Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasında tədris edilən fənlərə uyğun olaraq laboratoriyalar mövcuddur. BP şirkətinin sponsorluğu ilə açılan bu laboratoriya Ümumi və analitik kimya, Üzvi kimya, Fiziki kimya, Kimya mühəndisliyi olaraq 4 auditoriyaya bölünüb.

    Tələbələr ilk kursdan ümumi kimya dərsində nəzəri biliklərə yiyələndikdən sonra praktiki fəaliyyətlə məşğul olur, analitik kimya, üzvi kimya, fiziki kimya, maye mexanikası kimi dərslərdə də bu tendensiya davam edir.

    Ümumi kimya laboratoriyasında Ümumi kimya fənlərinə uyğun olaraq təcrübələr aparılmaqdadır. Qeyd edək ki, laboratoriyaya giriş təhlükəsizlik qaydalarına uyğun olaraq ağ xalatda, qoruyucu eynəkdə və xüsusən xanımlar üçün saçları qapalı şəkildə mümkündür. Laboratoriya  ümumi kimyanın əsas mövzularının prinsip və anlayışlarını öyrətmək üçün nəzərdə tutulub. Bundan başqa, laboratoriya tələbələrə məlumatların yığılması və analizi, təcrübə hesabatının hazırlanması və məlumat kitablarından istifadəni aşılayır. Kurs ərzində tələbələrə laboratoriyada təhlükəsizlik texnikası qaydaları və dəqiq tədqiqat üsulları öyrədilir. Ümumi kimya fənninin tərkibində həmçinin, qeyri-üzvi maddələrin xassələri və onların çevrilmələri öyrənildiyi üçün bu sahədə olan bütün eksperimentlər praktiki fəaliyyət olaraq keçirilir, tələbələr dərsdə keçdikləri reaksiyaları laboratoriyada aparırlar.  Laboratoriyada tədris üçün lazım olan cihazlar və laboratoriya qabları vardır.

    Analitik kimya və instrumental analiz dərsinin əsas predmeti kimyəvi analizlərin və hesablamaların aparılmasıdır. Analitik kimya laboratoriyalarında tələbələr əsas olaraq titrləmə metodları, qravimetrik analizləri aparır, spektrofotometr, alov fotometri, özlülüyün təyini üçün viskozimetr kimi cihazların işləmə prinsipləri ilə tanış olurlar. Tərkibində az miqdarda su olan neft və ona bənzər üzvi maddələrin analizinin həyata keçirildiyi və suyun miqdarının dəqiq ölçülməsində istifadə olunan Karl-Fisher aparatı da analitik kimya dərslərində tədris olunur. Qarışıqların tərkibində olan heterogen maddələri çökdürmək üçün istifadə olunan sentrifuqalar digər laboratoriyalarda olduğu kimi analitik kimya laboratoriyasında da vardır və tədris zamanı aktiv şəkildə istifadə olunur. Kimya fənninin tədrisi üçün çoxlu miqdarda distillə olunmuş suya ehtiyac duyulduğunu nəzərə alaraq analitik kimya laboratoriyası distillə suyu cihazı ilə də təchiz olunub.  Bundan əlavə, laboratoriyada maddənin pH-ı təyin etmək üçün pH-metr, elektrik keçiriciliyi təyini, yüksək həssas tərəzi, qaz çıxımı ilə baş verən təcrübələri aparmaq üçün sorucu şkaf,  quruducu şkaf, yüksək temperaturlu soba, su hamamı, qızdırıcı və maqnitli qarışdırıcı cihazlar mövcuddur. Tələbələr bu cihazlardan müəllimlərin və laboratoriya assistentinin nəzarəti altında yararlanırlar. Bu laboratoriyada sintez reaksiyaları, turşu əsas titrləmələri, entalpiya və istilik çıxımı, kationların təyini, vitamin C-nin titrləmə yolu ilə qatılığının, misin yodometrik təyini kimi təcrübələr aparırlar.   

    Üzvi kimya laboratoriyasında tələbələr həm dərsdə keçdikləri sintez metodlarını və çevrilmələri öyrənir,  həm də həyata keçirilən elmi-tədqiqat işlərində çalışa bilirlər. Ən müasir sintezləri aparmaq üçün lazım olan cihazlarla təmin edilən laboratoriyalarda alınan maddələri bir-birindən ayırmaq üçün istifadə edilən qurğular da vardır. Sintez olunmuş maddələrin saflığını, ərimə və qaynama temperaturlarını laboratoriyada öyrənmək mümkündür. 

    Fiziki kimya laboratoriyasında fiziki kimya ilə bağlı tədqiqatlar etmək üçün kifayət qədər müasir cihazlar mövcuddur. Tələbələrin sərbəst işləyə biləcəyi cihazların əksəriyyəti kompüter dəstəklidir. Bu cihazlara ion mübadilə sistemi, adsorbsiya kolonları, karbon diokisid mühitində korroziyanın tədqiqi cihazı və digərləri daxildir. Dərs zamanı temperaturun ölçülməsində dəqiqlik və həssaslıq, kimyəvi tarazlıq, müxtəlif yağların emulsiyası üçün emulsiya agentlərin rolu kimi müxtəlif təcrübələr aparılır.

    Texnoloji proseslər laboratoriyası kimyəvi, fiziki, və bioloji proseslərin kompüter texnologiyası vasitəsi ilə layihələndirilməsi, istiqamətləndirilməsi, idarə olunması və optimallaşdırılması üçün nəzərdə tutulub. Bu laboratoriyada kimya mühəndisliyində çox geniş istifadə olunan kontrol və avtomatlaşdırma üçün nəzərdə tutulan sistemləri öyrənmək üçün təzyiq, temperatur, axın sürəti, maye səviyyəsi kontrolu cihazları ilə yanaşı, çirkli suların təmizlənməsi üçün istifadə olunan, əks osmos prinsipi ilə çalışan membran təmizləmə qurğusu, kimyəvi reaktor da vardır. Tələbələr sözügedən cihazlarda eksperimental hesablamalar aparmaqla sənayedə baş verən proseslərin necə getdiyini laboratoriya miqyasında müşahidə edə bilirlər.

    Təməl işləmlər laboratoriyası tələbələrə, kimya mühəndisliyinin əsas prinsiplərini öyrənməyə və praktikada yerinə yetirməyə imkan verir. Laboratoriya özündə sənaye əhəmiyyətli avadanlıqları ehtiva edir. Bu avadanlıqlara distillə kolonu (fraksiyalı və birbaşa), əks və paralel axın prinsipli istilik mübadilə sistemləri, kütlə transferi və diffuziya cihazı, ion mübadilə qurğusu, qaz absorpsiya və maye-maye və bərk-maye ekstraksiya kolonları, adsorbsiya qurğusu, konveksiyalı qurutma cihazı aiddir. Bu mexanizmlər tələbələri böyükmiqyaslı istehsal prosesləri ilə tanış etmək üçün nəzərdə tutulub. Bu laboratoriyada tələbələr qruplar şəklində işləyir və dərsdə öyrəndikləri bilikləri laboratoriya fəaliyyəti ilə möhkəmləndirirlər.

    Mexanika laboratoriyalarında tələbələr mühəndisliyin təməlində duran və sənayedə geniş tətbiq olunan cihazlarla tanış olurlar. Bernulli prinsipini öyrənmək üçün cihaz, soyutma qurğuları, buxar generatoru, turbin, inşaat materiallarının istilik keçiriciliyi cihazı, daxili yanma mühərriki, günəş panelləri sözügedən cihazlara misal ola bilər. Cihazların hər biri kompüterə bağlı olduğundan aparılan təcrübələrin hamısını kompüterlə də idarə edərək müxtəlif simulyasiyalar, hesablamalar və qrafiklər almaq mümkündür.

   BMU-da tələbələrin İKT biliklərinin zənginləşdirilməsi üçün geniş imkanlar yaradılır. Kimya mühəndisliyi tələbələri də bu imkanlardan yararlanaraq dərslərdə həm kompüter biliklərini inkişaf etdirir, həm də mühəndislikdə geniş istifadə olunan kompüter dəstəkli dizayn proqramları ilə tanış olurlar. Universitetdə yerləşən kompüter laboratoriyalarında informatika dərsinin bir hissəsi olaraq tələbələr ümumi Microsoft Office proqramlarını, Word, Excel, Powerpoint-i dərindən öyrənirlər. Bundan əlavə CAD/CAM və Proses dizayn dərsinin bir hissəsi olaraq onlar PRO2, ASPEN kimi dizayn proqramları ilə də tanış olurlar. Bu proqram vasitəsilə neft və ya kimya sənayesində genişmiqyaslı proseslərin simulyasiyası edilir.