Magistraturaya qəbul qaydaları

Magistraturaya tələbə qəbulu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş şəkildə aşağıdakı qaydalara əsasən həyata keçirilir.

Ümumi müddəalar

Azərbaycan vətəndaşları üçün

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra bakalavrlar) malikdirlər.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdəki nəticələri DİM tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların seçdikləri qəbul proqramı üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılır.

Azərbaycan bölməsinin bakalavrlarına xarici dil kimi ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Azərbaycan filologiyası və ya tarix sahəsi üzrə Azərbaycan bölməsinin ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Filologiya, dilşünaslıq və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər və onların ingilis dili üzrə topladığı bal DİM tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.

 Xarici vətəndaşlar üçün

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, magistraturaya yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmalara qəbul oluna bilərlər.

Azərbaycanda təhsil almamış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, magistraturaya qəbul üçün Bakı Mühəndislik Universitetində xarici dildən və ixtisasdan imtahan verməlidirlər. Bundan əlavə Magistratura və Doktorantura şöbəsində onlarla intervyu aparılır.

Azərbaycandan kənardakı ali məktəblərin bakalavr pilləsinin məzunu olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dil hazırlığını keçdikdən sonra və ya təlim dilini bilərsə eksternat yolu ilə dil hazırlığı üzrə imtahan verdikdən sonra magistr pilləsinə qəbul oluna bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daha ətraflı məlumatı Magistratura və Doktorantura şöbəsindən əldə edə bələrlər.

Ərizə qəbulu

Bakalavrlar qəbul imtahanında iştirak etmək üçün DİM-ın rəsmi internet saytında elektron ərizəsini doldurmalı və DİM tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK-lara) tələb olunan (DİM-ın rəsmi internet-saytında göstərilir) sənədləri şəxsən təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

İxtisaslaşma seçimi

Qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunduqdan sonra ikinci mərhələyə buraxılan bakalavrlar ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün proqram və ixtisaslaşma seçimi aparırlar.

Bakalavr seçdiyi qəbul proqramına aid olan, bitirdiyi bakalavr ixtisasına uyğun ixtisaslaşmaları seçir, internet səhifəsindəki müvafiq elektron ərizə formasına istədiyi ardıcıllıqla daxil edir və müəyyən olunmuş müddət ərzində ixtisaslaşma seçimini  təsdiqləyir.

Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Müsabiqə şərtləri

Müsabiqə bakalavrın iki mərhələ üzrə imtahandan topladığı ümumi balı (balların cəmi) əsasında aparılır. Bakalavrların yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı nəzərə alınmaqla dövlət sifarişi ilə qəbulun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisaslaşmaların qəbul planı çərçivəsində həyata keçirilir.

Tədrisi ingilis dilində olan ixtisaslaşmalarda təhsil almaq və müsabiqədə iştirak etmək üçün bakalavrların ingilis dili üzrə test imtahanlarında topladığı bal 20-dən az olmamalıdır.

 Digər müddəalar

Təhsilalma formasından asılı olmayaraq hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın həmin müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd: Magistraturaya gəbul qaydaları haqqında ətraflı məlumat DİM-ın rəsmi internet səhifəsində və hər il qəbuldan əvvəl nəşr edilən “Abiturient” jurnalında əldə edilə bilər. 

 

Magistrantların hesabat 

Q A Y D A L A R I

 

1.   1.    Ümumi müddəalar

1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”na, Azərbaycan Respublikası Təhsil Nazirinin 1998-ci il 20 aprel tarixli 202 nömrəli əmri ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında əsasnamə”yə əsasən hazırlanmışdır və Bakı Mühəndislik Universitetində magistrantların vahid hesabat qaydalarını müəyyən edir.

1.2. Magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, pedaqoji və peşəkar hazırlıqdan, eləcə də elmi tədqiqat işlərindən ibarətdir. Magistrin nəzəri təlimi və pedaqoji hazırlığı humanitar, ixtisas və ixtisaslaşma fənlərinin mühazirə, məşğələ, seminar, məsləhət, sərbəst iş, pedaqoji təcrübə və s. formada öyrənməsi ilə təmin olunur.

Magistrin elmi tədqiqat sahəsində hazırlığı konkret tədqiqat fəaliyyətinin tələblərinə uyğun olaraq, müasir üsullarla araşdırmaların aparılması və dissertasiya işinin hazırlanması ilə təmin olunur.

1.3.Təhsil müddətində magistrantlar Bakı Mühəndislik Universitetinin müvafiq fakültə Elmi şuraları tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.

1.4.  Magistrant təhsil müddətində:

- peşə biliklərinə dərindən yiyələnməli;

- müstəqil elmi-tədqiqat işi aparmaq vərdişləri əldə etməli;

- elmi-tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;

- fərdi iş planını tam yerinə yetirməli;

- elmi-tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;

- elmi-tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;

- elmi-tədqiqat işini bitirməlidir.

   Magistrantlar hər tədris semestrində bir dəfədən az olmamaq şərtilə hesabat verməlidirlər.

1.5. Magistrantların fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçirilir.

1.6. Magistraturanın axırıncı yekun semestrində magistrlik dissertasiyasının müdafiəsi və ya buraxılış imtahanı verilməsi nəzərdə tutulur. Magistrlik dissertasiyası elmi rəhbərin (zəruri hallarda həm də məsləhətçilərin) rəhbərliyi altında yerinə yetirilən müstəqil elmi-tədqiqat və təcrübi-konstruktor işidir.

1.7. Magistrlik dissertasiyaları yerinə yetirilməyə başlanana qədər magistrantın təhkim olunduğu kafedra müvafiq fakültələr və Magistratura və doktorantura şöbəsi (magistraturaya məsul şəxs) ilə birlikdə ixtisas üzrə dissertasiyalara qoyulan məcburi tələbləri müəyyən edən metodiki göstərişlər hazırlamalı və magistrantları bu göstərişlərlə tanış etməlidir.

1.8. Magistrantın elmi rəhbəri:

- magistranta dissertasiyası üçün tapşırıq verir;

- magistranta dissertasiyanın yerinə yetirilmə dövrünü əhatə edən fərdi iş planının hazırlanmasında köməklik göstərir;

- magistranta dissertasiya işi üçün lazım olan elmi metodik ədəbiyyatı, məlumat və arxiv materiallarını, layihələri və digər mənbələri tövsiyə edir;

- magistrantla müntəzəm olaraq fərdi iş planına uyğun söhbətlər aparır, ona elmi-metodik məsləhətlər verir.

1.9. Magistrlik dissertasiyasında şərh olunan məlumatların düzgünlüyü üçün magistrant məsuliyyət daşıyır.

 

1.  2.    Magistrantların hesabatı

2.1.Magistrantlar  hər tədris ilinin qış və yay sessiyasının sonunda (qış - fevral ayı ərzində, yay - sentyabr ayı ərzində) Bakı Mühəndislik Universiteti tərəfindən qəbul edilmiş bu Qaydalara uyğun olaraq  hesabat verirlər və IV semestrin sonunda yekun attestasiya (tədris planının bütün şərtlərini yerinə yetirmiş magistrantlar  yekun attestasiyaya buraxılırlar, yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsi və ya ixtisas fənləri üzrə imtahanlardan ibarətdir) keçməlidirlər.

2.2. Hesabat üçün magistrantların tədris və elmi-tədqiqat işinin məzmunu  magistrantın fərdi iş planı ilə müəyyən edilir.

2.3.Hesabatın verilməsində məqsəd magistrantın fərdi iş planında cari (ötən) semestr üçün nəzərdə tutulmuş fəaliyyətinin dəyərləndirilməsidir. Magistrantın növbəti semestr-də təhsilini davam etdirməsinə hazırlıq dərəcəsi  hesabatın nəticəsinə əsasən müəyyən edilir.

2.4. Magistrantın fərdi iş planının yerinə yetirilməsinə kafedra, fakültə və Magistratura və doktorantura şöbəsi tərəfindən müntəzəm olaraq nəzarət edilir. Hesabatın verilmə qrafi-kini kafedra rəhbərliyi  fakültə dekanı  ilə razılaşdıraraq hazırlayır, kafedralar üzrə hesa-batın vaxtını fakültə rəhbərliyi müəyyən edir  və Magistratura və doktorantura şöbəsinə, magistrantlara  qabaqcadan bildirilir.

 2.5. Təhsil haqqı borcu olan magistrant hesabata buraxılmır. Bu haqda kafedralar magistrantı məlumatlandırır.

 2.6. Hesabatın keçirilməsi üçün magistrant müvafiq kafedradan fərdi iş planını götürür, hesabat verilən semestr üçün yerinə yetirdiyi işlər haqqında lazımi qeydləri aparır və təhkim olunduğu kafedraya təqdim edir.

2.7. Magistrant elmi rəhbərinin də iştirak etdiyi kafedra iclasında cari semestr ərzində yerinə yetirdiyi işlər haqqında hesabat verir və fərdi iş planında nəzərdə tutulan işlərin nəticələrini təqdim edir. Magistrant, eyni zamanda, sonrakı semestr üçün iş planı haqqında məlumat verir.

2.8. Elmi rəhbər hesabat müddəti ərzində magistrantın elmi fəaliyyətinə qiymət verməlidir.

2.9. Kafedrada hesabat keçirildikdən sonra fərdi iş planı imzalanır və kafedranın müzakirə protokolundan çıxarışla birlikdə müvafiq Fakültə Elmi Şurasına təqdim olunur. Kafedra tərəfindən hesabat aşağıdakı kimi qəbul olunur:

· hesabat qəbul olunsun (nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirilib və növbəti semestrdə təhsilini davam etdirməsi tövsiyə olunur);

· hesabat şərti qəbul olunsun (nəzərdə tutulan işlərin müəyyən hissəsi yerinə yetirilib və kafedra tərəfindən müəyyən edilmiş müddət ərzində tam həcmdə yerinə yetirilməsi tələb edilir);

· hesabat qəbul olunmasın (üzrsüz səbəbdən nəzərdə tutulan işlər yerinə yetirilməmişdir).

Hesabatın nəticələrinə görə magistrantın tədris və dissertasiya işinin  hazırlıq dərəcəsi müəyyənləşdirilir.

Müvafiq Fakültənin Elmi Şurasında hesabat verildikdən sonra fərdi iş planı imzalanır, kafedranın müzakirə protokolundan çıxarış və müvafiq Fakültə Elmi Şurasının müzakirə protokolundan çıxarış birlikdə Magistratura və doktorantura şöbəsinə təqdim edilir.

Üzrsüz səbəblərə görə fərdi iş planını yerinə yetirməyən, təhkim olunduğu kafedra ilə əlaqə saxlamayan şəxs hesabat verməmiş hesab olunur .

       3.Magistraturada yekun attestasiya

3.1. Ali təhsilin magistratura səviyyəsində təhsilin yekun mərhələsi magistrlik dissertasiyasının müdafiəsidir (ixtisasdan asılı olaraq buraxılış imtahanı da ola bilər).

3.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş magistrantlar yekun attestasiyaya buraxılırlar.

3.3. Magistrlik dissertasiyasının müdafiəsi bir qayda olaraq may-iyun aylarında təsdiq olunmuş qrafik əsasında keçirilir. Magistrlik dissertasiyasının müdafiəsi yalnız üzrlü səbəblər olduqda, müyyən olunmuş qaydalar əsasında başqa vaxta keçirilə bilər.

3.4. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsi və ya ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır.

3.5. Magistrant öz dissertasiya işini bitirdikdən və qoyulan tələblərə uyğun tərtib etdikdən sonra referatla birlikdə elmi rəhbərə təqdim edilir. Elmi rəhbər işi yoxlayıb, bəyəndikdən sonra yazılı rəyi ilə birlikdə ilkin müzakirə üçün kafedraya təqdim edir. Rəydə dissertasiyanın bütün bölmələri üzrə görülmüş iş səciyyələndirilir və alınan nəticələrin doğruluğu əsaslandırılır. Dissertasiya kafedrada müzakirə edilir və yekun rəylə birlikdə fakültə dekanına təqdim olunur. Fakültə dekanı təqdim olunmuş materialların müdafiəyə buraxılması barədə qərar qəbul edir və magistrlik dissertasiyasının titul vərəqində müvafiq qeydlər aparır.

Fakültə dekanı magistrantı dissertasiya müdafiəsinə buraxmağı mümkün hesab etmədikdə bu məsələyə elmi rəhbərin iştirakı ilə dekanlıqda baxılır.

3.6. Müdafiəyə buraxılmış magistrlik dissertasiyaları müvafiq kafedra tərəfindən ən azı 15 gün qalmış rəsmi rəyçiyə göndərilir.

Rəsmi rəyçilər elmi və istehsalat müəssisələrində çalışan aparıcı mütəxəssislər, həmin ali məktəbdə və ya digər ali məktəblərdə çalışan elmi dərəcəyə malik mütəxəssislər sırasından təyin oluna bilər.

3.7. Rəsmi rəyçi magistrlik dissertasiyasını araşdıraraq yazılı rəy hazırlayıb ixtisaslaşdırılmış şuraya təqdim edir. Həmin rəydə mövzunun aktuallığı, onun nəticələrinin yeniliyi və işin magistrlik dissertasiyalarına qoyulan tələbələrə cavab verməsi öz əksini tapmalıdır.

Rəsmi rəyçinin yazılı rəyi müdafiəyə ən azı 5 gün qalmış magistrantın razılığı ilə təqdim oluna bilər. Rəsmi rəyçi yazdığı rəyin keyfiyyəti və obyektivliyi, rəyin təyin edilmiş müddətində magistrant və ya ixtisaslaşdırılmış şuraya təqdim edilməsi üçün cavabdehdir.

3.8. Magistrlik dissertasiyasının ixtisaslaşdırılmış şurada müdafiəsi üçün magistrant müdafiəyə ən azı 3 gün qalmış şuraya aşağıdakı sənədləri təqdim edir:

- ərizə (dekanın müvafiq dərkənarı ilə);

- elmi rəhbərin rəyi;

- magistrlik dissertasiyası – 1 nüsxə (müdafiədən sonra fakültədə saxlanılır);

- referat 1 nüsxə (müdafiədən sonra fakültədə saxlanılır);

- rəsmi rəyçinin rəyi;

- magistrantın fərdi iş planı.

3.9. İxtisaslaşdırılmış şuranın katibi sənədləri yoxlayıb qəbul edir, müdafiənin vaxtı və keçirəcəyi yer barədə referatda müvafiq qeydlər aparır.

3.10. Əgər, tələb olunan sənədlər və materiallar magistrant tərəfindən vaxtında təqdim olunmazsa, müdafiənin vaxtı yalnız üzrlü səbəblər olduqda müəyyən olunmuş qaydalara uyğun dəyişdirilə bilər.

3.11. İxtisaslaşdırılmış şuranın iclası onun işində təsdiq olunmuş tərkibin ən azı üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.

3.12. Magistrlik dissertasiyasının açıq müdafiəsi elmi müzakirə xarakteri daşımalı, yüksək tələbkarlıq, prinsipiallıq və elmi riayət şəklində keçməlidir. Bu zaman dissertasiyada olan bütün nəticələrin, elmi və praktiki xarakterli təkliflərin dürüstlüyü və əsaslandırılması hərtərəfli təhlil edilməlidir.

Elmi rəhbər və rəsmi rəyçilər müsbət rəy təqdim etdikdə müdafiədə iştirak etməyə bilərlər.

İxtisaslaşdırılmış şurada hər magistrlik dissertasiyasının müdafiəsi üçün minimum 45 dəqiqə vaxt ayrılır ki, onun da 10-15 dəqiqəyə qədəri magistrantın məruzəsi üçün nəzərdə tutulub.

 3.13.   Magistrlik dissertasiyalarının müdafiəsi zamanı magistrantın biliyinin qiymətlən-dirilməsi sadə səs çoxluğu əsasında açıq səsvermə yolu ilə aparılır. Magistrlik dissertasiyasının müdafiəsi “qeyri-kafi” (51 baldan aşağı-F) , “qənaəbəxş” (51-60 bal-E), “kafi” (61-70 bal-D), “yaxşı”(71-80 bal –C), “çox yaxşı” (81-90 bal-B), “əla”(91-100 bal-A) qiymətlərlə qiymətləndirilir.

Dissertasiyanın müdafiəsi qurtardıqdan sonra ixtisaslaşdırılmış şuranın üzvləri mövcud qaydada səsvermə keçirir. Əgər iclasda iştirak edən şura üzvlərinin yarıdan çoxu magistr dərəcəsi verilməsinin lehinə səs vermişdirsə, ixtisaslaşdırılmış şuranın qərarı ilə magistr dərəcəsi verilir.

3.14. Əgər dissertasiya barədə ixtisaslaşdırılmış şura mənfi qərar qəbul edərsə, onun yenidən müdafiəsinə işdəki çatışmazlıqlar aradan qaldırılmaqla, mənfi qərar qəbul edilən gündən ən azı bir ay müddət keçdikdən sonra icazə verilir. Əgər dissertasiya barədə yenidən mənfi qərar çıxarılarsa, onun yeni mövzuda təkrar (2 dəfədən çox olmamaqla) müdafiəsinə növbəti tədris ilinin məzunlarının dissertasiya müdafiəsi üçün müəyyən olunmuş müddətdə icazə verilir.

3.15. Təkrar müdafiə olmadıqda, magistranta müvafiq proqramı dinlədiyi haqda arayış verilir.

3.16. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir.

3.17. Ali təhsil müəssisələrində magistratura səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş və magistr ali elmi-ixtisas dərəcəsi almış şəxslərə müəyyən olunmuş formada dövlət nümunəli diplom verilir.

3.18. Magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Magistr dissertasiyasının yazılması üçün metodik tövsiyələr 

   Ümumi dissertasiya strukturu: 

- üz (titul) vərəqi; 
- mündəricat; 
- ixtisarların siyahısı (dissertasiyada varsa); 
- giriş; 
- əsas hissə (dissertasiyanın məzmunu); 
- nəticə; 
- istifadə edilmiş ədəbiyyat; 
- əlavələr. 

Bir qayda olaraq dissertasiyanın “Giriş” hissəsi aşağıdakıları əhatə edir:

- Mövzunun aktuallığı;

- Tədqiqatın əsas məqsədi və vəzifələri;

- Tədqiqatın obyekti və predmeti;

- Tədqiqatın informasiya bazası və işlənməsi metodları;

- Tədqiqatın elmi yeniliyi;

- Tədqiqatın praktiki əhəmiyyəti.

Tədqiqatın aktuallığı - seçilmiş mövzu və ya problemin vacibliyi, onun tədqiq edilməsinin zəruriliyi fakt və dəlillərlə əsaslandırılır. Problemin mahiyyəti, fərqləndirici xüsusiyyətləri, mürəkkəbliyi və s. kimi aspektlər öz əksini tapır.

Tədqiqatın məqsəd və vəzifələri – tədqiqat nəticələrinin şüurda, təfəkkürdə aydın surətdə təsvir edilməsidir. Aparılan tədqiqatla əldə edilməyə çalışılan niyyət, məram, arzudur. Tədqiqatın məqsədi öncədən ümumiləşmiş halda tədqiqatçının xəyalında, əqlində öz əksini tapır, sonra buna uyğun olaraq tədqiqatın bütün digər komponentləri seçilir. Məqsədin ardından məqsəddən irəli gələn tədqiqatın vəzifələri şərh olunur. Tədqiqatın vəzifələri konkret istiqamətləri səciyyələndirir və adətən: öyrənilir, müəyyən edilir, təyin olunur, şərhi verilir, göstərilir, araşdırılır, ümumiləşdirilir və s. kimi ifadə sonluqları əsasında formalaşdırılır.

Tədqiqatın obyekti və predmeti – Tədqiqatın obyekti mövzunun öyrənilməsi, tədqiq edilməsi ücün seçilmiş yer, məkan, predmet, hadisə və ya prosesi ifadə edir. Predmet isə tədqiqat işinə təyinat verir, tədqiqatın mövzusunu müəyyənləşdirir və bu baxımdan da dissertasiyanın titul vərəqində təsbit olunan adla uzlaşır.

Tədqiqatın informasiya bazası və işlənməsi metodları – burada əldə edilən materialların, informasiyaların (rəsmi, elmi, ədəbiyyat, biblioqrafik) mənbələri və tədqiqat zamanı müəllif tərəfindən istifadə edilən tədqiqat  metodları (məsələn, ümumiləşdirmə, sistemləşdirmə, qruplaşdırma, müqayisə etmə, təhlil, ölçmə və s. kimi nəzəri; müşahidə, müsahibə, eksperiment kimi empirik; mücərrədləşdirmə, induksiya və deduksiya, modelləşdirmə və s. kimi həm emprik, həm də nəzəri səviyyəli tədqiqat metodları) haqqında ümumi məlumat verilir.

Tədqiqatın elmi yeniliyi – tədqiqat nəticəsində əldə edilən və tək-tək cümlələrlə ifadə edilən orijinal elmi və praktiki nailiyyətlərdir. Tədqiqatçı çalışmalıdır ki, hər bir fəsil üzrə müəyyən elmi yeniliyə nail olsun. Yeniliklər: “ümumi yanaşmalardan fərqlənir”, “daxil edir”, “tətbiq edilməklə alınmışdır”, “imkan verir” və s. kimi ifadələrlə təqdim olunur.

Tədqiqatın praktiki əhəmiyyəti – burada dissertasiyanın mahiyyətindən irəli gələn ümumi frazalarla yanaşı, onun konkret və aydın təcrübi əhəmiyyətli, tətbiq sferası və praktiki əhəmiyyəti göstərilməlidir.

Tədqiqatçının mövzu üzrə elmi əsərləri olduqda sonluqda onların siyahısı verilir. Əgər iş aprobasiya üçün qəbul edilmişsə, bu zaman tətbiq üzrə akt və arayışlar təqdim olunur.

Dissertasiyanın “Giriş”i çox əhəmiyyətli və məsuliyyətli hissədir. Belə ki, dissertasiyanın girişində tədqiqatın məzmunu, əhəmiyyəti, səviyyəsi haqqında müəyyən təsəvvürə malik olmaq olur. Dissertasiyanın “Giriş” hissəsi 4 səhifədən çox olmamalıdır.

I Fəsildə seçilmiş mövzu və ya problemin əsaslandırılmış nəzəri konsepsiyalarının icmalı əks etdirilir. Burada mövzunun ümumi məsələləri, öyrənilmə səviyyəsi, müvafiq elmi və tədris ədəbiyyatlarında, dərslik və dərs vəsaitlərində əksini tapan nəzəri konsepsiyalar, aparılan tədqiqatlar, praktikanın başlıca inkişaf meylləri təhlil edilir və onlar müəllifin tənqidi yanaşmasında qiymətləndirilir. Eyni zamanda, mövzuya metodoloji yanaşma tərzi ifadə edilir, tədqiqat obyekti və predmetinin dəqiq şərhi verilir, çatışmazlıqlar və zəif tərəflər öz əksini tapır. Tövsiyə edilir ki, tədqiqatın obyekti və predmetinin ölkəmizdə və imkan olarsa xarici ölkələrdə öyrənilmə səviyyəsi də araşdırılsın. Bir sözlə, dissertasiyanın birinci fəslindən tədqiqatın ümumi cəhətlərini, əsas istiqamətlərini aydın görmək olur.

II Fəsil konkret situasiya, proses və fəaliyyət göstəricilərinin təhlilinə həsr olunur. Bu bölmə məzmunca təhlili хarakteri daşıyır. Konkret firma, sahə və sferanın timsalında fəaliyyət praktikası tədqiq olunur, hərəkət meхanizmi açıqlanır və təhlil edilir. Təhlil zamanı tədqiq olunan sahənin vəziyyətini və dinamikasını хarakterizə edən statistik məlumatlardan, hesabat materiallarından geniş istifadə olunur. Bu bölmədə baхılan problemin tədqiqat istiqaməti üzrə konkret təhlil nəticələri əks etdirilir.

III Fəsildə müəllif tərəfindən aparılan tədqiqatın təhlilinin əsaslandırılmış nəticələri əks etdirilir, nəticələr qiymətləndirilir. Burada müvafiq hesablama və qiymətləndirməyə əsaslanan təkmilləşdirmə xarakterli metodiki və təşkilati tədbirlər təklif olunur.

Dissertasiya işindəki hər fəslin 2-dən az olmayan yarım fəsilləri olmalıdır. Zəruri elmi-metodoloji əsaslandırmalarla tədqiqatın fəsillərinin sayı artırıla bilər.

Dissertasiya işi “Nəticə” ilə sona çatır. Bu hissədə aparılmış tədqiqat işi üzrə əldə edilmiş konkret nəticələrin yığcam şərhi verilir. Müəllifin maraq doğuran təklif və tövsiyələri, gətirdiyi yeniliklər qeyd edilir. Yaxşı olar ki, nəticə və təkliflər bəndlərlə və yaxud tezis şəklində konkret olaraq göstərilsin. Ümumilikdə, nəticə və təkliflər müəllif tərəfindən qoyulan məqsəd və vəzifələrə uyğun olaraq problemin ardıcıl həllini göstərməli və tədqiqatın dolğun şəkildə bitməsini təmin etməlidir.

İstifadə edilmiş ədəbiyyat: Tədqiqat işinin yazılması prosesində müəllif müvafiq istiqamətdə mövcud mənbələrə istinad etməyə borcludur. Bunun üçün də o, istinad etdiyi və sitat gətirdiyi ədəbiyyatın siyahısını tərtib etməlidir. İstifadə edilmiş ədəbiyyat siyahısı müəyyən mənada tədqiqatın elmi mədəniyyəti, etikası deməkdir. Ədəbiyyat siyahısından magistrantın səviyyəsi, problemlə bağlı məlumatlılığı özünü göstərir. Ədəbiyyat siyahısı real olmalıdır: yalnız istifadə edilmiş ədəbiyyat siyahıya daxil edilməlidir.

Əlavələr - əlavə əhəmiyyətə malik olmaqla yanaşı, dissertasiyanın əsas mətninin tərkib hissəsidir. Əlavələr dissertasiyanın məzmununu tamamlayır. Yalnız ehtiyac olduqda dissertasiyanın məzmununa əlavələr verilir. Əlavələr müxtəlif ola bilər. Bir qayda olaraq, burada əsas hissəyə daхil edilməyən informasiya materialları (hesabat formaları, qrafiklər, sхemlər, bir sıra analitik cədvəllər və s. sənədlər) təqdim olunur. Əlavələr işin ümumi həcminin 15%-indən çoх olmamalıdır.

Xülasə - Aazərbaycan, ingilis (abstract), rus (аннотация) dillərində, hər biri ayrı səhifədə, bir vərəqdən çox olmamaq şərti ilə yazılır.