizi, təcrübə hesabatının hazırlanması və məlumat kitablarından istifadəni aşılayır. Kurs ərzində tələbələrə laboratoriyada təhlükəsizlik texnikası qaydaları və dəqiq tədqiqat üsulları öyrədilir. Ümumi kimya fənninin tərkibində həmçinin qeyri-üzvi maddələrin xassələri və onların çevrilmələri öyrənildiyi üçün bu sahədə olan bütün eksperimentlər praktiki fəaliyyət olaraq keçirilir, tələbələr dərsdə keçdikləri reaksiyaları laboratoriyada aparırlar. 

Məşvərət Şurası

Missiyası

Kimya Mühəndisliyi Bölməsi Məşvərət Şurasınn əsas məqsədi təhsil və elmi tədqiqatın inkişafı üçün rəy və dəstəyin verilməsidir. Şuraya üzv olan şəxslər şirkət və sənaye rəhbərləri arasından seçilir və könüllülük prinsipinə əsaslanır. Kimya mühəndisliyi bölümü tələbələrinin uğurlu karyera qura bilmələri üçün şuranın verdiyi məsləhətlər diqqətə alınır. Elmi tədqiqat laboratoriyalarının qurulması və perspektivli tədqiqat yönlərinin təyin edilməsi şura üzvləri tərəfindən müzakirə edilib bölməyə müvafiq qərarlar şəklində təqdim edilir. Semesterdə ən az bir dəfə olmaq şərtiylə Məşvərət Şurası görüşü təşkil edilməli və şuranın bütün üzvləri Bakı Mühəndislik Universitetində iclas keçirməlidir.

 

 

      

 
 
 

©2018