Bakı Mühəndislik Universitetinin kitabxanası

 

Dünya kitabxanaları Elektron kataloq

    Bakı Mühəndislik Universitetinin (BMU) zəngin və müasir standartlara cavab verən, beynəlxalq təcrübəyə əsaslanan kitabxanası vardır. Kitabxana ən son material və texnoloji vasitələrlə təmin olunub. Bundan başqa, kitabxana professional və mənəvi keyfiyyətlərini artırmaq üçün təhsil və tədqiqat sahəsində də fəaliyyət göstərir. Universitet tələbələrinin təhsil, tədqiqat və elm sahəsində inkişafına kömək edir.

    BMU-nun kitabxana fondunda hazırda 106 minə yaxın kitab və jurnal mövcuddur. Bunlardan 18.000-i Azərbaycan, 28.000-i türk, 32.000-i ingilis, 2000-i rus, 1000-i ərəb-fars, 150-si alman, 90-ı fransız, 103-ü ispan dilli ədəbiyyatının və digər azsaylı xalqların dillərinin (özbək, türkmən, qırğız, Ukrayna və s.) payına düşür.

    Kitabxana onlayn sistem əsasında fəaliyyət göstərir. Tələbələr və müəllimlər kitabları onlayn sifariş verməklə əldə edirlər. Sifarişlər maksimum 15 dəqiqə ərzində hazır olur. Sifarişin qüvvədə olma müddəti 24 saatdır.

    Tədris planlarında nəzərdə tutulmuş fənlərin tədrisində elektron kitabxanadan, internet materiallarından, elektron projektorlardan, video-çarxlardan, elektron lövhələrdən, Azərbaycan, ingilis və türk dillərində nəşr olunmuş dərsliklərdən, dərs və metodiki vəsaitlərdən və s. informasiya mənbələrindən istifadə olunur. Kitabxana tədris prosesində keçirilən fənlər üzrə istifadə olunan dərslik və dərs vəsaitləri ilə tələbələri ödənişsiz təmin edir. Kitabxana fondunda 5000-dən çox dərslik mövcuddur. Universitet əməkdaşları ilə yanaşı, digər müəlliflər tərəfindən nəşr olunan tədris-metodiki vəsaitlər də tədris olunan fənlərə dair informasiya mənbələrinin kifayət qədər olmasına və müasirləşməsinə səbəb olur. Universitetdə mövcud olan ixtisaslara aid kitablar öz aktuallığı ilə seçilir və tələbə-müəllim kontingenti tərəfindən istifadə olunur. Bundan əlavə, universitetimizin kitabxanası digər yerli universitetlərlə də əməkdaşlıq edir. BMU- nun kitabxanası, eyni zamanda, Web of Science və EBSCOhost adlı elektron portalların üzvüdür.